22 Dekabr 2024, Bazar

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış rayon

Bu gün muxtar respublikamızın inzibati ərazi bölgüsünə nəzər salsaq, inkişaf və tərəqqinin fonunda idarəetmənin də təkmilləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünün şahidi olarıq. Muxtar respublikada yeni rayonların yaradılması, mövcud rayonların inzibati ərazi vahidlərində dəyişikliklər edilməsi hesabına regionun inzibati xəritəsi xeyli dəyişib. Bu sırada yeni yaradılan qəsəbələr də vardır. Məlumat üçün bildirək ki, hazırda üçü Ordubad rayonunda, hər birində biri olmaqla Naxçıvan şəhərində, Babək, Kəngərli, Sədərək və Şahbuz rayonlarında 8 qəsəbə var. Onlardan biri də Babək rayonunun mərkəzi Babək qəsəbəsidir. Məlumat üçün bildirək ki, bu rayon 1978-ci il oktyabrın 23-də ümummilli liderimizin Azərbaycanın dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi siyasətinin məntiqi nəticəsi kimi yaradılıb. Bu gün rayonun mərkəzi olan Babək qəsəbəsinin yerləşdiyi ərazi sovet dönəmində Nehrəm kəndinin ictimai təsərrüfatının torpaq sahəsi olub. Araz çayı üzərində su elektrik stansiyası tikilərkən su altında qalan Təzəkənd yaşayış məntəqəsinin sakinləri bu əraziyə köçürülüb. Rayon yaradılarkən həmin kəndə qəsəbə statusu verilərək “Babək” adlandırılıb. Rayona və rayon mərkəzinə bu adın verilməsi mərkəzi hakimiyyətin iradəsinin əksinə olsa da, bu, ulu öndərin qətiyyətinin, daim Azərbaycançılıq mövqeyində dayanmasının, milli yaddaşın bərpası istiqamətində həyata keçirdiyi taleyüklü tədbirlərin məntiqi davamı idi.

Ötən dövr ərzində Babək rayonu hərtərəfli qayğı ilə əhatə olunub, sürətli inkişaf yolu keçib. Rayon mərkəzi, kənd yaşayış məntəqələri muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, reallaşdırılan böyük layihələr hesabına öz simasını tamamilə dəyişib, Babək müasir Azərbaycan rayonuna çevrilib. Bu yazıda söhbətimiz rayon mərkəzinin bugünkü inkişaf və tərəqqisi barədədir.

Ümummilli liderin adını daşıyan prospekt

Bu gün Heydər Əliyev prospekti Babək qəsəbəsinin ən gözəl ünvanlarından biridir. Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Elnur Abbasovla prospekt boyu söhbətimiz də qəsəbə barədədir. Bildirir ki, qəsəbənin ümumi ərazisi 946 hektarı əhatə edir. Bunun 13 hektarı dövlət mülkiyyətində, 445 hektarı xüsusi mülkiyyətdə, 488 hektarı bələdiyyə fondundadır. 3664 nəfərin yaşadığı Babək qəsəbəsi hərtərəfli dövlət qayğısı hesabına inkişafının müasir mərhələsinə qədəm qoyub. Yaradılarkən ucqar tipik əyalət yaşayış məntəqəsinin canlı nümunəsi olan qəsəbəni bu gün tanımaq olmur. Elə götürək Heydər Əliyev prospektini. Ülvi gözəlliyə qovuşmuş bu ərazidə rayonun müxtəlif idarə, müəssisə və təşkilatları üçün yeni binalar inşa edilib. Həmin binalarda çalışan əməkdaşlar yüksək iş şəraiti ilə təmin olunublar. Əraziyə gözəllik gətirən amillərdən biri də yeni obyektlər tikilən ərazilərdə yaşıllıq zolaqlarının salınmasıdır. Qəsəbədə, demək olar ki, bu işlər paralel aparılır. Ötən il də qəsəbədə bir sıra quruculuq və yaşıllaşdırma tədbirləri həyata keçirilib. Rayon prokurorluğu üçün yeni bina istifadəyə verilib. Cari ilin fevral ayının 5-dən daha 3 təşkilat – Babək Rayon Uşaq-Gənc­lər Şahmat Məktəbi, rayon Qeydiyyat Şöbəsi və Dövlət Notariat Kontoru yeni binalarda fəaliyyətlərini davam etdirməyə başlayıblar.

Yeni quruculuq ünvanları

İcra nümayəndəsi hazırda qəsəbədə 3 obyektin inşa olunduğunu bildirir və həmin ünvanlara getməyimizi məsləhət görür. Onlardan biri rayon İcra Hakimiyyətinin yaxınlığında Mərkəzi Xəstəxana üçün inşa olunan yeni binadır. Növbəti quruculuq tədbiri bölgə sakinlərinə davamlı dövlət qayğısının bariz ifadəsi kimi sakinlər tərəfindən minnətdarlıqla qarşılanıb. Obyektin inşası “Dizayn Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. Tikinti işlərinə 2011-ci ilin sonlarından başlanılıb. Yeni bina zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarətdir. Zirzəmidə qazanxana, mətbəx, yeməkxana, izolyator otağı yerləşəcək. Birinci mərtəbə Ginekologiya şöbəsi və təcili yardım xidməti üçün nəzərdə tutulub. Əməliyyat bloku, Reanimasiya, Cərrahiyyə və Poliklinika şöbələri ikinci mərtəbədə fəaliyyət göstərəcək. İnzibati hissə və Stasionar şöbə üçün üçüncü mərtəbə ayrılacaq. 
Obyektdə hörgü işləri tamamilə başa çatdırılıb, çardaq hissə qurulub, qapı-pəncərələr salınıb, tavan-döşəmə müasir arxitektura üslubunda işlənilib. Hazırda inşaatçılar binanın üzlənməsi, həyətyanı ərazinin abadlaşdırılması ilə məşğuldurlar. Qeyd edək ki, bu quruculuq ünvanında da yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunub. Ümumilikdə isə tikintidə, əsasən, yerli inşaat materiallarına üstünlük verilib, keyfiyyət amilinə xüsusi diqqət yetirilib. İnşaatçılar çalışırlar ki, son tamamlama işlərini vaxtında başa çatdırsınlar.
Xəstəxana binasının yaxınlığında isə Babək rayonunun tarixini özündə qoruyub saxlayan Tarix-Diyarşünaslıq Muzeyinin binası yenidən qurulur. Ulu keçmişimizə böyük diqqət və ehtiramın ifadəsi olan bu quruculuq tədbirində müasir memarlıq elementlərindən istifadəyə üstünlük verilir. İnşaatçılar yaradılmış şəraitdən səmərəli istifadə edir, qəsəbəyə xüsusi yaraşıq gətirəcək bu binanın yenidən qurulmasını yüksək səviyyədə həyata keçirməyə çalışırlar.
Muzey binasının yaxınlığında 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin ərazisi də yenidən qurulur. Daha bir tikinti-quruculuq tədbiri isə gələcəyimiz olan uşaqlara qayğının ifadəsi kimi diqqəti çəkir. Bu, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan uşaq bağçasının binasıdır. Yeni obyektin tikintisinə bu yaxınlarda başlanılıb.
Qəsəbədə yeni su və kanalizasiya xətlərinin də çəkilişi aparılır. Göründüyü kimi, qəsəbənin ulu öndərimizin arzularına uyğun olaraq, abadlaşdırılması istiqamətində xeyli iş görülüb və bu gün də görülməkdədir. Burada bir məsələni də qeyd edək ki, qəsəbədə hər bir tədbirin reallaşdırılmasında, qurulanların qorunmasında sakinlər fəallıq göstərirlər.

Babək qəsəbəsi inkişafın müasir mərhələsindədir və ya sakinlərin ürək sözləri

Yazı hazırladığım yaşayış məntəqələrində insanlarla görüşmək adətimdir. Bu görüşlərdə bu gün muxtar respublikada, konkret olaraq, həmin insanların məskunlaşdıqları ünvanlarda həyata keçirilən tədbirlərə münasibətlərini öyrənmək daha maraqlıdır.
İcra nümayəndəsi bildirir ki, rayonda həyata keçirilən tədbirlərdə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı üzvlərinin əməyini qeyd etməmək olmaz. Üz tuturuq rayon təşkilatının fəaliyyət göstərdiyi binaya. Öyrənirik ki, qəsəbədə rayon təşkilatının 29 ərazi ilk təşkilatı var. Bu təşkilatlar 970 nəfər partiya üzvünü özündə birləşdirir. Onlar qəsəbədə keçirilən tədbirlərin önündə gedirlər.
Hüseyn İsmayılov: – O yerdə insanın yaşamaq, qurub-yaratmaq əzmi yüksək olur ki, orada insan hərtərəfli qayğı görür. Bu gün fəxrlə demək olar ki, partiya fəallarımızda belə əzmkarlıq yüksək səviyyədədir. Bu həm də onunla bağlıdır ki, həyata keçirilən işlərin rayonumuz, qəsəbəmiz, kənd yaşayış məntəqələri, bu ünvanlarda yaşayan insanlar üçün olduğunu yaxşı dərk edirik. Sevinirik ki, qəsəbəmiz sürətlə inkişaf edir. Burada emal və istehsal müəssisələri açılır, yeni iş yerləri yaradılır. Bu da əhalinin məşğulluğunun təmin olunmasında, daxili bazarda yerli məhsulun xüsusi çəkisinin artırılmasında mühüm əhəmiyyət kəsb edir. Qəsəbədə sahibkarlığın inkişafına geniş meydan verilməsinin nəticəsidir ki, 11 emal, istehsal və xidmət müəssisəsi fəaliyyət göstərir. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin Beton Zavodunda, lavaş istehsalı müəssisəsində, digər sahibkarlıq subyektlərində 100-ə yaxın insan özünə yeni iş yeri tapıb. Bu qədər insanın işlə təmin edilməsi bir o qədər ailənin güzəranının yaxşılaşdırılması deməkdir.
İsmayıl Abbasov: – Muxtar respublikamızda bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, böyük uğurlar qazanılmasın, yüksək nəticələrə nail olunmasın. Uzağa getməyək. Götürək elə Babək qəsəbəsini. Bu qəsəbə 17 il bundan əvvəl geridə qalmış ucqar dağ kəndindən seçilmirdi. Qəsəbənin o günlərini yaxşı xatırlayıram. Bu gün rayon mərkəzində hara baxsan, yeniliyin şahidi olarsan. Geniş yollar salınıb, fərdi yaşayış evləri tikilib. Yaşıllıqlar göz oxşayır. Müasir işıqlandırma sistemi qəsəbənin gecəsini gündüzə çevirib. Bütün bunlar muxtar respublikamızda insan amilinin diqqətdə saxlanılmasının göstəricisidir.

Təhsil işçiləri də razılıq etdilər

Qəsəbədəki orta məktəbə üz tuturuq. İlk olaraq bu təhsil ocağı barədə bir neçə kəlmə söz demək istəyirəm. Heydər Əliyev prospektində yerləşən məktəb binası 2007-ci il sentyabr ayının 15-də istifadəyə verilib. 756 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Hazırda məktəbdə 490 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur. Məktəbin direktoru Əli Hacıyev bildirir ki, ötən tədris ilində məktəbi 52 məzun bitirib. Onlardan 39-u ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Sənəd təqdim edənlərdən 19 nəfəri ali məktəblərin, 7 nəfəri isə orta ixtisas məktəblərinin tələbəsi adına layiq görülüblər. Qəbul olunanlar içərisində 7 nəfər 500-700 intervalında bal toplayıb. Məktəbin müəllimləri qazanılan bu uğurları muxtar respublikada təhsilə göstərilən qayğı ilə əlaqələndirdilər.
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Gülxar Novruzova dedi ki, Babək qəsəbəsi bu gün muxtar respublikadakı digər qəsəbələr kimi sürətlə inkişaf edir. Biz sakinlər fəxr edirik ki, Babək qəsəbəsi şəhərlərimizlə müqayisə ediləcək dərəcədə gözəlləşməkdədir. Bu gözəlliyin elə-belə başa gəlmədiyini bilirik. Ona görə də hər bir sənət və peşə adamı səy və bacarığını əsirgəməyərək çalışdığı sahədə böyük uğurlara nail olmalı, göstərilən qayğıya əməli işlə cavab verməlidir. Elə bunun üçün də hər cür imkanlarımız var. Bu imkanlardan səmərəli istifadə edən insanlar qəsəbəmizlə yanaşı, həm də rayonumuzun, muxtar respublikamızın, nəticə etibarı ilə, ölkəmizin inkişafına töhfələrini vermiş olar.

Sabahı daha gözəl olacaq Babəkin

Qəsəbədə müxtəlif təbəqələri təmsil edən insanlarla söhbətlərimdən gəldiyim nəticə bu oldu ki, rayon mərkəzinin sakinləri yaşadıqları yurd yerinin sabah daha gözəl olacağına inanırlar. İnanırlar ki, təşəbbüskarlıq, sabaha cavabdehlik və tapşırılan vəzifəyə məsuliyyət hissi vətəndaşlıq borcuna çevrilən yerdə böyük uğurlara nail olmaq mümkündür.

 Muxtar MƏMMƏDOV
Əsədulla SƏFƏROV (foto)

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR