23 Dekabr 2024, Bazar ertəsi

Biznes və sərmayə üçün əlverişli olan, yaponiyalıların tanımadığı dünya iqtisadiyyatı

Keçən həftənin sonu və bu həftənin əvvəlləri Okinava prefekturası parlamentinin sədri Kina Masaharunun başçılığı ilə 40 nəfərdən ibarət Okinavanın Miyakocima-Azərbaycan dostluq missiya qrupu Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər edənlər içərisində Okinava prefekturası parlamentinin sədri Kina Masaharu və Miyakocima şəhərinin deputat qrupu, İşikava prefekturası parlamentinin deputatları, Fujiyama prefekturası parlamentinin deputatları, Komatsu şəhər parlamentinin deputatları, eləcə də Miyakocima və Azərbaycanı sevən Ekkyoukai cəmiyyətinin üzvləri də var idi.
Bakıda olanda biz Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovla görüşmüş, eləcə də Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Sahil Babayevlə Okinava prefekturası parlamentinin sədri Kina Masaharunun qarşılıqlı söhbəti olmuşdur. Bu görüşlərdən sonra daxili hava yolları ilə biz Azərbaycan Prezidentinin vətəni Naxçıvana yola düşdük.
Naxçıvan Şəhər İcra Hakimiyyətində rəsmi görüş oldu. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov Naxçıvan şəhəri, Okinava prefekturası parlamentinin sədri isə Miyakocima şəhəri haqqında məlumat verdi. Mən də söz alaraq ürəyimdən keçən sevgimi sözlərimlə çatdırmağa çalışdım. Nə üçün Naxçıvana gəldiyim, Miyakocima ilə Naxçıvan arasında əlaqələrin qurulmasının vacibliyi haqqında məlumat verdim. Çox sevdiyim Azərbaycan və Okinava haqqında danışmaqdan doymurdum.

Bu görüş hər iki tərəf üçün tarixin yeni səhifəsinin yaradılmasında çox mühüm bir addım oldu. Belə bir görüşdə iştirak etdiyim üçün özümü çox xoşbəxt hiss edirəm. Kütləvi informasiya vasitələrinin əməkdaşları görüşə böyük əhəmiyyət verirdi. Heç şübhə yox idi ki, qrupumuzun Naxçıvan şəhərinə olan dostluq səfəri sabah televiziya və qəzetlərin əsas mövzusu olacaqdı.
Hər şeydən əvvəl biz çox gözəl hisslər keçirirdik. Yüksək səviyyədə və böyük hörmətlə qarşılanırdıq. Bu da miyakocimalılarda gözəl təəssürat yaratmışdı.
Səbirsizliklə gözlədiyimiz naharda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı və digər hökumət adamları, eləcə də bizim dostluq missiyası qrupumuzun əməkdaşları da daxil olmaqla, təxminən, 50 nəfərə böyük ziyafət verildi. Bu qonaqpərvərlik razılıqla qarşılandı və üzərimizə böyük məsuliyyət qoydu. İstərdim ki, iyul ayında Naxçıvan nümayəndələrinin səfəri zamanı Okinavada da belə bir ziyafət təşkil olunsun. Naxçıvanda milli musiqi və rəqslərdən ibarət konsert hamının zövqünü oxşadı. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı və Okinava prefekturası parlamentinin sədri ilə bir yerdə söhbət etdik və söhbət zamanı gələcək inkişaf planlarına aydınlıq gətirildi. Bir sözlə, bütün tədbir iştirakçılarında böyük ruh yüksəkliyi yaranmışdı.
Bundan sonra Biznes Mərkəzində Naxçıvanın sahibkarları ilə görüş keçirildi. Naxçıvan 10 illik iqtisadi inkişaf proqramına əsaslanaraq müxtəlif istehsal sahələrində böyük nailiyyətlər əldə etmişdir. Xüsusilə burada ən yeni istehsal sahələri yaradılmış və keyfiyyətli məhsullar istehsal olunur. Qayıdanda bizə yerli istehsal olan mürəbbə, çaxır və digər hədiyyələr verildi.

Səfər müddətində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov bizi “Badamlı” adlanan və brend kimi tanınan zavoda apardı. 1947-ci ildə əsası qoyulmuş bu zavodun yaranmasından 68 il keçir. Mənbəyi Ermənistanla sərhəd olan dağ silsiləsindən götürülən bu yeraltı su paslanmayan boru ilə zavoda qədər çəkilib gətirilmişdir. Zavodda tərkibi yoxlanılaraq qablaşdırılır və yaxın ölkələrə ixrac olunur. Miyakocimada çıxan və daş kömürlə filtrasiya olunan yeraltı sular da çox dadlıdır. Naxçıvandakı su da çox dadlıdır. Suyun gətirildiyi hündür dağ silsilələri isə gözəl bir mənzərə yaradır.
Naxçıvanın duzu da çox məşhurdur. İnsan sağlamlığına və gözəlliyinə məlhəm olan Naxçıvan dağ duzu müxtəlif xəstəliklərin müalicəsində özünü doğrultmuşdur. Bu dağ duzunu çıxardan zaman uzun və əyri duz mağaraları yaranmışdır. Bu duz mağaralarının içində ilboyu hava temperaturu dəyişməz olaraq 18 dərəcə təşkil edir. Dağ duzundan yaranan ionlar insan bədəninə və sağlamlığına çox müsbət təsir göstərir. Ona görə də çox insan müalicə üçün buraya üz tutur. Duz mağarasına girəndə yorğunluğun dərhal yoxa çıxdığını, nəfəs alanda boğazın və bədənin təmizləndiyini hiss etmək olur. Doğrudan da qeyri-adi gücə malik bir yerdir.
Səhər saat 9-dan axşam saat 9-a qədər, 12 saat ərzində biz Naxçıvanı gəzdik. Növbəti gün Naxçıvan hava limanına gəldik. VİP terminalında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov bizi kövrəldən kiçik bir ayrılıq nitqindən sonra çoxlu sovqat verərək yola saldı.
Naxçıvan çox gözəl və möhtəşəm bir şəhərdi. Çox təəssüf ki, indiyə qədər yaponlar bu gözəl şəhəri tanımayıblar. Aprelin 19-da keçirilən konfransımızda Naxçıvan haqqında çoxlu məlumat verməyi düşünürəm.

İşida Kazuyasu
Yaponiyanın “World İnvestors TV”
internet televiziyasının əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR