23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi, sosial sahənin inkişafı üzrə aparılan tədbirlər 2016-cı ilin ilk rübündə də davam etdirilmişdir.
Cari ilin yanvar-mart ayları ərzində ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 478 milyon 932 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 2,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq 1076 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 33 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 56,9 faiz təşkil etmişdir.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-mart aylarında sənaye məhsulunun həcmi 1,8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 4,6 faiz, nəqliyyat sektorunda yük daşınması 1,8 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 2,6 faiz, o cümlədən mobil rabitə xidməti 1,5 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,3 faiz, əhaliyə göstərilən pullu xidmətlər 3,6 faiz, ixracın həcmi 2,1 faiz, əhalinin gəlirləri 3,5 faiz, hər bir nəfərə düşən gəlirlər 2,4 faiz artmışdır.

 Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə
**) yanvar-fevral ayları

Sənaye

Muxtar respublikada iri sənaye obyektlərinin istifadəyə verilməsi, yeni məhsul növlərinin istehsalı sənayeləşmə prosesini daha da sürətləndirmiş, dinamik inkişaf təmin edilmişdir.
2016-cı ilin yanvar-mart aylarında muxtar respublikada 229 milyon 269 min 500 manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 1,8 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 95,9 faizi malların, 4,1 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 9 milyon 654 min 600 manatlıq, qeyri-dövlət sektorunda isə 219 milyon 614 min 900 manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 95,8 faizi özəl sektorun payına düşmüşdür.

Sənaye məhsulu istehsalının dinamikası, min manat

 2016-cı ilin ötən dövrü ərzində muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 11 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 19 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir. 

Sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən ilk üç ay ərzində təsərrüfat subyektlərinə 370 min manat həcmində kreditin verilməsi təmin olunmuşdur.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş, cari ilin ilk rübü ərzində 40 milyon 820 min 100 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.

Hərbi quruculuq

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.
2016-cı ilin yanvar-mart aylarında Naxçıvan şəhərində mərkəzi hərbi xəstəxananın, əsgər yataqxanasının, əsgər yeməkxanasının, anqarın tikintisi davam etdirilmişdir.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında və Şərur rayonundakı “N” hərbi hissədə infrastruktur obyektlərinin tikintisi də hazırda davam etdirilir.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

İnvestisiya qoyuluşları hər bir sahənin dinamik inkişafını sürətləndirən mühüm amillərdən biridir. Bu istiqamətdə infrastruktur quruculuğu tədbirləri çərçivəsində 2016-cı ilin yanvar-mart ayları ərzində muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 199 milyon 977 min 200 manat həcmində investisiya yönəldilmişdir. İnvestisiya qoyuluşlarının 186 milyon 59 min 900 manatı və ya 93 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2016-cı ilin ilk rübü ərzində muxtar respublikada 53 müxtəlif təyinatlı obyekt tikilmiş və ya yenidən qurulmuş, 93 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri isə davam etdirilmişdir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər cari ilin ilk rübü ərzində də davam etdirilmiş, 6 kənd mərkəzi istifadəyə verilmiş, 5 kənd mərkəzinin inşası hazırda davam etdirilir.
Naxçıvan şəhərində 2 yaşayış binasının və “Gənclər şəhərciyi” yaşayış kompleksinin tikintisi davam etdirilməkdədir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2016-cı ilin ilk rübü ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 93 min 630 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 0,8 faiz çoxdur.
Ötən dövr ərzində Şərur, Babək, Ordubad, Kəngərli və Sədərək rayonlarında, Naxçıvan şəhərinin Tumbul, Qaraçuq, Bulqan, Qaraxanbəyli kəndlərində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir.

Kənd təsərrüfatı

Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsi istiqamətində əvvəlki dövrlərdə qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası və həyata keçirilən digər mühüm tədbirlər nəticəsində ümumi inkişaf təmin edilmiş, daxili bazarda məhsul bolluğu yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaradacaqdır. Bu istiqamətdə cari ilin ötən dövrü ərzində 1 istixana təsərrüfatı yaradılmış, 1 istixana təsərrüfatının genişləndirilməsi isə hazırda davam etdirilir. Bundan əlavə, yaz əkinlərinin aparılması üzrə dəstəkləyici tədbirlər həyata keçirilmişdir.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılmaqdadır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 53 ədədi 2016-cı ilin yanvar-mart aylarında olmaqla, cəmi 1738 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq muxtar respublikaya gətirilmişdir. 2016-cı ilin ilk rübü ərzində 33 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 5 ədədi isə nağd yolla satılmışdır.
Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafı da diqqətdə saxlanılmışdır. Cari ilin ilk rübü ərzində 3 heyvandarlıq təsərrüfatının yaradılması davam etdirilmiş, ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 3 milyon 442 min 800 manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur.
Heyvandarlıq təsərrüfatlarında 1340 baş inək, düyə və camış süni yolla mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 1085 baş sağlam bala alınmışdır. Azərbaycan Respublikası Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamı ilə süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat həcmində subsidiyanın müəyyən olunması bu sahənin inkişafına təkan vermişdir.
1 aprel 2016-cı il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 115 min 856 baş, qoyun və keçilərin sayı 714 min 655 baş olmuşdur ki, bu da 1 aprel 2015-ci il tarixə olan göstəriciləri müvafiq olaraq 1,5 və 2 faiz üstələmişdir.
Muxtar respublikada diri çəkidə 5683,6 ton ət, 12059 ton süd istehsal olunmuşdur ki, bu da 2015-ci ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 1,4 və 1,3 faiz çoxdur.
Daxili bazarda tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə 1 quşçuluq təsərrüfatının yaradılması hazırda davam etdirilir.
Cari ilin ötən dövründə kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə 3 milyon 752 min 900 manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur.
2016-cı ilin yanvar-mart aylarında bir il öncəyə nisbətən 4,6 faiz çox, yəni 25 milyon 218 min 500 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

 Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleksin inşası davam etdirilir. 

2016-cı ilin ilk 3 ayı ərzində muxtar respublikadan 11 milyon 860 min ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur.
Meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmış, Kəngərli rayonunun Böyükdüz və Xok kəndləri ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir.
Şərur rayonunda kollektor-drenaj şəbəkələrinin, Babək rayonunun Nehrəm kəndində kollektorun təmizlənməsi davam etdirilir.
Araz çayında sahilbərkitmə işlərinin, Şərur rayonunun Ələkli kəndinə suvarma xəttinin çəkilişi, Babək rayonunun Vayxır kəndi ərazisində, “Qahab” selovunda, Naxçıvançayda və Şərur rayonunda Arpaçayda istiqamətləndirici bəndlərin tikintisi davam etdirilir.
Babək rayonunda Uzunoba Su Anbarına sugətirici kanalın təmiri, Sədərək rayonunda kollektor və drenajların bərpası, Araz çayından sugətirici kanalın təmizlənməsi hazırda davam etdirilir.
Muxtar respublikada 1 subartezian quyusunun tikintisi, 2 subartezian quyusunun bərpası, 3 kəhrizin təmiri başa çatdırılmışdır. 2 subartezian quyusunun tikintisi, 6 kəhrizin təmiri isə hazırda davam etdirilir.

Nəqliyyat, informasiya və rabitə, energetika

Muxtar respublikada artan əhali tələbatına uyğun olaraq müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində tədbirlər davam etdirilməkdədir.
Cari ilin ilk rübü ərzində Şərur rayonunun Oğlanqala, Babək rayonunun Xəlilli və Yarımca, Culfa rayonunun Saltaq, Şahbuz rayonunun Daylaqlı kəndlərində avtomobil yollarının yenidən qurulması başa çatdırılmış, Babək rayonunun Gərməçataq, Culfa rayonunun Gülüstan kəndlərində avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir.
Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilməkdədir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə cari ilin ötən dövrü ərzində Naxçıvan-Batumi-Naxçıvan beynəlxalq avtobus marşrutu fəaliyyətə başlamışdır.
Ordubad dəmir yolu sərnişin vağzalı binasının və Ordubad yol sahəsinin inzibati binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilməkdədir.
Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb Ter­minalı”nda yenidənqurma işləri hazırda davam etdirilir.
2016-cı ilin yanvar-mart aylarında muxtar respublikada nəqliyyat sektorunda 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,8 faiz, sərnişin daşınması 2,2 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 10 milyon 984 min 700 manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki müvafiq göstəricidən 11,7 faiz çoxdur.
Muxtar respublikada informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi bu sahə üzrə göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmişdir.
Cari ilin ötən dövrü ərzində muxtar respublikada Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istifadəyə verilmişdir. Hər iki sistem üçün proqram təminatı hazırlanmış, server və digər avadanlıqlar quraşdırılmışdır ki, bu da vətəndaşlarla dövlət qurumları arasında münasibətlərin sadələşdirilməsinə, vaxt itkisinə yol verilmədən daxil olan müraciətlərə baxılmasına və cavablandırılmasına, mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında elektron sənəd dövriyyəsinin daha operativ təşkil olunmasına imkan yaratmışdır.
Muxtar respublikada telekommunikasiya və poçt xidmətlərinin çeşidinin və keyfiyyətinin artırılması istiqamətində “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin kompüter şəbəkəsinin Azərbaycan Respublikası Mərkəzi Bankının Hökumət Ödəniş Portalına qoşulması prosesi başa çatdırılmışdır ki, bu da poçt məntəqələrində əhaliyə yeni xidmətlərin göstərilməsinə şərait yaratmışdır.
Şərur rayonunun Oğlanqala, Babək rayonunun Xəlilli, Culfa rayonunun Saltaq, Kəngərli rayonunun Yurdçu və Şahbuz rayonunun Daylaqlı kəndlərində yeni poçt bölmələri istifadəyə verilmişdir.
Şərur rayonunda Cəlilkənddə və Qorçulu kəndində, Babək rayonunun Babək qəsəbəsində və Şəkərabad kəndində mövcud karel tipli avtomat telefon stansiyaları yeni nəsil avtomat telefon stansiyaları ilə əvəz olunmuşdur.
Şərur rayonunun Yuxarı Yaycı və Axaməd kəndlərinin hər birində 160, Babək rayonunun Nehrəm və Xəlilli kənd­lərinin hər birində 384, Xal-xal kəndində 176, Ordubad rayonunun Kotam kəndində 96 nömrə tutumlu avtomat telefon stansiyaları quraşdırılmış, Kəngərli rayonunun Yurdçu kəndində 384 nömrə tutumlu avtomat telefon stansiyası yeni binaya köçürülmüşdür.
Ordubad rayonunun mərkəzi avtomat telefon stansiyasında, Şərur rayonunun Qarxun, Mahmudkənd, Yuxarı Yaycı və Xanlıqlar, Babək rayonunun Sirab və Yarımca, Ordubad rayonunun Dəstə və Vənənd, Culfa rayonunun Saltaq kəndlərindəki avtomat telefon stansiyalarının hər birində 1 ədəd 48 portluq DSLAM avadanlığı quraşdırılaraq əhalinin genişzolaqlı internet xidmətindən istifadəsi təmin edilmişdir.
Muxtar respublikada “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 4-cü nəsil LTE şəbəkə sisteminin yaradılması üzrə işlər hazırda davam etdirilir.
Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası istiqamətində 27 fərdi mənzilə fiber-optik kabel xətti çəkilmişdir. Ümumilikdə, hesabat dövründə muxtar respublikada 15 kilometr məsafədə fiber-optik kabel xətti çəkilmişdir.
Muxtar respublika üzrə 679 ədəd yeni telefon şəbəkəyə qoşulmuş, 1 aprel 2016-cı il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 72-yə çatmışdır. Bu dövr ərzində hər yüz nəfərə düşən mobil telefonların sayı isə 104 ədəd təşkil etmişdir.
2016-cı ilin yanvar-mart aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2015-ci ilin müvafiq dövründəki göstəricini 2,6 faiz üstələyərək 12 milyon 112 min 300 manat olmuşdur. Ümumi xidmətlərin 81,7 faizi mobil rabitə xidmətinin payına düşmüşdür. Mobil rabitə xidmətlərinin həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artmışdır.
Elektroenergetika sektorunda davamlı olaraq yeni güclərin yaradılması, infrastrukturun müasir standartlar səviyyəsində yenilənməsi istiqamətində Ordubad rayonunda gücü 36 mVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir.
Muxtar respublikada 7 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilmiş, 6 ədəd müxtəlif güclü transformator yarımstansiyası quraşdırılmışdır.
1 aprel 2016-cı il tarixə muxtar respublikada 83 min 995 əhali abonenti mavi yanacaqla təmin olunmuşdur.
Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılması hazırda davam etdirilir.

Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri
və məşğulluq məsələləri

Dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edən sahibkarlığın inkişafı sahəsində tədbirlər davam etdirilir.
Cari ilin ilk rübü ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 6 milyon 669 min 500 manat təşkil etmişdir. Bu kreditlərdən 4 milyon 710 min 200 manatı fərdi sahibkarlığın inkişafına, 1 milyon 959 min 300 manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunmuşdur. Ümumilikdə, ötən dövr ərzində muxtar respublikada bank və kredit təşkilatları tərəfindən 9 milyon 607 min 100 manat həcmində kreditlərin verilməsi təmin edilmişdir.
2016-cı ilin ötən dövründə muxtar respublikada 3 hüquqi və 301 fiziki şəxs qeydiyyata alınmışdır.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 361 növdə məhsul istehsal olunur. Bu məhsulların 119 növü ərzaq, 242 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
Muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətən 3,5 faiz artaraq 354 milyon 551 min 200 manata, onun hər bir nəfərə düşən həcmi isə 2,4 faizlik artımla 796,7 manata çatmışdır. Cari ilin yanvar-fevral ayları ərzində orta aylıq əməkhaqqının məbləği 400,1 manat təşkil etmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 2,1 faiz çoxdur.
2016-cı ilin ilk 3 ayı ərzində muxtar respublikada 571 yeni iş yeri yaradılmışdır ki, bunun da 550-si və ya 96,3 faizi daimi iş yerləridir.

İstehlak bazarı

Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2016-cı ilin yanvar-mart aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 285 milyon 720 min 400 manat həcmində istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərində Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi və yeraltı qaraj istifadəyə verilmişdir.
Şərur rayonunun Oğlanqala, Babək rayonunun Xəlilli və Yarımca, Culfa rayonunun Saltaq, Kəngərli rayonunun Yurdçu kəndlərində xidmət mərkəzlərinin tikintisi, Şahbuz rayonunun Daylaqlı kəndində xidmət mərkəzinin yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərinin Bulqan kəndində xidmət mərkəzinin tikintisi hazırda davam etdirilir.

Xarici ticarət, bank işi və sığorta fəaliyyəti

Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələnməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmışdır.
2016-cı ilin yanvar-mart aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi bir il öncəyə nisbətdə 8,5 faiz artaraq 64 milyon 199 min 500 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 52 milyon 680 min 700 ABŞ dollarını ixrac, 11 milyon 518 min 800 ABŞ dollarını idxal təşkil etmiş və 41 milyon 161 min 900 ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilməkdədir. 1 aprel 2016-cı il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1127-yə çatmışdır ki, bu da vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərmişdir.
1 aprel 2016-cı il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 55439-a çatmışdır ki, bunun da 50546-sı və ya 91,2 faizi aktiv hesablardır. 2016-cı ilin ilk rübü ərzində açılmış 6057 bank hesabının hamısı aktiv hesablar olmuşdur.
Səmərəli sığorta sisteminin formalaşdırılması istiqamətində tədbirlər davam etdirilməkdədir. 2016-cı ilin ilk rübü ərzində muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 1168,9 min manat olmaqla bir il öncəki göstəricini 0,6 faiz üstələmişdir.

Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin, Naxçıvan Müəllimlər İnstitutunun binalarının tikintisi, Naxçıvan Dövlət Texniki Kollecinin, Ordubad şəhərində Texniki-Peşə və Sürücülük Məktəbinin binalarının yenidən qurulması hazırda davam etdirilir.
Muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı üzrə ixtisaslı kadrların yetişdirilməsi əsas şərtdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı bu sahəyə kompleks şəkildə yanaşmanı təmin etmiş, ixtisaslı kadrların hazırlanmasına geniş imkanlar yaratmışdır.
Muxtar respublikada təhsilin səviyyəsinin daha da yüksəldilməsi, texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə yaradılmış Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə hazırda inşaat işləri davam etdirilir.
Babək rayonunun Xəlilli kəndində 144, Culfa rayonunun Saltaq kəndində 306, Şahbuz rayonunun Daylaqlı kəndində 168 şagird yerlik tam orta məktəb binalarının tikintisi, Şərur rayonunun Oğlanqala kəndində 576, Babək rayonunun Yarımca kəndində 342, Kəngərli rayonunun Yurdçu kəndində 270 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılmışdır.
Şərur şəhərində 2 nömrəli məktəb binasının, Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Çəmənli, Babək rayonunun Məzrə, Ordubad rayonunun Baş Dizə, Culfa rayonunun Gülüstan, Şahbuz rayonunun Kolanı kəndlərində məktəb binalarının tikintisi davam etdirilir.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Babək rayonunun Xəlilli və Şahbuz rayonunun Daylaqlı kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Kəngərli rayonunun Yurdçu kəndində feldşer-mama məntəqəsinin yenidən qurulması başa çatdırılmışdır.
Babək rayonunun Yarımca kəndində həkim ambulatoriyası binasının tikintisi, Şərur rayonunun Oğlanqala, Culfa rayonunun Saltaq kəndlərində həkim ambulatoriyası binalarının yenidən qurulması başa çatdırılmış, Culfa rayonunun Xanəgah kəndində həkim ambulatoriyası binasının tikintisi davam etdirilmişdir.
Sosial layihələr çərçivəsində hesabat dövründə yüksək ixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 107 cərrahi əməliyyat, o cümlədən 21 nəfər xəstədə açıq ürək, 6 nəfər xəstədə göz və 80 nəfər xəstədə digər müxtəlif əməliyyatlar aparılmışdır.
2016-cı ilin ilk rübü ərzində muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 734 min 814 manat həcmində ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
Bu dövr ərzində 435 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 72 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 71 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 27 nəfər sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 76 nəfərə protez-ortopedik xidməti göstərilmiş, 21 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuşdur.
Sosial qayğıya ehtiyacı olan 1 şəhid ailəsinə və 2 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına yeni mənzillər təqdim edilmiş, 14 nəfərin ölkə daxilində müalicəsinə, 31 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 4,7 min nəfər artaraq 1 mart 2016-cı il tarixə 445,2 min nəfərə çatmışdır.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2016-cı ilin yanvar-mart aylarında pensiya və müavinətlərin ödənilməsinə bir il öncəyə nisbətdə 7,2 faiz çox, yəni 30 milyon 559 min manatdan artıq vəsait yönəldilmişdir.
Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilmiş, bu sahədə infra­strukturun yenilənməsi istiqamətində Şərur rayonunda Mahmudkənddə idman meydançasının yenidən qurulması davam etdirilir.
Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi diqqətdə saxlanılmış, Şərur rayonunun Xanlıqlar kəndində “İmamzadə” tarixi abidəsi bərpa edilmiş, Naxçıvan şəhərində məscidin tikintisi, Culfa rayonunda Gülüstan türbəsinin bərpası isə davam etdirilir.
Muxtar respublikada infrastruktur quruculuğu tədbirlərinin genişlənməsi, turizmin kompleks şəkildə inkişafını təmin etmək üçün həyata keçirilən tədbirlər, yeni turizm obyektlərinin istifadəyə verilməsi bu sahənin inkişafına yeni imkanlar açmışdır. Cari ilin ilk rübü ərzində muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 94 minə yaxın turist gəlmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur.

Hüquq-mühafizə orqanları ilə iş

Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının və bu sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər görülür.
Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabitləri üçün yataqxana binasının tikintisi davam etdirilir.
Aparılan təhlillər göstərir ki, muxtar respublikada həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində hərtərəfli inkişafa nail olunmuş, yeni uğurlar əldə edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR