23 Dekabr 2024, Bazar ertəsi

Bəs bəzi yerlərdə torpaqlardan nə üçün düzgün istifadə edilmir?

Ötən əsrin 90-cı illərinin əvvəllərində ulu öndər Heydər Əliyevin təşəbbüsü və böyük səyləri hesabına ictimai təsərrüfatlarda olan torpaqların özəlləşdirilməsinə başlanılması dövrün ən böyük və yaddaqalan hadisələrindən biri oldu. Bu prosesə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gal və Şurud kəndlərindən start verildi. Görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi bu strategiya mərhələ-mərhələ həyata keçirildikcə insanlar görürdülər ki, bu layihə zamanın tələbidir. 

Sonrakı dövrlərdə davam etdirilən bu prosesin ilk mərhələsi 2000-ci ildə başa çatdırıldı. 205 kəndi, 132 kolxoz, sovxoz və birlikləri əhatə etməklə aparılan torpaq islahatları nəticəsində 72 min 758 ailəyə və ya 241 min 46 nəfərə torpaq sahəsi verildi. Muxtar respublikada yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması, əkinçiliyin və heyvandarlığın inkişaf etdirilməsi, güzəştli şərtlərlə kreditlərin verilməsi məhsul istehsalının artmasına və nəticə etibarı ilə ərzaq təhlükəsizliyinin təmin olunmasına istiqamətləndirilib. Bəs bu gün torpaq mülkiyyətçiləri bu qiymətli sərvətlərdən necə istifadə edirlər? Dövlətimizin iqtisadi siyasətinin dolğun formada, günün tələbləri səviyyəsində həyata keçirilməsində böyük məsuliyyət daşıyan torpaq mülkiyyətçilərinə, sahibkarlara aidiyyəti qurumlar tərəfindən hansı köməkliklər göstərilir?

Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən rayonların əkin atlasları hazırlanaraq müvafiq icra hakimiyyətlərinə göndərilib. Həmin atlaslarda hər bir bələdiyyənin torpaq xəritəsi, kənd təsərrüfatına yararlı torpaq sahəsinin qida maddələri ilə təmin­olunma kartoqramı və cədvəli öz əksini tapıb, atlasların bələdiyyələrə verilməsi tövsiyə olunub. Bu tədbirin hansı səviyyədə həyata keçirildiyini, torpaq mülkiyyətçiləri arasında maarifləndirici tədbirlərin necə aparıldığını öyrənmək məqsədilə muxtar respublikanın bir neçə rayonunda müşahidələr apardıq. Bələdiyyə sədrləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, torpaq mülkiyyətçiləri ilə həmsöhbət olduq. İlk müşahidəmizi muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda apardıq. Məlumat üçün bildirək ki, rayonun ümumi ərazisi 87 min 226 hektardır. Bunun 42 min 150 hektarı dövlət, 30 min 862 hektarı bələdiyyə, 14 min 214 hektarı isə xüsusi mülkiyyətə daxildir. Torpaqlardan səmərəli istifadə edilməsi üçün həyata keçirilən tədbirlər əkin dövriyyəsinin genişlənməsinə səbəb olub və bu tədbirlər davam etdirilir.
Ərazidə şoranlaşmaqda olan, qrunt sularının üzə çıxması nəticəsində çəmənləşən, şoranlaşan örüş sahələri, istifadə olunmayan torpaqlar da vardır. Dağ və dağətəyi zonalarda torpaqların eroziyaya uğraması, düzən zonalarda isə müəyyən səbəblərdən şoranlaşma faktları mövcuddur.
Aidiyyəti qurumlar tərəfindən ərazidə olan eroziyaya uğramış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlar müəyyən edilərək xəritələşdirilib, onların əkin dövriyyəsinə daxil edilməsi məqsədilə tədbirlər müəyyənləşdirilib. Kəndlərdə torpaq mülkiyyətçiləri arasında vaxtaşırı maarifləndirici tədbirlər keçirir, torpaqlardan düzgün istifadə qaydalarını izah edirlər. Şoranlaşmanın qarşısının alınması məqsədilə son aylarda Püsyan, Tumaslı, Diyadin, Alışar, Kərimbəyli, Dəmirçi, Danyeri, Xanlıqlar kəndlərində belə tədbirlər təşkil olunub. Muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramına uyğun olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri ilə birlikdə rayonun kəndlərində meyvəçilik və tərəvəzçilik üçün daha əlverişli olan sahələr, o cümlədən sututarlara yaxın ərazilər, çay vadilərində istifadəsi mümkün olan, lakin müəyyən səbəblərdən istifadə edilməyən yerlər müəyyənləşdirilib və əkin dövriyyəsinə daxil olunması üçün işlər görülüb. İndiyədək 220 hektardan artıq belə torpaq sahəsi müəyyənləşdirilib və kəndlər üzrə elektron xəritələrin üzərinə köçürülüb.
Bir məsələni də qeyd edək ki, islahatlar zamanı bələdiyyələrə də gələcək perspektiv üçün kifayət qədər torpaq sahəsi ayrılıb. Bu torpaqlardan da əkinçilik üçün istifadə edən kəndlər var. Məsələn, rayonun Çomaxtur kəndində bələdiyyə fondunda olan 7 hektar sahə 14 nəfərlə müqavilə bağlanılaraq icarəyə verilib. Həmin torpaqlardan əkin atlasına uyğun istifadə edilməsi diqqətdə saxlanılır.
Ancaq rayona göndərilmiş əkin atlasında öz əksini tapan torpaq sahələrinin qida maddələri ilə təmin­olunma kartoqramına bəzi bələdiyyələrdə rast gəldik. Qənaətimiz belə oldu ki, bu kartoqramların verilmədiyi yaşayış məntəqələrində torpaqlardan dədə-baba qaydası ilə istifadə olunur. Bu isə müasir və mütərəqqi əkinçilik metodlarına uyğun deyil. Ona görə ki, əkinçiliklə məşğul olan bəzi gənclər torpağın dilini o qədər də yaxşı bilmirlər. Əkin atlası bu sahədə onlara yaxın köməkçi ola bilər.
Culfa rayonunda da torpaqlardan səmərəli istifadə olunması vəziyyəti qənaətbəxşdir. Bu bölgədə 7 min 749 hektar sahə xüsusi mülkiyyətə verilib. Həmin sahənin 120 hektarı Əbrəqunus kəndinin payına düşüb. Kənd tam orta məktəbinin müəllimi Fəxrəddin Səfərov həm də təcrübəli təsərrüfatçıdır. Ondan əkin atlasından istifadəyə münasibətini soruşduq: ­
– Çoxları belə düşünür ki, bu kənddə böyüyüb, kəndin hansı ərazisində hansı əkinçilik məhsulları yetişdirilməsini də yaxşı bilir. Əslində, belə deyil. Torpaq da qüvvə istəyir ki, bol məhsul yetişdirə bilsin. 30-40 il müntəzəm olaraq əkilən torpaqda isə belə qüvvə qalmayıb, onun gücü tükənib. Əkin atlasına əməl etməklə həmin torpaqlarda bol məhsul yetişdirmək mümkündür.
Rayonun Kırna, Göydərə, Xanəgah, Qazançı kəndlərində də bunu müşahidə etdik. Lakin bu yaşayış məntəqələrində maarifləndirici tədbirlər çox az hallarda, o da tədbir keçirmək xatirinə təşkil edilib.
Babək rayonunda gördüklərimiz heç də ürəkaçan olmadı. Rayonda 13 min 58 hektar sahə xüsusi mülkiyyətə verilib. Bu bölgənin torpaq mülkiyyətçiləri Naxçıvan şəhərinin meyvə-tərəvəz məhsulları ilə təminatında böyük rol oynayırlar. Xüsusi mülkiyyətə verilmiş torpaqlardan istifadə isə hər yerdə qənaətbəxş deyil. Çünki müşahidələr apardığımız Sirab, Zeynəddin, Məzrə, Vayxır, Xal-xal, Nəzərabad, Didivar, Uzun­oba, Şıxmahmud, Xəlilli kəndlərinin heç birinə əkin atlasında öz əksini tapan kartoqramlar verilməyib. Bəzi yaşayış məntəqələrində əkilməyən torpaq sahələrinə də rast gəldik. Belə izah etdilər ki, əkin kampaniyası hələ davam edir. Buna, bəlkə də, inanmaq olar. Ancaq Sirab və Məmmədrzadizə kəndlərində bəzi sahələrin neçə illərdir, əkilmədiyini görəndə bu fikirdən daşındıq. Həmin sahələrin əkilmədiyinin səbəbini öyrənmək istədik. Yüz cür bəhanə gətirdilər.
Qısa müşahidələrdən sonra gəldiyimiz nəticə belə oldu ki, muxtar respublikanın torpaq mülkiyyətçiləri onlara verilmiş torpaq sahələrindən səmərəli istifadə etməyə maraqlıdırlar. Çünki torpaq həmişə kənd adamının halal qazanc mənbəyi olub. Bu gün də belədir. Ondan səmərəli istifadə edənlər həmişə ruzi-bərəkət sahibinə çevrilirlər. Bu gün münbit torpaq sahələrimizdən səmərəli istifadə etməyə dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Muxtar respublikada həcmi ilbəil genişləndirilən meliorasiya və irriqasiya tədbirləri, regiona gətirilən müasir kənd təsərrüfatı texnikaları, məhsul bolluğu yaratmaq üçün torpaq mülkiyyətçilərinə kreditlərin verilməsi dövlət qayğısının bir hissəsidir. Əkin atlaslarının hazırlanması da dövlətimizin torpaq adamlarına göstərdiyi qayğıdır. Məqsəd ondan ibarətdir ki, torpaq sahibi atlaslarda öz əksini tapan kartoqramlardan istifadə edə bilsin. Sahibi olduğu torpaqda daha çox hansı məhsulların yetişdirilməsinin vacibliyini müəyyən etsin. Və bu yolla bol məhsul istehsalına nail ola bilsin. Lakin kartoqramların bələdiyyələrə verilməməsi bu məsələnin həllini yubatmış olur. Rayon İcra hakimiyyətləri bu barədə ciddi düşünməlidirlər.
İkinci bir məsələ ondan ibarətdir ki, torpaq adamları ilə, yuxarıda da dediyimiz kimi, aparılan maarifləndirici tədbirlər çox aşağı səviyyədədir və az-az hallarda belə tədbirlər təşkil edilir. Aidiyyəti qurumların əməkdaşları tez-tez yerlərdə olmalı, torpaq mülkiyyətçiləri ilə görüşməli, onlara öz tövsiyələrini verməlidirlər. Belə tədbirlərin tədbir xatirinə keçirilməsinə son qoyulmalıdır.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR