Muxtar respublikada qaz təchizatı şəbəkəsinin normal fəaliyyəti daim nəzarətdə saxlanılır.
Bu istiqamətdə işlər aprel ayında da davam etdirilmiş, istehlakçılar tərəfindən daxil olan müraciətlərə əsasən, 75 abonentə yeni qaz xətləri çəkilmişdir. Ay ərzində magistral qaz kəmərlərinə və avtomat qaz paylayıcı stansiyalarına baxış keçirilmiş, təzyiq və qaz tənzimləyiciləri yaz-yay mövsümünə uyğun nizamlanmış, qazın nəqli texnoloji rejimə uyğun təmin olunmuşdur.
Yeni qaz xətlərinin çəkilməsi, korroziyaya uğramış boruların dəyişdirilməsi, yol-tikinti işlərinin aparılması, su-kanalizasiya xətlərinin çəkilməsi və abadlaşdırma işləri ilə əlaqədar olaraq, ümumilikdə, 31 min 123 paqonometr müxtəlif diametrli borulardan istifadə edilmişdir. Həmçinin istismarda olan yararsız qaz sayğacları yenisi ilə əvəz edilmiş, Naxçıvan şəhərində 478 smartkarttipli qaz sayğacı quraşdırılmışdır. İşlərin keyfiyyətli və təhlükəsiz həyata keçirilməsi məqsədilə “Naxçıvanqaz” İstehsalat Birliyinin Nəzarət-ölçü cihazlarının kalibrlənməsi laboratoriyasına zəruri normativ-texniki sənədlər və proqram təminatı verilmişdir.
Yaşayış məntəqələrində mütəmadi reydlər keçirilmiş, istehlakçılarla maarifləndirici söhbətlər davam etdirilmiş, təhlükəsizlik tədbirləri gücləndirilmişdir. “Naxçıvanqaz” İstehsalat Birliyinin aid strukturlarının ixtisaslı kadrlarla təminatı da diqqət mərkəzində saxlanılmış, bu məqsədlə Naxçıvan Regional Peşə Tədris Mərkəzində kurslar təşkil olunmuşdur.
“Naxçıvanqaz” İstehsalat
Birliyinin mətbuat xidməti