Muxtar respublikamızda qeyri-nağd ödənişlərin həcminin artırılması məqsədilə həyata keçirilən tədbirlər öz nəticəsini nağdsız ödənişlərin dinamik artımı ilə büruzə verməkdədir. Elektron xidmətlərin əhatə dairəsinin və yerlərdə nağdsız ödəniş infrastrukturunun genişləndirilməsi, müasir tələblərə cavab verəcək şəkildə daim təkmilləşdirilməsi bu sahədə inkişafın əldə olunmasına dəstək verən ən əsas amillərdəndir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” bu istiqamətdə görülən işlərin sürətləndirilməsini təmin edib və nağdsız ödənişlərin muxtar respublika iqtisadiyyatı üçün əhəmiyyətini bir daha ortaya qoyub.
Proqramın tətbiqinə başlanılmasından qısa müddət ötməsinə baxmayaraq, bu sahədə xeyli iş görülüb. Elektron hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi, maarifləndirmə seminarlarının keçirilməsi Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və aidiyyəti qurumlar tərəfindən diqqət mərkəzində saxlanılıb.
İqtisadiyyatın bütün sahələrini effektiv şəkildə əhatə edən POS-terminal şəbəkəsi vasitəsilə aparılan ödənişlərlə yanaşı, internet və digər ödəniş sistemləri ilə həyata keçirilən elektron hesablaşmaların həcminin artması da bu sahədə aparılan tədbirlərin müsbət nəticələridir. Artıq əhalidə dövlət və özəl sektor qurumları tərəfindən təklif edilən elektron xidmətlərdən istifadəyə meyil yaranıb. Nağdsız ödənişlərə üstünlük verilməsi əhalinin şəxsi rahatlığı, müasir xidmətlərdən istifadə imkanlarının genişləndirilməsi, büdcə planlaşdırmalarının asanlaşdırılması ilə yanaşı, həm də dövlət səviyyəsində pul dövriyyəsindəki nağd vəsaitin idarəolunması çətinliklərinin aradan qaldırılmasına xidmət edir.
Muxtar respublikamızda nağdsız ödənişlər 2016-cı ilin aprel ayında artaraq 2 milyon 377 min 32 manat olub. Burada elektron hesablaşmaların da payı kifayət qədər böyükdür. Belə ki, təkcə internet və digər ödəniş sistemləri vasitəsilə aparılan nağdsız ödənişlərin həcmində ötən illə müqayisədə 4 dəfədən çox artım müşahidə edilib və 2016-cı ilin aprel ayına 1 milyon 575 min 829 manat olub. Bu göstərici əhalinin bu sahədə məlumatlarının artdığını deməyə əsas verir. Onu da vurğulamaq lazımdır ki, cari ilin aprel ayı ərzində əldə olunmuş ümumi göstərici ötən illə (1 milyon 407 min 223 manat) müqayisədə 69 faizlik artımla müşahidə edilib.
Əhalinin nağdsız hesablaşmalara hər hansı bir müraciəti zamanı çətinlik və çatışmazlıqlarla üzləşilməməsi üçün POS-terminalların Naxçıvan şəhəri və rayonlarda real sektorun bütün sahələrində quraşdırılması davam etdirilir. POS-terminalların sayı cari ilin aprel ayında 1134 ədədə çatıb.
Ödəniş infrastrukturunun əsasını təşkil edən ən vacib ünsürlərdən biri də ödəniş kartlarıdır. 2015-ci ilin aprel ayından bu günə muxtar respublikada fəaliyyət göstərən bank və bank filialları tərəfindən 19 min 375 ədəd ödəniş kartı emissiya edilərək əhalinin istifadəsinə verilib. Eyni zamanda təsərrüfat subyektləri arasında da qeyri-nağd hesablaşmaların mümkünlüyünün təmin olunması məqsədilə muxtar respublikada banklar tərəfindən korporativ kartlar da təklif edilməkdədir. 1 may 2016-cı il tarixə artaraq 230 min 171 ədədə çatan ödəniş kartı sayı muxtar respublikada hər 100 nəfərdən 52-nin ödəniş kartı sahibi olduğunu göstərir. Muxtar respublikada hər iki nəfərdən birinin (əhalinin 52 faizinin) ödəniş kartı ilə təmin olunması kifayət qədər yaxşı bir göstəricidir. Belə ki, dünya təcrübəsinə baxsaq, inkişaf etmiş ölkələrdə bu rəqəmin 80-90 faiz təşkil etdiyini görərik. Təkcə ABŞ-da əhalinin 92 faizi müxtəlif növ ödəniş kartları ilə təmin olunub, əhalinin 67 faizi isə kredit kartı istifadəçisidir.
Hal-hazırda muxtar respublikada özəl sektorda fəaliyyət göstərən işçilərin də əməkhaqlarının ödəniş kartı vasitəsilə ödənilməsi prosesinə keçid işləri davam etdirilir. Bütün bu görülən işlərə paralel olaraq nağdsız pul dövriyyəsi muxtar respublikada artmaqda davam edir, lakin mövcud potensial daha yüksək göstəricilərin əldə olunmasına imkan verəcək səviyyədədir. Burada çatışmayan bir məqam ictimaiyyətin nağdsız ödənişlərə tam olaraq üstünlük verməməsidir. Hələ də bankomatlar qarşısında növbələrin yarandığını müşahidə etmək mümkündür. Bankomatlardan, sadəcə, nağd pul çəkməkdə istifadə edən vətəndaşlarımız isə kifayət qədərdir. Halbuki bankomatlar nağd pulla yanaşı, bir çox nağdsız əməliyyatı da həyata keçirməyə imkan verir.
Banklar bu gün həm də bankomat və POS-terminallarla yanaşı, elektron xidmət sektorlarına əlavə müasir alətləri və qurğuları da cəlb etməklə həm müştəri kontingentini, həm də, öz növbəsində, elektron ödəniş dövriyyəsinin həcmini artırmaq istiqamətində tədbirlər həyata keçirməkdədirlər. Çünki əhalinin ödəniş kartlarından, sadəcə, nağd şəkildə istifadə etməsi, birinci növbədə, banklar üçün çətinliklər yaradır. Bu istiqamətdə istər internet bankçılıq, istərsə də artıq hər kəsin cibində özünə yer almış telefonlar üçün nəzərdə tutulmuş proqram təminatları vasitəsilə əhalinin mümkün qədər qeyri-nağd ödənişlərə yönləndirilməsinə çalışılır.
Həyata keçirilən bütün tədbirlər muxtar respublikada fəaliyyət göstərən bankların bu sahənin inkişafını daim diqqət mərkəzində saxladığını deməyə əsas verir.
Tural ŞİRƏLİZADƏ
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin
İqtisadi təhlil və statistika şöbəsinin rəisi