22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda ildən-ilə genişlənən quruculuq tədbirləri nəticəsində regionun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin siması əsaslı surətdə dəyişməkdədir. Şərur rayonu da bu baxımdan diqqətçəkən bölgələrimizdən biridir. Burada son illər aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri müxtəlif sahələri əhatə edir. İnşa olunan kənd mərkəzləri, təhsil və səhiyyə ocaqları kənd əhalisinin yaşayışına, həyat tərzinə də müsbət təsir göstərir. Belə quruculuq tədbirlərindən bölgənin iri yaşayış məntəqələrindən olan Xanlıqlar kəndinə də pay düşüb. Hazırda kənddə kompleks quruculuq işlərinə start verilib. İnşa edilən obyektlərdən biri kənd mərkəzi üçün tikilən binadır. İki mərtəbədən ibarət olacaq binanın birinci mərtəbəsində hörgü işləri başa çatdırılıb. Burada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, YAP ərazi ilk təşkilatı, poçt, ATS, mədəniyyət evi, kitabxana, arxiv, polis və baytarlıq məntəqələri üçün hərtərəfli şərait yaradılacaq.
İnşasına başlanılan daha bir ikimərtəbəli bina isə həkim ambulatoriyasıdır. Burada qəlib işlərinin quraşdırılması başa çatdırılıb, beton işlərinə başlanılıb. Həkim ambulatoriyası 14 otaqdan ibarət olacaq.
Bu il kənddə sakinlərin məişət problemlərinin həllinə kömək məqsədilə ikimərtəbəli yeni məişət evi istifadəyə veriləcək. İndiyədək kiçik məişət xidmətləri üçün rayon mərkəzinə getməyə məcbur olan kənd sakinlərinin bu problemi də həllini tapacaq. Burada dərzi sexi, bərbər otağı, qadın gözəllik salonu, ayaqqabı təmiri sexi, ət satışı dükanı, ərzaq, sənaye və təsərrüfat malları mağazaları sakinlərin xidmətində olacaq. Artıq binanın ikinci mərtəbəsində hörgü işləri aparılır.
Sakinləri sevindirən daha bir quruculuq tədbiri isə növbəti tədris ilində qapılarını müəllim və şagirdlərin üzünə açacaq məktəb binasının yenidən qurulmasıdır. Zirzəmi qatı ilə birlikdə üçmərtəbəli, 396 şagird yerlik məktəb binasında yenidənqurma işləri aparılır. Hazırda inşaatçılar məktəbin idman zalının tikintisi ilə məşğuldurlar.
Qeyd edək ki, hər dörd obyektin inşaat işləri Şərur Rayon Tikinti-Quraşdırma İdarəsinin kollektivinə tapşırılıb. İnşaatçılar üçün hərtərəfli iş şəraiti yaradılıb. Müasir layihə əsasında inşa olunan obyektlərdə yerli tikinti materiallarından istifadəyə üstünlük verilir, görülən işlər yüksək zövq və peşəkarlıqla yerinə yetirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR