23 Dekabr 2024, Bazar ertəsi

Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər nəticəsində idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr fəaliyyətə başlayıb. 

Yeraltı və yerüstü sərvətlərlə zəngin muxtar respublikamızın təbii resurslarından səmərəli istifadə olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının mütəxəssisləri tərəfindən inşaat materialları istehsalı üçün xammal mənbələrinin müəyyən olunması məqsədilə geoloji axtarışlar aparılıb. Yataqlarda lazımi xammal aşkar olunduqdan sonra onun tərkibi Türkiyənin və Çin Xalq Respublikasının bu sahə üzrə ixtisaslaşmış laboratoriyalarında yoxlamadan keçirilib.
Laboratoriyalardan müsbət rəylər alındıqdan sonra Kəngərli rayonunun Böyükdüz massivində 2012-ci ildə sement zavodu tikilib istifadəyə verilib, 2014-cü ildə isə digər inşaat materialları istehsal ediləcək yeni zavodların tikintisinə başlanılıb. Yeni layihələrin reallaşması üçün Sahibkarlığa Kömək Fondundan dövlət maliyyə dəstəyi göstərilib. Layihəyə uyğun olaraq, gips lövhələr, gips, əhəng və məsaməli beton istehsal olunacaq kompleksdə dünyada sement zavodları və onun bazasında digər inşaat materialları istehsal edən müəssisələri qurmaq sahəsində qabaqcıl təcrübəyə malik Almaniyanın “KHO”, “Polysims”, Danimarkanın “Flsm.dth” firmalarını soba, daşqırıcılar və üyüdücülərlə təmin edən Çin Xalq Respublikasının “Jiangsu Pengfei Group Co.LTD” və digər şirkətlərindən müasir texnoloji avadanlıqlar alınıb gətirilib. İdxal olunan avadanlıqlar həmin şirkətlərin mütəxəssisləri tərəfindən quraşdırılıb.

Öz əhəmiyyətinə görə ən böyük layihələrdən olan Naxçıvan Sənaye Kompleksinin inşası “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının təcrübəli mütəxəssisləri və inşaatçıları tərəfindən həyata keçirilib. Burada istehsal sahələri, xammal və hazır məhsulların saxlanılması üçün anbar, inzibati və iaşə xidməti binaları tikilib, yüksəkkeyfiyyətli məhsul istehsalı ilə yanaşı, hazır məhsulun daşınmasına da hərtərəfli şərait yaradılıb.
2015-ci il dekabrın 1-də muxtar respublikamızda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Sənaye Kompleksinin açılış mərasimində iştirak edib.
Sənaye kompleksində müasir avadanlıqlarla təmin olunmuş laboratoriya fəaliyyət göstərir. İstehsal olunan məhsulların laborator müayinələri aparılır.
Ümumi sahəsi 9 hektar olan kompleksdə gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən zavodlar fəaliyyət göstərir. Müasir avadanlıqların quraşdırıldığı zavodlarda istehsal prosesini avtomatik idarəetmə və təhlükəsizliyə videonəzarət sistemləri yaradılıb. Kompleksin istifadəyə verilməsi ilə muxtar respublikada müvafiq tikinti materiallarına tələbatın yerli istehsal hesabına ödənilməsi təmin olunub. Bu müəssisənin fəaliyyətə başlaması daxili tələbatın ödənilməsi ilə yanaşı, yerli inşaat materiallarının ixracına da imkan verəcək.

Məsaməli beton istehsal edən zavodda yüksəkkeyfiyyətli məhsul istehsal olunur. Burada xammal kimi daş qumundan, əhəng, gips, sement və alüminium tozundan istifadə edilir. İnşaat sektorunda ən çox istifadə edilən bu tikinti materialları istənilən ölçüdə asanlıqla kəsilir, yüksək səviyyədə səs və istilik izolyasiyasına malikdir. Bundan əlavə, yüngül və zəlzələyə davamlı olan bu materiallar yanmaya qarşı beynəlxalq standartlara uyğundur. Müasir avadanlığın quraşdırıldığı zavodda il ərzində 150 min ton məsaməli beton istehsal olunacaq. Kompleksə daxil olan digər zavodlarda da yüksək şərait yaradılıb. Əhəng zavodunda istifadə olunan yerli xammal Qarabağlar mədənindən gətirilir. Burada hazırlanan məhsullardan inşaat sektorunda, kənd təsərrüfatında, kağız və şüşə istehsalında istifadə edilir. Sahəsi 4500 kvadratmetr olan zavodda ildə 36 min ton əhəng istehsalı nəzərdə tutulur.
Gips zavodunda istifadə olunan xammal isə Çalxanqala, Çeşməbasar, Xıncab və Böyükdüz zonalarından gətirilir. Burada istehsal olunan məhsullar məsaməli beton blokların, suvaq və üzləmə gipsinin, gips lövhələrin hazırlanmasında istifadə edilir. Zavodun illik istehsal gücü 40 min ton gipsdir.
Gips lövhə zavodunda da yüksək şərait yaradılıb. Xammal kimi nişasta, gips, üzləmə kağızı və yapışqandan istifadə olunur. Müəssisədə istehsal olunan məhsullara inşaat sektorunda tələbat böyükdür. Bunu nəzərə alaraq zavodda ildə 2 milyon kvadratmetr gips lövhələrin hazırlanması həyata keçiriləcək.
Qeyd edək ki, müəssisə muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində inşaat materiallarına artan tələbatın yerli istehsal hesabına ödənilməsi zərurətindən yaradılıb. Kompleksdə istehsal edilən məhsullar daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, bu yerli inşaat materiallarının xarici bazarlara çıxarılmasına da imkan yaradacaq. Əvvəllər bu inşaat materiallarına olan tələbat xaricdən idxal olunan məhsullar hesabına ödənilir, əlavə daşınma xərci çəkilirdisə, yeni layihənin reallaşması ilə bu problem aradan qaldırılıb.
Yeni istehsal müəssisələri əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb. Onu da qeyd edək ki, müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması da diqqət mərkəzində saxlanılıb, müəssisədə çalışan işçilərin ixtisasartırma kurslarında iştirakı təmin olunub. Bu da imkan verir ki, istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilsin.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR