Kənd təsərrüfatının əsas sahələrindən biri olan əkinçiliyin strukturuna nəzər saldıqda strateji əhəmiyyətinə görə dənli taxıl bitkilərindən sonra ikinci yeri kartof tutur. Kartof ən qiymətli kənd təsərrüfatı bitkilərindən biridir. Təsadüfi deyil ki, onu el arasında “ikinci çörək” də adlandırırlar. Bu məhsuldan ilboyu istifadə olunduğu üçün ona ərzaq kimi həmişə tələbat vardır. Muxtar respublikanın torpaq-iqlim şəraiti kartofçuluğu inkişaf etdirməklə əhalinin ilboyu yerli kartof məhsulu ilə təmin olunmasına imkan verir.
Uzun illərin təcrübəsi və aparılan təhlillər göstərir ki, kartof əkinlərinə düzgün aqrotexniki qulluq göstərdikdə vahid sahədən başqa bitkilərə nisbətən daha artıq gəlir götürmək olur. Yadda saxlamaq lazımdır ki, kartofun becərilməsində hər hansı bir aqrotexniki tədbiri aparmadıqda və ya yubatdıqda, bu, məhsuldarlığa 70-80 faizə qədər mənfi təsir göstərir. Belə vəziyyəti aradan qaldırmaq üçün bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir. Kartof münbit, dənəvər, havanı yaxşı keçirən, yüngül, az və orta gilli torpaqları sevir. Bu bitkinin qida maddələrinə tələbatı böyükdür.
Kartof torpaqdan 26 adda qida elementləri götürür. Bu ərzaq məhsulu üçün ən yaxşı sələf bitkiləri kimi payızlıq buğda, arpa, çoxillik paxlalılar, xiyar və sair bitkilərdir. Kartofun öz fəsiləsindən olan (kartof, pomidor, bibər, badımcan və sair) bitkilərdən sonra əkilməsi məsləhət deyildir. Çünki birtərəfli qidalanma getdiyi üçün həm sahələrin qida elementlərinə tələbatı çox, həm də eyni fəsilənin bitkiləri olduğu üçün bu sahələrdə xəstəlik və ziyanvericilər daha artıq olur.
Kartof əkiləcək sahənin hazırlanmasına payızda başlamaq lazımdır. Sələf bitkiləri yığılan kimi sahəyə hər hektara 20-30 ton hesabı ilə üzvi gübrə verilməli, sahə 28-30 santimetr dərinlikdə şumlanmalıdır.
Kartof üzvi və mineral gübrələrə tələbkar bitkidir. Ona görə də gübrələmə sisteminə əsas və əlavə, yəni yemləmə şəklində verilən gübrələr daxildir.
Bəzən mülkiyyətçilər torpaqda qida maddələrinin balansını mineral gübrələrin hesabına ödəməklə kifayətlənirlər. Yadda saxlamaq lazımdır ki, üzvi gübrə torpağı mikroelementlərlə zənginləşdirməklə yanaşı, torpaqda gedən mikrobioloji prosesləri də fəallaşdırır ki, bu da bitkilərin böyüyüb inkişaf etməsi üçün əlverişli şərait yaradır. Buna görə də şum altına üzvi gübrələrin verilməsi vacib aqrotexniki tədbirlərdən biridir.
Kartofun qida maddələri ilə təmin olunmasında mineral gübrələrin də rolu böyükdür. Muxtar respublika şəraitində kartof əkini sahəsinə təqribi hesablamalara görə fiziki çəkidə 250-300 kiloqram azot, 300-400 kiloqram fosfor, 100-150 kiloqram kalium verilməsi məsləhətdir. Mineral gübrələr elə verilməlidir ki, bitki ondan vegetasiyanın sonuna qədər bütün inkişaf mərhələlərində istifadə edə bilsin. Payızda şum altına fosfor gübrəsi normasının 60 faizi verilməlidir. Azot və kalium gübrələrinin 50 faizi, fosforun 40 faizi torpağa erkən yazda əkindən qabaq, qalan hissələri isə qönçələmənin başlanğıcında əlavə yemləmə kimi verilməlidir.
Kartof bitkisindən yüksək məhsul götürülməsinin başlıca şərtlərindən biri də əkin materialıdır. Əkin üçün istifadə olunacaq yumrular standarta uyğun, sağlam, cücərmə qabiliyyətinə malik və yüksək reproduksiyalı olmalıdır. Əkiləcək toxumların 40-50 qram və daha artıq çəkili olması məsləhətdir.
Əkindən qabaq yumruların cücərdilməsi çox vacib aqrotexniki tədbirdir. Bu, onların torpaq səthinə tez çıxmasına şərait yaradır və cücərdilmiş kartofun vegetasiya müddətini qısaldaraq bitkinin inkişaf dövrünü tez başa vurmasına səbəb olur.
Maşınla əkilən kartof toxumunun cücərdilməsi əl ilə əkilən toxumun cücərdilməsindən fərqli olmalıdır. Belə ki, kartof toxumları 0,3-0,5 santimetrə qədər cücərdilərək əl ilə əkilə bilər. Ancaq maşınla əkilən toxumlar cücərtilər göründüyü andan etibarən əkin aparılmalıdır.
