23 Dekabr 2024, Bazar ertəsi

Məlum olduğu kimi, bu il martın 29-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə əlaqədar keçirilən səyyari müşavirədə muxtar respublikada əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının sığortalanmasının təmin olunması tapşırığı verilib.

Muxtar respublikamızda aqrar sahənin inkişaf etdirilməsi üçün qarşıya qoyulmuş bu vacib tapşırığın icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birgə torpaq mülkiyyətçiləri ilə maarifləndirici tədbirlər keçirməyə başlayıb. İlk olaraq belə tədbirlər Şərur və Sədərək rayonlarında keçirilib.

Muxtar respublikamızın iri kənd təsərrüfatı rayonu olan Şərurda keçirilən tədbirdə rayonun Xanlıqlar, Axaməd, Kürkənd, Oğlanqala, Çomaxtur, Zeyvə kəndlərindən olan fermer və torpaq mülkiyyətçiləri ilə kənd təsərrüfatı sığortasının əhəmiyyəti barəsində söhbətlər aparılıb, baş verə biləcək gözlənilməz hallar nəticəsində sahibkarlara dəyə biləcək maddi zərərlərin qarşılığını ödəmək haqqında məlumatlar verilib.
Bildirilib ki, kənd təsərrüfatı bitkilərinin, bağların məhsullarının sığorta məbləği məhsulun dəyərinin 70 faizi həcmində hesablanır. Mövcud qanunlara əsasən, ölkəmizdə göyərti istisna olunmaqla, tərəvəz sahələrinin, üzüm, meyvə bağları, buğda, arpa, qarğıdalı, dən üçün günəbaxan, kartof, şəkər çuğunduru məhsulları yanğın, dolu, sel, daşqın, şaxta kimi hadisələrdən sığortalanan zaman bağlanılan sığorta müqavilələrində hesablanmış sığortahaqlarının 50 faizi dövlət büdcəsinin vəsaiti, 50 faizi isə sahibkarın hesabına ödənilir. İribuynuzlu malların sığorta məbləği isə bazar qiymətinin 70 faizi həcmində və 6 faiz sığorta tarifi dərəcəsinə uyğun hesablanır. Xırdabuynuzlu heyvanlar üçün isə bu rəqəm 8 faizdir.
Sədərək Kənd Mərkəzində keçirilən tədbirdə də bu kənddə yaşayan fermer və əkinçilərlə maarifləndirici söhbətlər aparılıb. Tədbirdə sədərəkli torpaq mülkiyyətçilərinə sığortanın faydaları haqqında məlumatlar verilərək bildirilib ki, əkin sahələrinin, kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı texnikalarının könüllü sığortası ilə yanğın, sel, dolu, daşqın, şaxtavurma kimi gözlənilməz hadisələrdən sahibkarlara dəyə biləcək maddi zərərlərin əvəzinin ödənilməsi onların işinin uğuru üçün çox vacibdir.
Keçirilən maarifləndirici tədbirlərdən sonra könüllü olaraq öz təsərrüfatlarını sığortalamaq istəyən torpaq mülkiyyətçiləri ilə sığorta müqavilələri bağlanılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR