Muxtar respublikamızda yerli xammaldan səmərəli istifadə etməklə daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müxtəlif təyinatlı yeni istehsal müəssisələri yaradılır və ya mütərəqqi texnologiyalar tətbiq olunmaqla fəaliyyəti dayanmış müəssisələrin işi bərpa edilir. Tikinti materiallarına olan tələbatın ödənilməsi istiqamətində də mühüm işlər görülür, tikinti materialları istehsal edən müəssisələr fəaliyyətə başlayır. Təbii ki, bu da tikinti-quraşdırma işlərinin sürətlə aparılmasına rəvac verir.
“Gəmiqaya Kərpic Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti də son illər Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılmışdır.
Muxtar respublikamızda belə müəssisələrin yaradılmasının nəticəsidir ki, daxili bazar keyfiyyətli yerli tikinti materialları ilə təmin olunur. İldən-ilə genişlənən quruculuq tədbirləri Kərpic Zavodunun istehsal gücünün artırılması və qış mövsümündə də tam gücü ilə işləməsi zərurətini yaratmışdır. Bu məqsədlə hazırlanmış layihəyə uyğun olaraq qurutma sexində Türkiyə istehsalı olan və kompüterlə idarə edilən müasir texnoloji avadanlıqlar quraşdırılmış, kərpiclə dolu diyircəkli arabaların avtomatik hərəkəti üçün dəmir relslər çəkilmiş, istiliklə təminat və nəmliyin aradan qaldırılması üçün xüsusi qurğular qurulmuşdur.
Eni 12, uzunluğu 50 metr olan süniqurutma sexi 4 kameradan ibarətdir. Hər kameraya ilkin olaraq 13 min ədəd kərpic yığılır. İlk mərhələdə kərpicin nəmliyi götürülür, ikinci mərhələdə qurutma prosesi başlanır. Rejimə uyğun olaraq, hər 7-15 dəqiqədən bir qapılar avtomatik açılır, hər kameradan kərpic dolu birdiyircəkli araba xaric olmaqla, digəri sexə daxil olur. Ümumilikdə, qurutma sexinin 8 saatlıq iş rejimində gündəlik istehsal gücü 20 min kərpicdir.
Kərpicbişirmə sexində yaranan istilik xüsusi borularla aspirator vasitəsilə sorulub süniqurutma sexinə ötürülür. Bununla həm istilik sisteminin dövriyyəsi təmin edilir, həm də enerji itkisinin qarşısı alınır. Zərurət yarandıqda isə qurutma sexində qurulmuş istilik avadanlığından da istifadə edilir. Qurutma sexinin istifadəyə verilməsi ilə zavodun mövsümdən asılılığı aradan qaldırılmış, müəssisənin fasiləsiz fəaliyyəti təmin edilmişdir. Müəssisənin bir-birini tamamlayan 3 istehsal sahəsində – kərpickəsmə, kərpicbişirmə və qurutma sexlərində istehsal prosesinin təkmilləşdirilməsi və daha müasir texnoloji avadanlıqların alınıb quraşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Layihəyə uyğun olaraq, kəsmə sexində yeni müasir texnoloji avadanlıqlar quraşdırılmış, xammalın iki mərhələdə üyüdülməsi təmin edilmiş, kərpicbişirmə sexində əlavə sobalar tikilmiş, mövcud sobaların daxili odadavamlı kərpiclə üzlənmişdir. Süniqurutma sexində isə Türkiyə istehsalı olan daha bir istilik avadanlığı quraşdırılmışdır. İstehsal olunan məhsulun təbii hava şəraitində qurudulması və saxlanılması üçün əlavə çardaqlar qurulmuş, rəflər hazırlanmış, zavod daxilində yük daşınması üçün yüksək manevr etmək imkanlarına malik müasir texnikalar alınmışdır.
Fəaliyyətə başlayan zaman gün ərzində 25 min ədəd kərpic istehsal olunan zavodda hazırda 45-50 min ədəd kərpic istehsal etmək imkanı yaradılmışdır.
Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar məhsulun keyfiyyətli istehsal olunmasında mühüm rol oynayır. Zavod xammalın yerləşdiyi ərazidə inşa olunduğundan əlavə daşınma xərci çəkilmir, boşdayanma hallarına yol verilmir.
Muxtar respublikamızın sosial-iqtisadi inkişafının və əhalinin maddi rifahının daha da yaxşılaşmasının nəticəsidir ki, zavodda istehsal edilən səsboğucu, radiasiyasız, yayda sərin, qışda isə isti saxlayan keyfiyyətli tikinti materialı kimi kərpicə tələbat ildən-ilə artır. Zavodun istehsal gücünün artırılması artan tələbatın ödənilməsinə və daxili bazarın keyfiyyətli yerli tikinti materialları ilə təmin edilməsinə əlverişli şərait yaratmaqla bərabər, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynamışdır. Müəssisədə çalışan işçilər yüksək əməkhaqqı, xüsusi geyim formaları və servis xidməti ilə təmin olunurlar. Kollektiv xüsusilə tikinti mövsümündə inşaat materialı kimi kərpicə artan tələbatın ödənilməsi üçün hərtərəfli hazırlıq işləri görür, mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərir.
Kərəm Həsənov