23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası və yenidən qurulmasına əlverişli şərait yaradıb. 

Bu istiqamətdə işlər ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Pro­qramı”na uyğun olaraq, ölkəmizdə, o cümlədən muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yeniləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verib. Naxçıvan-Sədərək, Naxçıvan-Culfa, Naxçıvan-Şahbuz-Batabat magistralı, Naxçıvan dairəvi avtomobil yolu, Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, Çeşməbasar-Boyəhməd və Hacıvar-Sirab-Vayxır avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Təkcə bir faktı qeyd edək ki, son 19 ildə muxtar respublikamızda 3221 kilometr uzunluğunda yeni avtomobil yolu salınıb ki, bu da 1924-1995-ci illər ərzində salınmış 1320 kilometr uzunluğunda avtomobil yollarından 2,4 dəfə çoxdur. Ötən ildə də bu istiqamətdə işlər uğurla davam etdirilib, 32 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu yenidən qurulub.

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin Baş direktoru Bəhruz Əsgərov bizimlə söhbətində qeyd etdi ki, yol təsərrüfatının yenidən qurulmasında əsas amil olan keyfiyyətli asfalt istehsalı üçün möhkəm zəmin yaradılıb, müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilib. Avtomobil Yolları Dövlət Şirkəti və onun tabeliyində olan Yol İstismar idarələrinin maddi-texniki bazası möhkəmləndirilib, şirkət istehsal olunan asfaltın vaxtında yerlərə çatdırılması və asfalt-beton örtüyünün keyfiyyətlə salınması üçün müasir mexanizmlərlə təmin olunub. Bu da, təbii ki, genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilən muxtar respublikamızda yol infrastrukturunun yenidən qurulmasına, həmçinin ayrı-ayrı yaşayış məntəqələrində tikilib istifadəyə verilən inzibati və sosial obyektlərin ətrafına asfalt-beton örtüyün salınmasına imkan verib.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti və onun tabeliyində olan Yol İstismar idarələrinin kollektivləri respublika və yerli əhəmiyyətli yollarda əsaslı və cari təmir işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə səy göstərir, kəndarası və kəndlərarası yolların müasir standartlara uyğun qurulmasını diqqət mərkəzində saxlayır. Cari ildə də bu istiqamətdə işlər uğurla davam etdirilib, Babək rayonunun ucqar dağ və sərhəd kəndi olan Gərməçataq kəndinə yeni avtomobil yolunun çəkilişinə başlanılıb. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin müasir maşın-mexanizmləri və təcrübəli inşaatçılarının cəlb olunduğu obyektdə inşaat işləri vaxtında və keyfiyyətlə aparılıb, Cəhri-Buzqov avtomobil yolundan Gərməçataq kəndinədək yeni avtomobil yolu çəkilib. Layihəyə uyğun olaraq eni 6 metr, uzunluğu 6 kilometr olan yeni avtomobil yolunda torpaq işləri başa çatdırılıb, selötürücülər tikilib, suötürücü borular salınıb, boru başlıqları betonlanıb. Yola qum-çınqıl qatı verilərək torpaqbərkitmə işləri aparılıb. Hazırda asfalt-beton örtüyün salınmasına hazırlıq görülür.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR