23 Dekabr 2024, Bazar ertəsi

 Yaradılan yeni müəssisələr hesabına muxtar respublikada da minlərlə daimi iş yerləri açılıb, 

daxili bazarda yerli istehsalın çəkisi artıb

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşayan bir regiondur. XX əsrdə müxtəlif siyasi hadisələr səbəbindən ölkəmizin digər əraziləri ilə quru əlaqəsi kəsilən bu qədim diyar 1990-cı illərin əvvəlində çox ağır günlər yaşayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə rus qoşunları xalqın azadlıq ruhunu qanla boğmaq üçün paytaxt Bakıya yeridiləndə, Ermənistan silahlı qüvvələri də Sədərək rayonu istiqamətindən Naxçıvana hücuma keçiblər. İşğalçı ermənilərin başlıca məqsədi blokada şəraitində yaşayan bu qədim Oğuz-türk yurdunu istila etmək olub. Həmin dövrdə mərkəzi hakimiyyətin başı paytaxt Bakıda törədilən qətliama qarışdığından muxtar respublikaya hər hansı yardım uzatmaq imkanları olmayıb, bu region düşmənlə üz-üzə tək-tənha dayanmaq məcburiyyətində qalıb. Lakin böyükdən kiçiyə qədər bütün naxçıvanlılar silaha sarılıb, mərdliklə öz torpaqlarının müdafiəsinə qalxıblar. Ümummilli lider Heydər Əliyevin bu ərəfədə Naxçıvanda olması muxtar respublika əhalisinin özünə inamını, mübarizlik ruhunu daha da artırıb. Naxçıvanın Ermənistanla sərhəd ərazilərində qanlı döyüşlər getsə də düşmən öz məqsədinə çata bilməyib, böyük qurbanlar bahasına olsa belə, muxtar respublikanın hər qarış torpağı göz bəbəyi kimi qorunub.

 Pis günün ömrü az olar…

Təbii ki, belə bir şəraitdə muxtar respublikada iqtisadi vəziyyət də olduqca çətin olub. Bütün kommunikasiya qurğularından məhrum olan muxtar respublikada sovetdən qalma istehsal müəssisələrinin də dayanması böyük işsizlər ordusu yaradıb. Kəndlilərin üzləşdiyi çətinliklər kənd təsərrüfatı sahəsində tənəzzülü qaçılmaz edib. Belə bir vaxtda Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədrlik edən ümummilli lider Heydər Əliyev ölkə üzrə ilk dəfə muxtar respublikada aqrar islahatlar həyata keçirib, torpaq bölgüsü aparılıb. Qonşu İran İslam və Türkiyə respublikaları ilə iqtisadi əlaqələrin qurulmasına başlanılıb. Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında – Araz çayı üzərində “Ümid” körpüsünün istifadəyə verilməsi Naxçıvanın iqtisadi inkişafında, naxçıvanlıların həyat səviyyəsinin yaxşılaşmasında mühüm rol oynayıb. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gələndə də Naxçıvan Muxtar Respublikasına xüsusi diqqət və qayğı göstərilib. 1996-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Vasif Talıbov ulu öndərin bu qayğısından bəhrələnərək muxtar respublikanın hərtərəfli inkişafı üçün geniş islahatlara start verib. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin Prezident seçildiyi 2003-cü ildən indiyə qədər də Azərbaycanın bütün regionlarına, o cümlədən Naxçıvan Muxtar Respublikasına diqqət və qayğı göstərilməkdədir.

Yüksək əməkhaqqı göstəricilərinə malik 6713 yeni iş yeri

Azərbaycan Prezidentinin, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladıqları sərəncam və fərmanlarla həyata vəsiqə alan regional inkişaf proqramları, bu dövlət sənədlərində nəzərdə tutulan vəzifələrin icrası sayəsində blokada şəraitində yaşayan Naxçıvan bu gün özünün intibah dövrünə qədəm qoyub. Hazırda da muxtar respublikada sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür, yeni istehsal sahələri yaradılır, daxili bazarda yerli istehsalın çəkisi günbəgün artır. Təkcə 2014-cü il sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın icrasından ötən müddət ərzində Sahibkarlığa Kömək Fondunun vəsaitləri hesabına muxtar respublikada 43 investisiya layihəsi maliyyələşdirilib, bütövlükdə, sahibkarlara 17 milyon 319 min 200 manat həcmində kreditlər verilib. Bunun nəticəsində də yeni-yeni istehsal sahələri yaradılıb ki, bu da qeyri-neft sektorunu inkişaf etdirməklə bərabər, yüksək əməkhaqqı göstəricilərinə malik 6713 yeni iş yerinin açılmasına səbəb olub. 2016-cı ilin I rübü ərzində isə Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən ötən ildən davam edən 1 layihə də daxil olmaqla, 7 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 2 milyon 67 min 698 manat maliyyə dəstəyi göstərilib. Hazırda 14 müxtəlif təyinatlı istehsal müəssisəsi, 5 müxtəlif növ xidmət sahəsi olmaqla, ümumilikdə, 19 müəssisənin yaradılması istiqamətində işlər davam etdirilir ki, bu layihələrin də başa çatdırılması yüzlərlə, minlərlə yeni iş yerlərinin açılması deməkdir.

Həm keyfiyyətli, həm zövqlü, həm də sərfəli

Misal üçün, bu günə qədər uğurla həyata keçirilən regional inkişaf pro­qramları, həmçinin sahibkarlığa verilən dövlət dəstəyi hesabına ərsəyə gələn sahibkarlıq subyektlərindən biri də “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Muxtar respublika bazarlarında özünəməxsus yeri olan “Ləzzət” əmtəə nişanlı məhsullar həm keyfiyyətinə, həm də zövqlü qablaşdırılmasına, məhsullardan seçilən qiymətinə görə də sərfəlidir. Hazırda 35 adda, 88 çeşiddə məhsul istehsal edən “Ləzzət Qida Sənaye” MMC-nin fəaliyyətə başladığı ilk illərdə istehsal müəssisəsində 10 nəfər işçi çalışırdısa, bu gün onların sayı dəfələrlə artıb. Cəmiyyətin tərkibində gündəlik istehsal gücü 18 ton olan kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi, qovurulması və paketlənməsi, 7 ton qənd, 2,4 ton olan vafli, peçenye, biskvit və digər qənnadı məmulatları, 45 gündə 135 ton quş əti istehsalı sahələri fəaliyyət göstərir. Müəssisələrdə məhsul istehsalı üçün sərf olunan xammala ehtiyac, əsasən, yerli əhalidən alınan məhsullar hesabına ödənilir. Bu da yerlərdə aqrar sektorun inkişafına, torpaq mülkiyyətçilərinin maddi marağının artmasına, istehsalın güclənməsinə, kənd adamlarının məşğulluğunun təmin olunmasına müsbət təsir göstərir. Müəssisənin məhsulları daxili tələbatı ödəməklə yanaşı, İran və Gürcüstana da ixrac olunur, Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Çin, Hindistan, İran və digər ölkələrdən olan 50-dən artıq istehsalçı firma ilə əməkdaşlıq edilir.

Yerli tikinti materiallarına olan tələbatın ödənilməsi

“Gəmiqaya Kərpic Kompleksi” MMC isə son illər Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılıb. Kərpic Zavodunun istehsal gücünün artırılması və qış mövsümündə də tam gücü ilə işləməsi üçün qurutma sexində Türkiyə istehsalı olan və kompüterlə idarə edilən müasir texnoloji avadanlıqlar quraşdırılıb, kərpiclə dolu diyircəkli arabaların avtomatik hərəkəti üçün dəmir relslər çəkilib, istiliklə təminat və nəmliyin aradan qaldırılması üçün xüsusi qurğular qurulub. Ümumiyyətlə, müəssisənin bir-birini tamamlayan 3 istehsal sahəsində – kərpickəsmə, kərpicbişirmə və qurutma sexlərində istehsal prosesinin təkmilləşdirilməsi və daha müasir texnoloji avadanlıqların alınıb quraşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Fəaliyyətə başlayan zaman gün ərzində 25 min ədəd kərpic istehsal olunan zavodda hazırda 45-50 min ədəd kərpic istehsal etmək imkanı yaradılıb. Zavod xammalın yerləşdiyi ərazidə inşa olunduğundan əlavə daşınma xərci çəkilmir, boşdayanma hallarına yol verilmir. Zavodun istehsal gücünün artırılması artan tələbatın ödənilməsinə və daxili bazarın keyfiyyətli yerli tikinti materialları ilə təmin edilməsinə əlverişli şərait yaratmaqla bərabər, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb.

Vacib elementlərlə zəngin məhsullar

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində yaradılan və hazırda Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Bərəkət Qida Məhsulları” MMC-də isə dövlət maliyyəsi hesabına 2003-cü ildə çörək, 2004-cü ildə makaron və peçenye, 2005-ci ildə süd məhsulları istehsalı sahələri yaradılıb. Bu istehsal sahələrində Almaniya, Türkiyə və İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Müəssisənin fəaliyyətinin genişləndirilməsi, istehsal gücünün artırılması, yeni istehsal sahələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb edilməsi məqsədilə 2011-ci ildə Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar alınıb, Şərq şirniyyatları istehsalı sahəsi yaradılıb. Ötən il də bu istiqamətdə işlər davam etdirilib, Şərq şirniyyatları istehsalı sahəsində Türkiyənin “Uyğurlar Makina”, İtaliyanın “Braluks” şirkətlərinin istehsalı olan, kompüterlə idarəetmə mərkəzi ilə təmin edilmiş avadanlıqlar alınıb quraşdırılıb, alıcı zövqünü oxşayan yeni çeşiddə, müasir dizaynda məhsul istehsalına başlanılıb. Burada fermer və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən xammal şəklində alınan süd məhsullarının vaxtında tədarük olunması da diqqət mərkəzində saxlanılır, xüsusi maşınlarla müəssisəyə daşınıb laborator analizdən keçirildikdən sonra istehsala buraxılır. Gündəlik istehsal gücü 15 ton olan süd məhsulları istehsalı sahəsində Almaniyanın “GEA”, Türkiyənin “Choromel”, “Lipovak” şirkətlərindən müasir texnoloji avadanlıqlar alınıb quraşdırılıb. Müəssisədə insan orqanizmi üçün vacib elementlərlə zəngin olan 100 faiz təbii süddən kərə yağı, pendir, qatıq və ayran istehsal olunur, “Bərəkət” əmtəə nişanı ilə satışa çıxarılır.

Adlı-sanlı Naxçıvan duzu

Gündəlik istehsal gücü 40-45 ton daş, 20-25 ton üyüdülmüş duz olan “Naxçıvan Duz İstehsalı” MMC-də isə hazırda 18 çeşiddə duz istehsal olunur və bu məhsullardan məişətdə, heyvandarlıqda, kimya sənayesində geniş istifadə edilir. Yodlaşdırılmış duz həm nəfis tərtibatla bəzədilmiş 0,5, 1 kiloqramlıq karton və plastik, həm də 0,2, 0,5 kiloqramlıq polietilen taralarda və 25 kiloqramlıq kisələrdə “Duzdağ” əmtəə nişanı ilə satışa çıxarılır. 68 nəfərin işlə təmin olunduğu müəssisənin ixrac potensialı ildən-ilə genişləndirilir. Xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal olunan duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. “Naxçıvan Duz İstehsalı” MMC-də 2001-ci ildə 2300, 2014-cü ildə 6200 ton duz istehsal edilib. 2015-ci ildə isə “Naxçıvan Duz İstehsalı” MMC-də 8 min 339 ton 700 kiloqram məhsul istehsal edilib. İstehsal edilən məhsul muxtar respublikada, eləcə də Azərbaycanın müxtəlif regionlarındakı satış mərkəzlərində satışa çıxarılıb, həmçinin xaricə də ixrac olunub.

Uğurlu iqtisadi strategiya

Muxtar respublika iqtisadiyyatında əldə edilən nailiyyətləri daha aydın təsəvvür etmək üçün “Gəmiqaya Bərəkət Qida Məhsulları”, “Ləzzət Qida Sənaye”, “Gəmiqaya Kərpic Kompleksi”, “Naxçıvan Duz İstehsalı” MMC-lər kimi çoxsaylı sahibkarlıq subyektlərini nümunə gətirmək olar. Bütün bunlar bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi strategiya ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da müsbət nəticələr verir, ümumdünya iqtisadi böhranı fonunda regionlarımızın inkişafını təmin edir, insanlarımızın sosial rifahını günbəgün yaxşılaşdırır.

Məhəmmədəli QƏRİBLİ
Azinforum.az saytının təsisçisi və baş redaktoru

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən kütləvi informasiya vasitələri nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR