23 Dekabr 2024, Bazar ertəsi

 “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində müasir texnoloji avadanlıqlar quraşdırılıb

2006-cı ildə yaradılan “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti daxili bazarın tələbatına uyğun yüksək­keyfiyyətli məhsullar istehsal edir. Özəl bölməyə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnib, Sahibkarlığa Kömək Fondundan 1 milyon 80 min manat dövlət maliyyə dəstəyi göstərilib. İllik istehsal gücü 300 min dekalitr olan zavodda Amerika Birləşmiş Ştatları, İtaliya, Çexiya və Macarıstandan alınmış avadanlıqlar quraşdırılıb, müəssisə 2008-ci ilin oktyabr ayında istifadəyə verilib. 2008-ci ilin mart ayında Sahibkarlığa Kömək Fondundan əlavə 50 min manat dövlət maliyyə dəstəyi göstərilib ki, bu vəsaitlə müəssisədə yeni istehsal sahəsi – istehsal gücü gündə 1000 kiloqram olan balığın duzlanması və qurudulması sahəsi yaradılıb.

İstehsal edilən pivənin vaxtında yerlərə çatdırılması və keyfiyyətlə saxlanılması üçün müəssisəyə “Hyundai” markalı soyuducu kamerası olan avtomobil alınıb. Bundan başqa, xammalın saxlanılması üçün 288 kvadratmetrlik anbar inşa edilib, 50 min manat dəyərində Çexiya istehsalı olan pasterizator avadanlığı alınıb quraşdırılıb. Bu da istehsal edilən pivəni 6 ayadək saxlamağa imkan verir.

Müəssisədə daha bir istehsal sahəsinin yaradılması – sərinləşdirici içkilərdən kvas və limonad istehsalı üçün Sahibkarlığa Kömək Fondundan 2011-ci ilin avqust ayında 300 min manat güzəştli kredit ayrılıb, müasir tələblərə cavab verən istehsal sahələri inşa olunub. Burada gündə­lik istehsal gücü 1 ton olan müasir texnoloji avadanlıqlar quraşdırılıb, 2012-ci ilin mart ayından kvas istehsalına başlanılıb. Kvas istehsalı üçün lazım olan xammal Rusiya Federasiyasından alınır, maqneziumsuz su isə Kəngərli rayonunun Çalxan­qala kəndindəki bulaqlardan xüsusi maşınlarla daşınır. Xammal qaynadılmış su ilə xüsusi avadanlıqlarda qarışdırılır, ayrı-ayrı çənlərdə 3 gün müəyyən olunmuş temperaturda saxlandıqdan sonra istehsala buraxılır. Gürcüstan Respublikasından limonad istehsalı sahəsində qabaqcıl təcrübəyə malik mütəxəssislər cəlb olunmaqla limonad istehsalına başlanılıb, istehsal sahəsi genişləndirilərək çeşidlərin sayı 5-ə çatdırılıb.
Onu da qeyd edək ki, “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində mütəmadi olaraq istehsal prosesi təkmilləşdirilir, daha müasir texnoloji avadanlıqlar tətbiq edilir, istismar müddəti başa çatan avadanlıqlar yenisi ilə əvəz olunur. Cari ildə pivə və limonad istehsalı sahələrində Rusiya Federasiyasından alınan, istehsal gücü saatda 2 min ədəd şərti butulka olan müasir texnoloji avadanlıqlar quraşdırılıb, tam avtomatlaşdırılmış yeni istehsal xətləri istifadəyə verilib. Həmçinin Almaniyadan pivənin süzülməsi üçün separator və pivənin soyudulması üçün kompressor, Macarıstandan hər birinin tutumu 10 ton olan, paslanmayan materialdan hazırlanmış qıcqırtma çənləri, Türkiyədən buxar qazanı alınıb gətirilərək quraşdırılıb.
10 çeşiddə pivə istehsal etmək imkanı olan müəssisədə hazırda açıq və tünd olmaqla, 2 çeşiddə pivə istehsal olunur. İstehsal edilən pivə 0,33, 0,5 litrlik şüşə, 1 litrlik plastmas və 25, 50 litrlik çəlləklərdə, kvas 0,5, 1 litrlik plastmas, 25, 50 litrlik çəlləklərdə, limonad isə 0,5, 1 litrlik plastmas butulkalarda “Prestij” tanıtım nişanı ilə satışa çıxarılır. Onu da qeyd edək ki, müəssisədə texniki təhlükəsizlik və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. İstehsal prosesindən sonra mütəmadi olaraq avadanlıqlara texniki qulluq göstərilir. Anbarlarda yerləşən çənlər isə hər dəfə boşaldılaraq natrium-hidroksid, fosfat və sirkə turşusu ilə yuyulub təmizlənir.
Yeni istehsal sahələrinin yaradılması və mövcud istehsal sahələrinin genişləndirilməsi ilə əlaqədar olaraq müəssisədə 10, xidmət sahələrində isə 50 yeni iş yeri açılıb. Ümumilikdə, müəssisədə 35, xidmət sahələrində isə 200 nəfərdən çox işçi çalışır ki, onlara da normal iş şəraiti yaradılıb, işçilər xüsusi geyim formaları, yüksək əməkhaqqı, gündə bir dəfə isti yemək və servis xidməti ilə təmin olunublar.
Daxili bazarı yüksəkkeyfiyyətli məhsullarla təmin etmək əzmi ilə çalışan kollektiv cari ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə çox məhsul istehsal edib. Müəssisədə istehsal olunan məhsulların ölkəmizin digər regionlarında da satışa çıxarılması planlaşdırılır.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR