Aprelin 22-də Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə “Elektron ödəniş sahəsində inkişaf istiqamətləri” adlı seminar keçirilib. Tədbirdə muxtar respublikamızda fəaliyyət göstərən bankların nümayəndələri ilə yanaşı, Naxçıvan Dövlət Universitetində təhsil alan magistrantlar, “Naxçıvan” Universitetinin bakalavrları və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Texniki Kollecinin Bank işi ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundov seminarın keçirilməsi məqsədindən danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2 mart 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası ilə əlaqədar idarə muxtar respublikada infrastruktur işlərinin davam etdirilməsi, müasir elektron xidmətlərin təklif olunması ilə bərabər, maarifləndirilmə və institusional mühitin yaradılması məsələlərinə də ciddi diqqət yetirir.
Elektron ödəniş xidmətlərinin tətbiqinin kütləviləşdirilməsi ödənişlərin toplanılmasında hesabatlılığın və şəffaflığın yüksək səviyyədə təmin edilməsinə, vergidənyayınma hallarının aradan qaldırılması ilə dövlət müəssisə və təşkilatları tərəfindən pul vəsaitlərinin səmərəli istifadə olunmasına, təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsinə də stimul yaradır. Vurğulanıb ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə muxtar respublikanın şəhər və rayonlarında əhali arasında maarifləndirici tədbirlərin, orta, orta ixtisas və ali təhsil müəssisələrində nağdsız ödəniş vərdişlərinin inkişaf etdirilməsinə xidmət edən xüsusi məşğələlərin və seminar-treninqlərin təşkilini davam etdirir.
Sonra “2013-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız ödənişlərin həcminin artırılması üzrə Tədbirlər Planı” çərçivəsində görülmüş işlərlə bağlı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin mütəxəssisi Hafiz İsmayılbəylinin, “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da nəzərdə tutulmuş tədbirlərlə bağlı həmin şöbənin aparıcı mütəxəssisi Tural Şirəlizadənin çıxışları olub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Xəbərlər şöbəsi