Bu gün muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri müasir şəhərsalma prinsipləri əsasında qurulur. Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində yeni inzibati binalar, sosial obyektlər tikilərək istifadəyə verilir. İctimai yaşayış binalarının təmir edilməsi və əhalinin kommunal-məişət şəraitinin yaxşılaşması da aparılan tikinti-quruculuq işlərinin tərkib hissəsidir.
Əsaslı təmir işləri hazırda “Atabəylər” məhəlləsində də davam etdirilir. Ötən müddətdə bu məhəllədəki 5 və 6 nömrəli yaşayış binalarında artıq işlər yekunlaşdırılıb. Təmir zamanı yaşayış binalarına yeni görkəm verilməklə yanaşı, kommunikasiya xətləri də yenilənib. Bu tədbirlərin davamı olaraq adıçəkilən məhəllədəki 4 nömrəli binada təmir işlərinə başlanılıb. Burada əsaslı təmir işlərini “Cahan İnşaat” MMC-nin kollektivi həyata keçirir. Binanın qapı və pəncərələri tamamilə yenilənir, fasadı üzlənir, tikiliyə yüksəkkeyfiyyətli dam örtüyü vurulur, elektrik və rabitə xətləri yenisi ilə əvəzlənir.
Xəbərlər şöbəsi