Muxtar respublikanın yaşayış məntəqələrində müasir rabitə sistemlərinin quraşdırılması işləri aprel ayında da davam etdirilmişdir. Belə ki, ötən ay muxtar respublika ərazisində 5 kilometrə yaxın fiber-optik kabel xətti çəkilmiş, 255 yeni telefon nömrəsi istifadəyə verilmişdir.
Muxtar respublikada genişzolaqlı internet şəbəkəsinin əhatə dairəsi genişlənir, internet istifadəçilərinin sayı artır. Ötən ay Ordubad rayonunun Kotam, Bist, Nəsirvaz, Ələhi və Xurs kəndlərində, həmçinin artan tələbat nəzərə alınaraq Naxçıvan şəhər mərkəzi avtomat telefon stansiyasında yeni DSLAM avadanlıqları quraşdırılmış, genişzolaqlı “Asinxron Rəqəmsal Abunəçi Xətləri” texnologiyası vasitəsilə 317 abunəçi internetlə təmin olunmuşdur. Əhaliyə göstərilən elektron xidmətlərin genişləndirilməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, ötən ay muxtar respublikanın elektron hökumət portalında cari yeniləmə işləri aparılmış, Naxçıvan Dövlət Televiziyasının internet saytı hazırlanmış və onlayn test yayımına başlanılmışdır.
Yeni texnologiyalar üzrə ixtisaslı kadrların hazırlanması müasir dövrdə qarşıda duran əsas vəzifələrdəndir. Muxtar respublikada bu iş daim diqqətdə saxlanılır. Ötən ay Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kompüter kurslarında 22 dinləyici təhsil almışdır.
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti