23 Dekabr 2024, Bazar ertəsi

Sosial-iqtisadi problemlərin həllində, dinamik inkişafın təmin edilməsində torpaq münasibətlərinin tənzimlənməsi mühüm rol oynayır. İqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, yeni emal müəssisələrinin yaradılması kimi tədbirlər aqrar bölmənin sosial və sahə strukturuna ciddi təsir göstərmiş, zaman keçdikcə məzmunca yeni münasibətlərin formalaşmasını günün tələbinə çevirmişdir. Mülkiyyət hüquqlarının tənzimlənməsi sahəsində müvafiq dövlət siyasətinin daha da təkmilləşdirilməsi muxtar respublikamızda torpaq və əmlak münasibətlərinin inkişafını yeni mərhələyə yüksəltmişdir.
Muxtar respublikada mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılmış, 16 iyul 2015-ci il tarixli Fərmanı ilə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2 aprel 2016-cı il tarixli “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsində, torpaqların elektron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsində olduqca mühüm əhəmiyyətə malikdir. Bu fərmanla “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir.

Fərmana əsasən, muxtar respublikada dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılacaq və rəqəmsal kadastr xəritəsi tərtib ediləcək. Dövlət orqanları tərəfindən aparılan sahəvi dövlət kadastrlarında torpaqlarla bağlı mövcud məlumatların, habelə aidiyyəti dövlət orqanları tərəfindən torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində həyata keçirilən tədbirlərin, torpaqlardan istifadə vəziyyətinin müəyyən olunması məqsədilə aparılan monitorinqlərin nəticələri barədə məlumatlar həmin sistemə daxil ediləcək. Sistemdə muxtar respublikanın bütün yaşayış məntəqələri üzrə daşınmaz əmlak obyektləri barədə məlumatlar, torpağın sahəsi və ölçü­ləri, kommunikasiya xətləri, mühafizə zonaları, torpağın yerləşmə vəziyyətini göstərən koordinatları, təyinatı, üzərindəki tikilini xarakterizə edən göstəricilər əks olunacaq.
Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması nəticəsində muxtar respublikanın torpaq fondunun təyinatı, istifadə növü, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dəqiq və müfəssəl kadastr uçotu aparılacaq.
Torpaq fondunun dəqiq uçotunun aparılması kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi üçün yeni ərazilərin müəyyənləşdirilməsini asanlaşdıracaq. Torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi, onların münbitliyinin qorunması ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına əlverişli şərait yaradacaq.
Nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində torpaq ehtiyatlarının istifadəsinə dövlət nəzarəti güclənəcək, torpaq idarəçiliyinin iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi üçün geniş imkanlar yaranacaq. Dəqiq torpaq kadastrı məlumatları əsasında kənd təsərrüfatı məhsulları istehsalının ixtisaslaşdırılmasına dair qərarların verilməsi asanlaşacaq.
Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi bağların yerləşdiyi torpaqların, torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) aradan qaldırılacaq, kadastr xəritələri ilə bağlı problemlər həllini tapacaq. Torpaq bazarının bu sistem vasitəsilə tənzimlənməsi icarəyə götürülmüş, lakin istifadə olunmayan torpaqların aşkarlanmasına və istifadəyə verilməsinə şərait yaradacaq. Torpaqlardan istifadədə mövcud uyğunsuzluqlar şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılacaq.
Torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılması torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılacaq. Torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumat sistemdə öz əksini tapacaq.
Sistemə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunacaq, habelə qanunvericiliyin tələbinə uyğun olaraq hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsi təmin ediləcək.
Torpaqların elektron kadastr uçotu informasiya sistemi muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı işinin sadələşməsini təmin edəcək, torpaq sahəsinə dair texniki sənədlərin elektron sistem vasitəsilə verilməsinə, əmlak bankının təkmilləşməsinə və digər mühüm məsələlərin həllinə səbəb olacaq.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması məqsədilə hazırlıq işlərinə start verilib. Proqram təminatının xüsusiyyətləri, sistem üçün tələb olunan avadanlıqlar müəyyənləşdirilir, sistemə daxil ediləcək məlumatların strukturu öyrənilir.
Yeni texnologiyalardan, müasir çöl-ölçmə cihaz və avadanlıqlarından və aerokosmik çəkiliş materiallarından istifadə olunmaqla muxtar respublikanın bələdiyyələri üzrə mülkiyyət növündən və təyinatından asılı olmayaraq, bütün torpaq sahələrinin ölçüləri, sərhədləri, konfiqurasiyası dəqiqləşdirilir, torpaqların növləri üzrə kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişikliklər müəyyən edilir. Bələdiyyələrin bonitirovka xəritələri hazırlanır.
Sistemin operativ fəaliyyətinin təmin edilməsi və müasir tələblərə cavab verən iş şəraitinin yaradılması məqsədilə komitənin yenidən qurulan inzibati binasında server otaqları ayrılmış, iş otaqlarına şəbəkə xətləri çəkilmişdir.

Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi istiqamətində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi səylərini daha da artıracaqdır.

Nurlan FƏTƏLİYEV
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR