Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı bütün sahələri əhatə edir. Son illərdə nəzərəçarpan dəyişikliklərdən biri də muxtar respublikamızın şəhər və qəsəbələrində yeni yaşayış binalarının tikilməsi, mövcud binaların yenidən qurulmasıdır.
Ötən müddətdə bu sahədə görülən işlər muxtar respublika paytaxtında da əhəmiyyətli dəyişikliklərə səbəb olub. Belə ki, paytaxt Naxçıvan şəhərində yeni yaşayış binaları tikilib, mövcud binalarda əsaslı şəkildə yenidənqurma işləri aparılıb. Bu istiqamətdə görülən işlər cari ildə də davam etdirilir.
Hazırda Naxçıvan şəhərindəki “İstiqlal” küçəsində 99 nömrəli yaşayış binasında əsaslı yenidənqurma işləri aparılır. Zirzəmi ilə birlikdə beş mərtəbədən ibarət olan binanın özülü bərkidilib, eni 3 metr artırılıb. Artırılan hissədə beton-qəlib sütunların hündürlüyü 3-cü mərtəbəyədək qaldırılıb, binanın digər hissələri isə birinci mərtəbəyədək üzlük travertin daşla üzlənib. Hazırda zirzəmi hissədə və binanın daxilində suvaq işləri aparılır, kommunikasiya xətləri yenilənir, pilləkənlərə daş döşənir. Yaxın zamanlarda pəncərələr dəyişdiriləcək, dam örtüyü yenilənəcək, binanın küncləri boyunca ucaldılmış beton-qəlib sütunlar və pəncərələrin kənarları üzlük daşla müasir memarlıq üslubunda işlənəcəkdir.
Yenidənqurma işlərindən pay düşən yaşayış binalarından biri də Əziz Əliyev küçəsində yerləşir. Buradakı 41 nömrəli beşmərtəbəli binanın zirzəmisi qısa müddətdə təmizlənib, hazırda suvaq işləri aparılır. Eyni zamanda binanın fasad hissəsində və blokların daxilində suvaq işləri davam etdirilir, elektrik, qaz, su, rabitə xətləri dəyişdirilir. Qısa müddətdə bu binanın da pəncərələri dəyişdiriləcək, fasad hissə müasir memarlıq nümunələrindən istifadə olunmaqla bəzədiləcəkdir.
Qeyd edək ki, hər iki yaşayış binasının yenidən qurulmasında “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları çalışırlar. İşlər başa çatdırıldıqdan sonra bu yaşayış binaları burada yaşayan sakinlərin rahatlığını təmin etməklə bərabər, şəhərimizə də gözəllik verəcək.
Xəbərlər şöbəsi