23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində təhsil alan tələbələrlə görüş keçirib.
Naxçıvan Biznes Mərkəzində keçirilən görüşdə tələbələr əvvəlcə yerli istehsal məhsullarından və əl işlərindən ibarət sərgiyə baxıblar.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov adıçəkilən sərəncamın əhəmiyyəti, bununla bağlı qarşıya qoyulmuş vəzifələr barədə danışıb. Qeyd edib ki, müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadr hesab olunur. Ona görə iqtisadiyyatın müxtəlif sahələri üzrə kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada da son illər bu sahədə kompleks tədbirlər həyata keçirilir.

“Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası ölkəmizdə, eləcə də muxtar respublikamızda bütün sahələrin hərtərəfli inkişafına şərait yaradıb. Qəbul edilmiş dövlət proqramları nəticəsində Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahədə fəallığı təcəssüm etdirən makroiqtisadi göstəricilər yüksəlib, iqtisadi infra­struktur qurulub, yeni müəssisələr yaradılıb”, – deyən nazir diqqətə çatdırıb ki, 1991-ci ildə muxtar respublika iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 1 milyon 794 min 900 manat idisə, bu göstərici ötən müddət ərzində dəfələrlə artaraq 951 milyon 196 min 500 manat təşkil edib. Son 20 ildə muxtar respublika iqtisadiyyatına 6 milyard 699 milyon manat investisiya qoyulub, nəticədə, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizi ötüb.
Vurğulanıb ki, həyata keçirilən tədbirlər muxtar respublikada sahibkarlığın inkişafına geniş imkanlar açıb. Bu gün muxtar respublikada fəaliyyət göstərən ixrac potensiallı 51 müəssisədə istehsal olunan ixracyönümlü məhsullar Türkiyə, Ukrayna, Qazaxıstan, Gürcüstan, Belarus, Polşa, Latviya, Litva, Türkmənistan, Tacikistan, Rusiya və İran kimi ölkələrə göndərilir. Muxtar respublikanın xarici ticarət dövriyyəsi 1991-ci illə müqayisədə 224 dəfə artaraq 512 milyon ABŞ dollarından çox olub ki, bunun da 414 milyon ABŞ dolları ixracın, 98 milyon ABŞ dolları idxalın payına düşüb. Bu da xarici ticarətdə yaranmış müsbət saldonun davamlılığını təmin edib.
Sonra tələbələrin İqtisadiyyat Nazirliyinin nəzdindəki müvafiq bölmələrdə iş prosesini əsaslı şəkildə mənimsəmələri ilə bağlı təkliflər müzakirə olunub, suallar cavablandırılıb.
Sonda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən slayd nümayiş etdirilib, əyani vəsaitlər paylanılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR