23 Dekabr 2024, Bazar ertəsi

Tərkibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olan balıq məhsullarının insanların qidalanmasında böyük əhəmiyyəti var. Bu qəbildən olan məhsulların əksəriyyəti adi şəraitdə uzun müddət keyfiyyətli saxlanıla bilmir. Belə məhsulların saxlanılma müddətini artırmaq üçün onları müxtəlif üsullarla konservləşdirirlər. Balıq məhsullarının konservləşdirilməsində fiziki, fiziki-kimyəvi, kimyəvi və biokimyəvi metodlardan istifadə edilir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən balıq konservlərinin qablaşdırılmasına, satış şəraitinə və digər amillərə ciddi nəzarət olunur. Bu məhsulların konservlərini alarkən onların qablaşdırılmasına, satış şəraitinə və bəzi amillərə diqqət yetirmək vacibdir.
İstehlakçılar tərəfindən geniş istifadə edilən balıq konservlərinin ticarət şəbəkəsində ən müxtəlif çeşidləri realizə olunur. Təbii konservləri təbii tamını, qoxusunu dəyişən məhsullar əlavə etmədən öz şirəsində, bulyonunda, yeyinti konservlərini isə tomat sous, yağ və digər əlavə edilməklə hazırlayırlar.
Balıq konservləri metal, yaxud da şüşə bankalarda qablaşdırılır. Bu konservlər iri balıqların tikələrindən və xırda balıqlardan hazırlanır.

Metal bankalara yan tərəfdən, yaxud qapağın üstündən litoqrafiya üsulu və ya su aparmayan rənglə məhsulun istehsal, son istifadə tarixi həkk olunur. Eyni zamanda qablaşdırmanın üzərinə yapışdırılan kağız etiketdə istehsalçının adı, ünvanı, əmtəə nişanı, məhsulun qida dəyəri, saxlanma müddəti və digər məlumatlar əksini tapmalıdır.
Konservləri ticarət şəbəkəsində müxtəlif müddətlərdə 20ºC-dək olan temperaturda 75 faizdən çox olmayan nisbi rütubətdə saxlamaq olar. Belə ki, konservlərin optimal temperaturda saxlama müddəti onların növündən asılıdır. Məsələn, yağda hazırlanan balıq konservləri tomatlı konservlərdən daha yaxşı saxlanıldığına görə, onları normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq 0-15º temperaturda 75 faiz nisbi rütubətdə 2 ilə qədər saxlamaq olar. Tomatda olan balıq konservləri isə 0-5º temperaturda 18 aydan artıq olmayaraq saxlanıla bilər. Ümumilikdə isə qida üçün hazır olan və hermetik qablarda daha çox saxlanıla bilən məhsullardan olan balıq konservlərinin saxlama müddəti məhsulun növündən, istehsal texnologiyasından, qablaşdırılmasından və saxlama şəraitindən asılı olaraq 6 aydan 3 ilədək müəyyən edilir.
Balıq konservləri sterilizə olunmuş, hermetik qabda yerləşdirilən, istifadəyə hazır və müəyyənləşdirilmiş müddətədək saxlanılarkən keyfiyyətini itirməyən məhsuldur. Bu konservlər özünəməxsus dada və qida dəyərlərinə malikdir. Çünki hazırlanarkən balığın yeyilməyə yararsız hissələri kəsilib götürülür. Ona tam gətirən ədviyyatlar və bitki yağları əlavə olunur.
Balıq konservləri alarkən istehlakçıların bir sıra məsələlərə diqqətlə yanaşması zəruridir. Çünki keyfiyyətsiz balıq və balıq məhsullarının istehlakı sağlamlığımız üçün ciddi fəsadlar yarada bilər. Bunun baş verməməsi üçün balığın keyfiyyətinə, saxlanma şəraiti və müddətinə xüsusi fikir verilməlidir. Bu məhsulları alarkən onların markalanmasında olan məlumatları diqqətlə nəzərdən keçirmək lazımdır.
Qeyd edək ki, balıq konservləşdirilmiş metal qablarda bombajlar (qabarmalar), batıqlar və pas olduqda onları almaq olmaz.
Muxtar respublika ərazisində ərzaq məhsullarının pərakəndə satışını həyata keçirən ticarət və ictimai iaşə obyektlərində aldığınız hər hansı bir ərzaq məhsulunun satışı və istifadəsi zamanı hüquqlarınızın pozulması hallarına rast gəldiyiniz zaman Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə müraciət edə bilərsiniz.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR