Ümummilli liderimiz Heydər Əliyev sovet hakimiyyəti dövründə respublikamızı bütün sahələrdə öncül yerlərə çıxararaq dövlət müstəqilliyimiz üçün təməl yaratmış, öz xalqının gələcək inkişaf yolunu müəyyən etmişdir. Obyektiv və subyektiv səbəblər üzündən ötən əsrin 60-cı illərində Azərbaycan iqtisadiyyatının bir çox sahələrində olduğu kimi, kənd təsərrüfatında da mənfi meyillər özünü göstərirdi.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə aqrar sahədə əsaslı tədbirlər həyata keçirilmişdir. 1970-ci il iyul ayının 23-də “Azərbaycan SSR-də kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” xüsusi qərar qəbul olunmuşdur. Bununla da, bu sahədə uzun illər boyu davam edən tənəzzülə son qoyulmuş və aqrar sahənin inkişafında dönüş mərhələsi başlanmışdır. Respublikada kənd təsərrüfatının məhsuldarlığını inkişaf etdirmək üçün torpaqların irriqasiya, meliorasiya və bir sözlə, suvarma sisteminin yaxşılaşdırılmasına vəsait qoyuluşunun artırılması ilə kənd təsərrüfatının intensiv inkişafı təmin edilmişdir. Nəticədə, doqquzuncu beşillik ərzində 27 min hektar sahədə yeni suvarılan torpaq istifadəyə verilmiş, 189 min hektar sahədə suvarılan torpaqların meliorasiya vəziyyəti yaxşılaşdırılmış, 140 min hektar sahədə əkin yerləri əsaslı surətdə hamarlanmış, 189 min hektar sahədə suvarma sistemləri yenidən qurulmuş və 80 min hektar suvarılan torpağın şoranlıqdan təmizlənməsi xərcini dövlət öz öhdəsinə götürmüşdür. Görülən bütün bu tədbirlər əkinçiliyin inkişafına güclü təkan vermiş, heyvandarlığın da inkişafı üçün stimul yaratmış, respublikada 18 sənaye xarakterli heyvandarlıq kompleksi tikilib istifadəyə verilmişdir. 1975-ci ildə respublikanın kənd təsərrüfatı sahəsində ciddi yüksəliş baş verməklə, 1969-cu ilə nisbətən artım 57 faiz olmuşdu. Həyata keçirilən uzaqgörən siyasət nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən pambıqçılıq və üzümçülük diyarına çevrilmişdi. Təkcə 1971-1975-ci illərdə 23,5 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdı.
Sonrakı dövrdə kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə 1975-ci il iyulun 9-da “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında”, 1976-cı il iyulun 27-də “1976-1980-ci illərdə respublikanın ayrı-ayrı sənaye sahələrinin inkişafına dair Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təklifinə baxılmasının yekunları haqqında”, 1979-cu il fevralın 22-də “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalının daha da ixtisaslaşdırılması və üzümçülüyün və şərabçılığın inkişafı haqqında” qərarlar qəbul edilmişdir.
Beləliklə, 1970-1985-ci illər ərzində xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan kompleks inkişaf planlarının həyata keçirilməsi respublikamızın tarixində misligörünməmiş yüksəlişlə nəticələnərək Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil etmişdir.
XX əsrin 90-cı illərinin əvvəllərində dərinləşməkdə olan böhran xalq təsərrüfatının bütün sahələrində olduğu kimi, aqrar sahəyə də mənfi təsir göstərmiş, daxili və xarici bazarlarda respublikamızın və yerli əmtəə istehsalçılarının milli maraqlarının zərbə altına düşməsinə gətirib çıxarmışdır. 1985-ci ilə nisbətən 1993-cü ildə bütün əkin sahələrinin 12 faiz, bütün növdən olan ət istehsalının isə 2,2 dəfə azalması ölkədə ərzaq qıtlığı yaratmışdı.
Ulu öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ilə iqtisadiyyatda yeni inkişaf mərhələsi başlanmış, ölkənin siyasi və iqtisadi sferalarını müasir şəraitə uyğunlaşdırmaq üçün qlobal və radikal islahatlar həyata keçirilmişdir. Müstəqillik dövrünün iqtisadi siyasətinin əsasını planlı-sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçilməsi təşkil etmiş, nəticədə, özəlləşdirmə siyasəti uğurla həyata keçirilmiş, milli sahibkarlar təbəqəsi formalaşmış, istehsalın strukturunda özəl bölmənin payı artmışdır.
İqtisadiyyatın bütün sahələrində bazar iqtisadiyyatı prinsiplərinin həyata keçirilməsində aqrar bölmənin ehtiyat mənbələrinin böyük əhəmiyyəti olduğunu xüsusi vurğulayan ulu öndər Heydər Əliyev aqrar islahatlara hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə başlamışdı. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qəbul edilmiş qərarlar burada islahatların aparılmasının təməlini qoymuşdur. Qəbul edilmiş həmin qərarlardan sonra təsərrüfatlarda olan mal-qaranın bütünlükdə özəlləşdirilərək əhaliyə verilməsi ilə ozamankı ağır şəraitdə mal-qaranın kütləvi şəkildə qırılmasının qarşısı alınmışdı.
Respublikamızda bir sıra digər məsələlər kimi, torpaq islahatlarının həyata keçirilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Torpaq islahatlarının ilk dəfə ölkə üzrə Naxçıvanda, Müstəqil Dövlətlər Birliyi məkanında isə Azərbaycanda həyata keçirilməsi nəticəsində torpaq öz sahibinə verilmişdir. Hələ 1992-ci ilin əvvəllərində ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Culfa rayonunun Şurud və Gal kəndlərində torpaq islahatları həyata keçirilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin müzakirəsinə verilmiş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 16 iyul 1996-cı ildə qəbul edilməsi və 13 avqust 1996-cı ildə həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə respublikada torpaq islahatlarının həyata keçirilməsi prosesi başlanmışdır. Bundan sonra “Torpaq vergisi haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Torpaq kadastrı, monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının qanunlarının, Torpaq Məcəlləsinin və digər 40-dan artıq fərman və hüquqi-normativ aktların qəbul olunması ilə torpaq islahatlarının möhkəm hüquqi bazası yaradılmışdır. Qarşıya qoyulan əsas məqsəd aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdan ibarət idi. Qəbul edilmiş bir sıra qanunlar və normativ aktlarla yanaşı, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” verilən Fərman tarixi bir zərurət kimi respublikada torpaq ehtiyatlarının azlığı, müxtəlif amillərin təsiri nəticəsində münbit torpaqların azalması, əhalinin ilbəil artması ilə bağlı olmuşdur. Torpağın xüsusi mülkiyyətə verilməsi ilə aqrar sahədə əmlakın özəlləşdirilməsi də başa çatdırılmış, kəndlini sahibkar etmək, torpağı əsl mülkiyyətçisinə vermək hədəflənərək şəxsi mülkiyyətə söykənən sahibkarlığın əsası qoyulmuş və 3 milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə çevrilmişdir.
Muxtar respublikada aparılan aqrar islahatlar 1995-ci ildən sonra daha da sürətlənmişdir. 1997-ci ilin əvvəlindən başlayaraq mövcud olan dövlət və kollektiv kənd təsərrüfatı müəssisələri daha sürətlə özəlləşdirilmiş, 2000-ci ildə muxtar respublikanın kənd təsərrüfatında istehsal olunan məhsulun 99,8 faizi, 2001-ci ildə isə kənd təsərrüfatı məhsullarının hamısı özəl sektorun payına düşmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005- 2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada aqrar sahənin davamlı inkişafına əlverişli şərait yaratmışdır. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurla icrası əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaradacaqdır.
Əhalinin ərzaqla təminatı, əsasən, kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq məhsulları hesabına ödənilməlidir. Bitkiçilik və heyvandarlıq məhsullarına olan tələbatın ödənilməsi üçün torpaqdan və əmək ehtiyatlarından səmərəli istifadə etmək tələb olunur. Mövcud əkinəyararlı torpaqlardan səmərəli istifadənin əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu nəzərə alınaraq ötən il 61 min 414 hektar sahədə əkin aparılmışdır ki, bu da 1995-ci ildəkindən 2 dəfə çoxdur. Əkin sahələrinin suvarma suyu ilə təminatını daha da yaxşılaşdırmaq istiqamətində də ardıcıl tədbirlər görülmüşdür. Son illər muxtar respublikada heyvandarlığın, arıçılığın və balıqçılığın inkişafı məqsədilə tədbirlər görülmüş, 2015-ci ildə, ümumilikdə, 402 milyon 991 min 800 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal edilmişdir ki, bu, 1995-ci illə müqayisədə 9,2 dəfə çoxdur.
Naxçıvan Muxtar Respublikasının daha çox meyvəçilik və tərəvəzçilik üzrə ixtisaslaşması nəinki ərzaq təminatını yaxşılaşdırır, həm də xarici bazara çıxış imkanlarını genişləndirir. Ötən il tələbatdan çox istehsal edilmiş 97 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur. Əhalini payız-qış mövsümündə tərəvəz məhsulları ilə təmin etmək məqsədilə istixanalar yaradılmışdır. Əhalinin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə dövlət ehtiyatlarının yaradılması nəticəsində muxtar respublikada taxılı uzun müddət saxlamağa imkan verən anbarların həcmi 27 min tona, kənd təsərrüfatı məhsullarının saxlanması və satışını təmin edən soyuducu anbarların ümumi tutumu 13 min tona çatdırılmışdır. 2009-cu ildə tutumu 18 min ton taxılı uzun müddətə, tutumu 20 min ton taxılı qısa müddətə saxlamağa imkan verən Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarının istifadəyə verilməsi əhalinin ərzaq təhlükəsizliyinin qorunmasına əlverişli zəmin yaratmışdır.
Son illər Naxçıvanda davamlı olaraq kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları keçirilir ki, bunun da əsas məqsədi əhalini bazar qiymətləri ilə müqayisədə nisbətən ucuz qiymətə ərzaq məhsulları ilə təmin etməkdir. Belə bir şəraitdə əmtəə istehsalçıları öz məhsullarını birbaşa yarmarkalarda istehlakçıya təklif etmək imkanına malik olur.
Muxtar respublikada əhalinin böyük hissəsinin kənddə yaşaması burada məşğulluğun özünəməxsus xüsusiyyətlərini yaratmaqla böyük məşğulluq potensialına malik olan kənd əhalisinə xüsusi diqqət yetirilməsini zəruri edir. “Naxçıvan Muxtar Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)” və “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu istiqamətdə görülən işlərin daha da sürətlənməsində mühüm rol oynamışdır.
2015-ci il muxtar respublika üçün dörd mühüm dövlət proqramının icra müddətinin başa çatması ilə əlamətdar olmuşdur. Bu proqramların ikisi birbaşa kənd təsərrüfatının inkişafı ilə bağlı olsa da, digər ikisində bu sahənin inkişafı ilə bağlı əhəmiyyətli tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur. Məhz bu baxımdan 2015-ci ilin Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan olunması heç də təsadüfi deyildi. Ölkəmizdə də 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması bütün diqqətləri kənd təsərrüfatına yönəltməklə bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan vermiş, təsdiq olunmuş dövlət proqramlarının həyata keçirilməsi prosesini sürətləndirməklə, bütünlükdə muxtar respublikamızın sosial-iqtisadi inkişafını daha dayanıqlı etmişdir.
Aqrar sektorun inkişaf etdirilməsinin perspektiv istiqamətləri “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da öz əksini tapmışdır. Bu proqramda yerli və xarici investisiyaların cəlb edilməsi ilə ərzaq məhsullarının istehsal həcminin artırılması və keyfiyyətinə ciddi nəzarətin davam etdirilməsi, baytarlıq, texniki nəzarət, sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi, tələbatdan artıq istehsal edilən kənd təsərrüfatı məhsullarının ixracının stimullaşdırılması, torpaqların meliorativ vəziyyətinin sağlamlaşdırılması, mövcud su resurslarından istifadə imkanlarının genişləndirilməsi, suvarma-drenaj şəbəkələrinin inkişaf etdirilməsi, maliyyə dəstəyinin gücləndirilməsi, kənd təsərrüfatı malları bazarlarının qorunması, maddi-texniki bazanın möhkəmləndirilməsi və digər mühüm tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur.
Beləliklə, siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik olan, yenilikçi məkan kimi tanınan Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.
Mehriban İMANOVA
iqtisad üzrə fəlsəfə doktoru