“Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin təşkilatçılığı ilə “Biznesin inkişaf etdirilməsinin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açıb.
Sonra universitetin İdarəetmə fakültəsinin dekanı Elbrus İsayevin “Tələbələrin biznes fəaliyyətinə cəlb edilməsinin təşkili və idarəedilməsi yolları”, İdarəetmə kafedrasının müdiri İradə Bağırovanın “Güclü investisiya və biznes mühitinin Azərbaycanın iqtisadi inkişaf prosesində əhəmiyyəti”, Naxçıvan Biznes Mərkəzinin direktoru Vüqar Səfərovun “Rəhbərlik stillərinin seçilməsi”, İdarəetmə fakültəsinin dekan müavini Naim Cahidzadənin “Biznes maliyyəsinin mahiyyəti və təşkilinin əsasları”, İdarəetmə kafedrasının müəllimləri İsmayıl Bağırovun “Biznesin inkişaf etdirilməsində vergi sisteminin rolu”, Sevinc Cabbarovanın “Naxçıvan Muxtar Respublikasında innovativ biznes formalarının inkişafı” və Məhəmməd Nabatovun “Hədəfimiz karyeramızdır lahiyəsinin təqdimatı” mövzularında çıxışları olub.
Bildirilib ki, əlverişli biznes mühitinin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi sosial-iqtisadi inkişafın hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Çıxışlarda o da vurğulanıb ki, uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır.
Nuray ƏSGƏROVA