23 Dekabr 2024, Bazar ertəsi

Bu yaxınlarda Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində göycə festivalı keçiriləcək. Yəqin ki, diqqətli oxucularımız “Şərq qapısı” qəzetinin 22 may 2013-cü il tarixli nömrəsində Naxçıvan göycəsi haqqında dərc olunan yazını yaxşı xatırlayır. Həmin yazıda Naxçıvan göycəsinin tanıdılması, brend məhsula çevrilməsi üçün muxtar respublikada “Göycə festivalı” keçirilməsi arzusunu dilə gətirmişdik. Qeyd etmişdik ki, ölkəmizdə və dünyada belə bir təcrübə vardır. Məsələn, Göyçayda “Nar”, Türkiyənin Antalya şəhərində “Portağal”, Adana şəhərində “Qarpız” festivalları keçirilir. Artıq muxtar respublikamızın inkişafı, burada yaradılan müasir infrastruktur imkan verib ki, Naxçıvanda da “Göycə festivalı” keçirilsin. Biz yenidən göycə mövzusuna qayıdaraq bu barədə oxucularımıza maraqlı məlumatlar vermək istəyirik. 

Hər şeydən əvvəl onu qeyd etməliyik ki, dünyanın heç bir yerində yetişdirilməyən bu neməti tanıtmaq borcumuzdur. Necə ki banan, kivi, ananas dünyada məşhur olan meyvələrdəndir, Naxçıvan göycəsi də bu sırada yer tutmağa layiqdir. Çünki yaşı 300-400 ilə çatan göycə yalnız Naxçıvanda yetişir. Düzdür, Azərbaycanın digər bölgələrində də müxtəlif növlü alça ağacları vardır. Ancaq alçanın Naxçıvanda yetişən göycə növünün görünüşü və dadı tamamilə fərqlidir.
Bəs göycə necə yetişdirilir? AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutundan əldə etdiyimiz məlumata görə, göycə aborigen çəyirdəkli meyvə növlərinə aiddir. Həmin növün Naxçıvan Muxtar Respublikasında 10-dan çox forması aşkar edilmişdir. Ən çox düzənlik və orta dağlıq ərazilərdə becərilən bu meyvə tez yetişir. Orta hündürlükdə (2,5-3,5 metr) ağac yazda yarpaq açmamışdan əvvəl çiçəkləyir. Meyvələri mayın ortalarında yeyilməyə başlayır. İlk vaxtlar turş olsa da, getdikcə şirinləşir, iyunun axırı, iyulun ortalarında tam yetişir. Çoxillik ağaclar, adətən, 10-25 il normal məhsul verir. Hər bir ağacdan ildə, təqribən, 50 kiloqrama qədər məhsul toplanılır. Onu da qeyd edək ki, ağaclar şaxtaya dözümlüdürlər. Göycə, adətən, calaq üsulu ilə çoxaldılır. Calaqaltı kimi çəyirdəkli meyvələrin tinglərindən istifadə edilir. Calaqetmədə albuxara ağacından istifadə etdikdə meyvələri nisbətən iri və şirin, badam ağacına calaq edildikdə isə ağacları uzunömürlü olur.

Göycənin müalicəvi əhəmiyyəti də olduqca böyükdür. Həkimlərin dediyinə görə, göycədə C vitamini çoxdur. Kirəcləşmiş damarların açılmasında göycə xüsusi əhəmiyyət daşıyır.
Onu da qeyd edək ki, “göycə” sözü yalnız Naxçıvan dialektinə aid olan sözdür. Yəni göycə Naxçıvandan başqa yerdə bitmədiyi kimi, bu söz də bu bölgədən başqa heç bir yerdə işlənmir; ədəbi dildə də rast gəlinmir. “Göycə” sözündəki “göy” sözü yeni, təzə mənasını ifadə edir. Muxtar respublikada yazın ilk yetişən meyvələrindən biri olduğuna görə bu meyvəni “göycə” adlandırıblar.
Bu gün muxtar respublikamızın rayonlarında göycədən yaxşı gəlir götürənlər az deyil. Muxtar respublikanın ticarət obyektlərində indi göycə bolluğu var. Alıcısı da başının üstündə.
Bu gün hər hansısa bir sahibkar göycə bağları salmaqla, bu meyvənin qablaşdırılması ilə məşğul olan müəssisə yaratmaqla xeyli gəlir götürə bilər. Hələ bizdə göycə yetişməmişdən xarici ölkələrdən gətirilərək “od qiymətinə” satılan alçaların dadı hamıya məlumdur. Ancaq baha da olsa, bu məhsula pul xərcləyirik. Öz torpaqlarımızda göycə yetişdirmək imkanları yetərincədir. Göycə bağları salınarsa, məhsul bolluğu yaranarsa, həmin məhsulları soyuducu anbarlarda saxlayıb ilin müxtəlif dövrlərində satışa çıxarmaq olar. Ancaq biz bəzi məhsulları tənbəllik ucbatından kənardan gətirilən xarici görünüşü gözəl, lakin keyfiyyətsiz məhsullarla əvəz etmişik.
İnanırıq ki, öz dad-tamı ilə seçilən göycəni biz bütün dünyada tanıdacağıq. Elə bu günlərdə keçiriləcək festival da bu nemətin tanıdılmasında mühüm rol oynayacaq.

Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR