Naxçıvan Muxtar Respublikasında peşə və orta ixtisas təhsilinə göstərilən dövlət qayğısının nəticəsidir ki, belə təhsil müəssisələrinin yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Görülən işlərdən Naxçıvan Dövlət Texniki Kollecinə də pay düşüb.
Belə ki, bu təhsil ocağı üçün nəzərdə tutulmuş binada təmir və yenidənqurma işlərinə 2015-ci ilin aprel ayından başlanılıb. A və B korpuslarından ibarət olan bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. “Gəmiqaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən ötən müddətdə binanın giriş hissəsi dairəvi formada yenidən qurulub, pəncərələr dəyişdirilib, yeni qazanxana sistemi quraşdırılıb, elektrik, su və kanalizasiya xətləri yenilənib.
Binanın fasad hissəsi birinci mərtəbəyədək üzlük daşla üzlənib. Daxildə isə sinif otaqlarının qapıları dəyişdirilib, döşəmənin vurulması yekunlaşıb. Bina istifadəyə tam hazır olduqdan sonra A korpusunda zirzəmi hissədə qazanxana, mətbəx, kimya, biologiya və fizika laboratoriyaları, fənn kabinələri, birinci mərtəbədə elektron lövhəli sinif, kompüter sinfi, fənn kabinələri, ikinci mərtəbədə kompüter sinfi və elektron lövhəli siniflərlə yanaşı, müəllimlər otağı və digər sinif otaqları, üçüncü mərtəbədə 234 nəfərlik tədbirlər zalı və müxtəlif sinif otaqları istifadəyə veriləcək. B korpusunda isə bütün mərtəbələrdə sinif otaqları və fənn kabinələri olmaqla, sonuncu mərtəbədə arxiv, oxu zalı və kitabxana yerləşəcək.
Xəbərlər şöbəsi