Cücərdilmiş yumrular cücərdilməmiş yumrulara nisbətən 30-40 sentner çox məhsul verir. Kartofun məhsuldarlığı əkin müddətindən də çox asılıdır. Əkin müddəti gecikdirildikdə yumruların əmələ gəlməsi isti vaxta düşür və məhsuldarlıq azalır. Yüksək məhsul almaq üçün onu erkən yazda torpaq-iqlim şəraiti imkan verən kimi mütləq cücərdilmiş yumrularla əkmək məsləhətdir.
Əkinə hazırlıq işlərinin son mərhələsi toxumun əkinqabağı dərmanlanmasıdır. Əkinqabağı toxumun dərmanlanması yumruların çıxışvermə qabiliyyətini 7-8 faiz tezləşdirərək bitkilərin xəstəliklərə qarşı davamlılığını ən azı 2-3 dəfə artırır. Bunun üçün 0,3 kiloqram poliram 100 litr suda həll olunur və bu məhlulda 2,5-3,5 ton kartof isladılaraq 10 dəqiqədən sonra toxum əkilir.
Əkin sxemi cərgəarası 70 santimetr, bitkiarası 30-35 santimetr olmaqla aparılır. Bu sxem kartofun yetişkənliyindən də asılıdır. Tezyetişən sortlar gecyetişən sortlara nisbətən sıx əkilir. Torpağın 10-15 santimetr dərinliyində temperatur 7-8 dərəcə isti olduqda toxumlar 6-7 santimetr dərinlikdə basdırılmalıdır.
Kartof yumruları əkildikdən sonra, əgər hava yağıntılı keçərsə və torpaqda nəmlik tutumu yüksək olarsa, həmin sahəni suvarmağa ehtiyac yoxdur. Əks halda, çıxışı tezləşdirmək üçün sahə mütləq suvarılmalıdır.
Toxumluq kartof yumrularının iri və xırdalığından, eləcə də əkin üsulundan asılı olaraq, hər hektara əkin norması 2,5-3,5 tona qədərdir.
Kütləvi çıxış alındıqdan sonra bitkilərə qulluq olunmalıdır. Kartof kollarının boyu 18-20 santimetrə çatanda birinci dibdoldurma, sonrakı becərmələr isə tələbata uyğun olaraq aparılır. Kartof çiçək açmağa başladıqda ikinci dibdoldurma həyata keçirilir.
Kartofu çiçəkləmə fazasına qədər torpağın nəmliyindən asılı olaraq 1-2 dəfə suvarmaq kifayətdir. Çiçəkləmə fazasında suya tələbat çoxaldığından havanın temperaturundan, quraqlıqdan asılı olaraq kartof sahələri həftədə bir dəfə suvarılmalıdır.
Kartofa göstərilən əsas qulluq işlərindən biri də xəstəlik və ziyanvericilərə qarşı vaxtında mübarizə aparmaqdır. Əgər bu tədbir vaxtında aparılmazsa, çoxlu məhsul itkisinə səbəb ola bilər.
Muxtar respublika şəraitində kartofa ən çox ziyan vuran fitoftora xəstəliyi və kolorado böcəyidir. Fitoftora xəstəliyinə qarşı bordo, ridomil preparatlarından 2,5 kiloqram/hektar normada istifadə etməklə xəstəliyin qarşısını almaq mümkündür.
Kartofa ən çox ziyan verən ziyanverici kolorado böcəyidir. Kolların üzərində böcəyin sürfələri müşahidə olunduqda konfidor, arrivo, desis karate və sumi-alfa preparatlarından biri ilə çiləmə aparılmalıdır.
Kartofun qorxulu zərərvericilərindən biri də kartof güvəsidir. Bu zərərverici kartof yumruları 40-60 qram olan zaman və məhsul yığımına az qalmış daha çox zərər verir, kartof yumrularını zədələyir. Zədələnmiş yumrular növbəti vegetasiya suvarmaları zamanı qaralır. Fermerlər bunu bəzən xəstəlik və ya çox suvarma ilə əlaqələndirirlər. Amma bu, sadəcə, kartof güvəsinin vurduğu ziyandır. Kartof güvəsinə qarşı hər hektara 1 litr normasında diazinon və ya 300-400 qram konfidor çilənməlidir. Çiləmə kartof güvəsinin yumurta qoyduğu və sürfələr çıxdığı vaxt aparılmalıdır.
Əgər sahədə məftil qurdları müşahidə edilərsə, bu zaman yemləmə gübrəsi ilə birlikdə hər hektara 5 kiloqram rigent preparatı gübrəyə qarışdırılaraq sahəyə verilməlidir.
Kartofun yığımı sortundan və əkin vaxtından asılı olaraq iyun-iyul və avqust aylarında aparılır. Yığımdan 1-2 həftə əvvəl kartof sahəsində bitkinin yerüstü hissəsi biçilib götürülməlidir. Bu əməliyyat kartof qabığının bərkiməsinə kömək edir, yumruların xəstəliklərə tutulması faizini azaldır.
Kartof əkinlərinin vaxtında və keyfiyyətlə aparılması üçün torpaq mülkiyyətçilərinin toxuma olan tələbatının təmin edilməsi vacib şərtlərdən biridir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən gətirilmiş və muxtar respublikanın torpaq-iqlim şəraitində sınaqdan çıxmış, yüksək məhsul verən santa və qranula sortlu kartof toxumlarının nazirliyin anbarlarında münasib qiymətə satışı həyata keçirilir. Sahibkarlar kartof toxumu almaq üçün həmin ünvana müraciət edə bilərlər.
Ədalət HÜSEYNOV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı