23 Dekabr 2024, Bazar ertəsi

– Qonşu, benzin tapsan, bizi də apar. Sübh tezdəndən gedək Nehrəmə, ya da Cəhriyə. Görək, 1-2 kiloqram ət ala bilərik? Bu, təkcə mənim və qonşularımın deyil, 90-cı illəri yaşayan hər kəsin gündəlik qayğısı, problemi idi. İnsanlar ərzaq qıtlığı ilə üz-üzə qalmışdı. Bir təsərrüfatsızlıq hökm sürür, əkinçilik və heyvandarlıqla məşğul olan kəndli belə, əsas məşğuliyyətindən uzaq düşmüşdü. Naxçıvandan başlanan, sonra ölkəmizin digər regionlarında tətbiq edilən aqrar islahatlar öz bəhrəsini verdi, MDB məkanında belə, bu müsbət təcrübədən istifadə olundu. Ayrı-ayrı sahələrin inkişafı ilə bağlı dövlət proqramları qəbul edildi, icrası təmin olundu. 

Muxtar respublikamızda digər sahələrdə olduğu kimi, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi, daxili bazarın keyfiyyətli yerli ərzaq məhsulları ilə təminatında mühüm rol oynayan ətlik-südlük istiqamətli heyvandarlıq təsərrüfatlarının yaradılmasına və mövcud təsərrüfatların genişləndirilməsinə əlverişli şərait yaradıldı. Heyvanların cins tərkibinin yaxşılaşdırılması tədbirləri davam etdirildi, muxtar respublikaya, ümumilikdə, 1937 baş damazlıq cins mal-qara gətirilərək lizinq yolu ilə satışı həyata keçirildi. Heyvanların cins tərkibinin yaxşılaşdırılması təkcə xaricdən alınıb gətirilən mal-qara ilə məhdudlaşmadı. “Bərəkət” Məhdud Məsuliyyətli Cəmiyyətinin damazlıq təsərrüfatında yerli şəraitə uyğunlaşdırılmış damazlıq düyələr təsərrüfatlara verildi. Baytar texniklər süni mayalandırma avadanlıqları və texnika ilə təmin olundu.

Ətlik və südlük maldarlığın inkişafı istiqamətində 40 mindən yuxarı toxum preparatları gətirilərək yerli cins mal-qarada süni mayalanma aparıldı. Ümumilikdə, 2008-2015-ci illər ərzində muxtar respublikada 43 min 132 baş mal-qara mayalandırıldı və 28 min 760 baş sağlam bala alındı. Bu dövrdə muxtar respublikada yeni yaradılan və genişləndirilən heyvandarlıq təsərrüfatlarının sayı 275-ə çatdırıldı. İri heyvandarlıq təsərrüfatları ilə yanaşı, fərdi təsərrüfatlarda da artım müşahidə olundu.
Artıq – yemə çəkdiyim xərci çıxarmır, – deyib heyvandarlıqdan uzaq düşən kəndlinin təsərrüfatında Almaniya, Avstriya, Türkiyə və İran İslam Respublikasından alınıb gətirilmiş ətlik, südlük cins mal-qara var.
Muxtar respublikada ət, süd və digər ərzaq məhsulları istehsal edən müəssisələrin modernləşdirilməsi və bu sahədə yeni müəssisələrin yaradılması istiqamətində Sahibkarlığa Kömək Fondu tərəfindən müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət maliyyə dəstəyi göstərilir. “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən yaradılan, heyvandarlığın inkişafında mühüm rol oynayan, istehsal gücü saatda 3-3,5 ton və istehsal gücü saatda 10 ton olan 2 qarışıq qüvvəli yem istehsalı sahəsinin, Şərur rayonunda gündəlik istehsal gücü 10 ton olan qarışıq yem və Culfa rayonunda gündəlik istehsal gücü 500 kiloqram olan yem istehsalı sahələrinin fəaliyyətə başlaması heyvandarlıq təsərrüfatlarının inkişafında mühüm rol oynayıb.
Ətlik-südlük heyvandarlıq təsərrüfatlarının illik qüvvəli yemə tələbatı 50 min tondan çox olan muxtar respublikamızda bu müəssisələrin istifadəyə verilməsi ilə qüvvəli yemə olan tələbat 100 faiz ödənilib, idxaldan asılılıq tamamilə aradan qaldırılıb. Bu sahənin gələcək perspektiv inkişafı da diqqət mərkəzində saxlanılır.
Ümumilikdə, aqrar sahədə aparılan tədbirlər ərzaq zənbilimizin əsasını təşkil edən ət, süd və süd məhsullarının artımına da müsbət təsir göstərir. 2015-ci ildə 2008-ci ilə nisbətən ət istehsalı diri çəkidə 8658 ton artaraq 25 min 296,6 tona, süd istehsalı 8201,3 ton artaraq 80 min 243,6 tona çatdırılıb.
Heyvandarlıq təsərrüfatlarını yerli şəraitə uyğunlaşdırılmış məhsuldar cins mal-qara ilə təmin edən “Bərəkət” Məhdud Məsuliyyətli Cəmiyyətinin damazlıq təsərrüfatı bu sahənin inkişafında mühüm rol oynayıb. Özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnib, damazlıq istiqamətli heyvandarlıq təsərrüfatının yaradılması üçün Babək rayonunun ərazisində, Naxçıvan-Culfa magistral avtomobil yolunun kənarında torpaq sahəsi ayrılıb. Heyvandarlıq təsərrüfatında mal-qaranın bəslənilməsi üçün 6 bina inşa olunub. Həmin binalarda Türkiyə istehsalı olan kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş müasir texnoloji avadanlıqlar quraşdırılıb, binanın təmizlənməsi, mal-qaranın yemlənməsi və suvarılması üçün tam avtomatlaşdırılmış xətt istifadəyə verilib, havalandırma sistemi qurulub. Onu da qeyd edək ki, heyvandarlıq təsərrüfatları əvvəllər qarışıq qüvvəli yemi xaricdən alıb əlavə daşınma xərci çəkir, vaxt itkisi ilə üzləşirdilərsə, artıq muxtar respublikamızda yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması ilə bu problem aradan qaldırılıb. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti vasitəsilə Almaniya, Avstriya, Türkiyə və İran İslam Respublikasından alınıb gətirilən “Holştin Friz”, “Simmental” və “Şvis” cinsdən olan damazlıq düyələr kompleksdə yerli şəraitə uyğunlaşdırıldıqdan sonra digər heyvandarlıq təsərrüfatlarına və fərdi sahibkarlara lizinq yolu ilə satılır. Damazlıq düyələr 3200 manat qiymətləndirilir ki, onun da 20 faizi ilkin, qalan məbləğ isə sonrakı 3 il müddətində mərhələlərlə ödənilir. Hazırda kompleksdə 342 baş “Holştin Friz”, 452 baş “Simmental”, 13 baş “Şvis” cinsi olmaqla, 339 baş inək, 196 baş buzov, 130 baş dana, 82 baş düyə və 60 baş cöngə bəslənilir. Təlimata uyğun olaraq müəyyən olunmuş şəraitdə bəslənilən mal-qaranın sağlamlığı baytar-həkim tərəfindən daim nəzarətdə saxlanılır.
Heyvandarlıq kompleksinin qaba və yaşıl yemə olan tələbatının ödənilməsi üçün əlverişli şərait yaradılıb. Əl əməyinin yüngülləşdirilməsində və əkin-biçin kampaniyasının mütəşəkkil keçirilməsində mühüm rol oynayan texnika və texnoloji avadanlıqların alınması da diqqət mərkəzində saxlanılıb. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən traktor, kotan, toxuməkən, toxumsəpən, toxumtəmizləyən, qarğıdalıbiçən, kanal və moraaçan alınıb. Kənd təsərrüfatı texnikalarından səmərəli istifadə edilməklə ayrılmış sahələrdə yonca, arpa və silos üçün qarğıdalı əkini keçirilir, qaba və yaşıl yemə olan tələbat daxili imkanlar hesabına ödənilir. Sahələrdən toplanan qaba və yaşıl yem kompleksin ərazisində qurulmuş çardaqlarda saxlanılır ki, bu da heyvanların qidalanmasında vacib şərtdir. Əks təqdirdə, açıq havada, qar, yağış altında saxlanılan yaşıl yem kiflənər və bu yemlə qidalanma döl kampaniyasına mənfi təsir göstərər, sahibkarın bir il ərzində çəkdiyi xərc hədər gedər.
Hazırda 270 baş sağmal inək bəslənilən kompleksdə süd sağımı üçün də əlverişli şərait yaradılıb, burada iki sex tikilib istifadəyə verilib. İstər sağıma hazırlıq, istərsə də sağım prosesi sanitar-gigiyenik qaydalara ciddi əməl olunmaqla aparılır. Bir nömrəli süd sağımı sexində eyni vaxtda 24, iki nömrəli süd sağımı sexində isə 40 baş inəyin 12-13 dəqiqəyə sağılması son model avadanlıqlarla aparılır.
“Bərəkət” Məhdud Məsuliyyətli Cəmiyyətinin damazlıq təsərrüfatının ərazisində salınmış, damcı üsulu ilə suvarılan, 18 hektar sahəni əhatə edən meyvə bağında alma, armud, ərik, gilas, cəviz, gavalı, şaftalı, heyva, fıstıq tingləri olmaqla, ümumilikdə, 10 minə yaxın meyvə ağacı ərsəyə gətirilib.
Kompleksdə istehsal olunan məhsulların, necə deyərlər, alıcısı da başının üstündədir. Son illər tikilib istifadəyə verilən, yerli xammalla işləyən kənd təsərrüfatı təmayüllü emal və sənaye müəssisələri istehsalçıların alıcı problemi ilə üzləşməsinə imkan vermir. Hər inəkdən orta hesabla gündəlik 20-25 litr süd sağılır ki, bu məhsul da xüsusi çənlə təmin olunmuş maşınlarla “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə, ətlik mal-qara “Bərəkət” Ət Məhsulları Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətinə, barverən meyvə ağaclarından mövsümdə toplanan məhsul isə “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilir. Emal müəssisələrində istehsal edilən, ət, süd, süd məhsulları və meyvə nektarları alıcılar tərəfindən rəğbətlə qarşılanır. Təbii ki, bu da heyvandarlıq təsərrüfatının maliyyə imkanlarını artırır, ildən-ilə genişlənməsinə əlverişli şərait yaradır.
Bir vaxtlar Naxçıvan bazarında özünə yer tutan, xaricdə istehsal edilmiş, mənşəyi məlum olmayan kərə yağı, qatıq, ayran, meyvə şirələrinin yerini indi yerli xammaldan istifadə olunmaqla istehsal edilən “Bərəkət”, “Badamlı” tanıtım nişanı ilə satışa çıxarılan, yüksək keyfiyyəti ilə seçilən Naxçıvan məhsulları tutub.
“Bərəkət” Məhdud Məsuliyyətli Cəmiyyətinin damazlıq təsərrüfatı daxili bazarı yüksəkkeyfiyyətli yerli ərzaq məhsulları ilə təmin etməklə bərabər, əhalinin məşğulluğunun təmin olunmasına da əlverişli şərait yaradıb. Hazırda kompleksdə 42 nəfər çalışır ki, onlar da yüksək əməkhaqqı, xüsusi geyim formaları, isti yemək və servis xidməti ilə təmin olunublar.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR