23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublika iqtisadiyyatının inkişafında bank sektoru mühüm rola malikdir. Ayrı-ayrı sahələrə kreditlər verməklə real sektorun dəstəklənməsi, müxtəlif istehsal və xidmət sahələrinin yaradılması, əhali məşğulluğunun təmin edilməsində banklarımız qarşısında ciddi vəzifələr qoyulub. Məqsəd Naxçıvan Muxtar Respublikasında iqtisadi artımın stimullaşdırılması və əhali tələbatlarının ödənilməsidir. 

Muxtar respublikamızda kreditləşmə iqtisadiyyatın müxtəlif sahələri üzrə aparılır. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumatda bildirilir ki, muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafına nail olmaq üçün banklar və kredit təşkilatları tərəfindən bu sahəyə verilən güzəştli kreditlər kənd təsərrüfatı məhsullarının istehsalının artımına, istehsal edilmiş məhsulların ixracına, məşğulluğun artırılmasına səbəb olub. Məlumatda özəl sektorun inkişafı və sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi məqsədilə bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin həcminin genişləndirilməsinin, onların çoxşaxəli və səmərəli olmasının təmin edilməsinin, daha münasib faiz dərəcələrinin tətbiqinin də qarşıya qoyulan mühüm vəzifələr olduğu bildirilir.

Rəqəmlərin dili ilə desək, muxtar respublikanın bankları tərəfindən ümumi kredit qoyuluşu ötən illə müqayisədə xeyli artaraq 1 aprel 2016-cı il tarixə 117 milyon 967 min manat olub. Kredit portfelinin 15 milyon 423 min manatı qısamüddətli, 102 milyon 545 min manatı isə uzunmüddətli kreditlərin payına düşür. Kredit portfelinin 62,2 faizini sənaye, istehsal və kənd təsərrüfatı sahələri üzrə verilmiş kreditlər təşkil edir. Təkcə 2016-cı ilin birinci rübü ərzində verilmiş kreditlərin həcmi isə 9 milyon 607 min manat olub ki, bunun da 4 milyon 450 min manatını qısamüddətli, 5 milyon 157 min manatını isə uzunmüddətli kreditlər təşkil edir. Bu dövr ərzində prioritet istiqamətlərdən biri olan kənd təsərrüfatının inkişafı üzrə kredit qoyuluşunun həcmi 3 milyon 752 min manata, yəni ümumi kreditləşmənin 39,1 faizinə çatıb. Bu kreditlər, əsasən, heyvandarlıq və bitkiçilik, meyvəçilik, arıçılıq və quşçuluğun inkişafına yönəldilib. Real sektorun, fərdi təsərrüfatların inkişafı məqsədilə cari ilin birinci rübü ərzində sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi də artaraq 2 milyon 922 min manata, ümumi kredit portfelinin 30,5 faizinə çatıb.
Bununla yanaşı, muxtar respublika sakinlərinə verilmiş 2 milyon 522 min manat məbləğində şəxsi istehlak və daşınmaz əmlak alınması üçün, 409 min manat məbləğində ipoteka kreditləri də vətəndaşların maddi rifah səviyyəsinin yüksəldilməsində mühüm rol oynayıb.
Bank sektorunun mühüm bir göstəricisi də əhali əmanətlərinin cəlb olunmasıdır. Belə ki, 2016-cı ilin 1 aprel tarixinə əhalinin banklarda yerləşdirilən əmanətlərinin həcmi 6 milyon 835 min manat olub. Milli valyutamız olan manatla yerləşdirilən əmanətlərin həcmi 2 milyon 635 min manat, xarici valyuta ilə yerləşdirilən əmanətlərin həcmi isə manat ekvivalenti ilə 4 milyon 200 min manat təşkil edib. Bu dövrdə milli valyutada olan əmanətlərin həcmində artım qeydə alınıb. 2016-cı ilin ilk üç ayında 23 hüquqi, 6034 fiziki şəxs olmaqla, 6057 müştəriyə yeni bank hesabı açılıb. Ümumilikdə, banklarımız tərəfindən xidmət olunan hesabların 50 min 546-sı işlək hesab olub ki, onların 1381-i hüquqi, 49 min 165-i fiziki şəxsdir.
2016-cı ilin ilk 3 ayı ərzində Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 99 milyon 630 min manat nağd pul dövriyyəyə buraxılıb.
Muxtar respublikada iqtisadi inkişaf üçün bank sektoru qarşısına qoyulmuş vacib məsələlərdən biri də elektron ödəniş məkanının genişləndirilməsi və nağdsız pul dövriyyəsinin artırılmasıdır. Belə ki, 2 mart 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və aidiyyəti dövlət qurumları qarşısında bir sıra vəzifələr qoyulub. Ötən dövrdə bu istiqamətdə xeyli işlər görülməsinə nail olunub. Belə ki, nağdsız ödəniş infrastrukturunun mühüm elementlərindən sayılan POS-terminal şəbəkəsinin genişləndirilməsi işləri muxtar respublikanın şəhər, rayon və kənd mərkəzlərində davam etdirilərək ötən ilin eyni dövrü ilə müqayisədə 179 ədəd artaraq 1 aprel 2016-cı il tarixə 1127 ədədə çatdırılıb. Quraşdırılan nağdsız ödəniş cihazlarının 533 ədədi Naxçıvan şəhərində, 594 ədədi isə rayon və kənd mərkəzlərində yerləşir. Bu dövrdə aktiv ödəniş kartlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artaraq 228 min 739 ədəd olub. 2016-cı ilin 1 aprel tarixinə muxtar respublika üzrə 56 ədədi Naxçıvan şəhərində, 43 ədədi isə rayon və kənd mərkəzlərində olmaqla, cəmi 99 ədəd bankomat quraşdırılıb ki, bu da ötən ilin müvafiq dövrünə olan göstəricidən 6 ədəd çoxdur.
Görülmüş işlərin nəticəsi olaraq nağdsız hesablaşmaların həcmində artım olub. Belə ki, 2016-cı ilin mart ayı ərzində muxtar respublikada aparılmış nağdsız əməliyyatların həcmi 2 milyon 366 min manat təşkil edib ki, bu da ötən ilin mart ayı ərzində aparılmış 1 milyon 330 min manat əməliyyat həcmindən 78 faiz, yəni 1 milyon 36 min manat çoxdur. Ümumilikdə, cari ilin yanvar-mart ayları ərzində aparılmış nağdsız əməliyyatların həcmi 7 milyon 540 min manat olub ki, bu da ötən ilin eyni dövründə əldə olunmuş 4 milyon 211 min manatlıq nağdsız dövriyyədən 79 faiz çoxdur.
Hazırda muxtar respublika sakinləri vergi və rüsumlarını, mobil və stasionar rabitə üzrə xərcləri, internet ödənişləri və gömrük rüsumlarını elektron ödəniş formasında aparmaq imkanı əldə ediblər. Bu sahələrin əhatə dairəsinin genişləndirilməsi və yeni-yeni xidmətlərin elektron ödəniş portallarına birləşdirilməsi istiqamətində işlər davam etdirilir, əhali və sahibkarlar arasında maarifləndirici tədbirlər keçirilir. Bütün bu vəzifələrin yerinə yetirilməsi isə gələcəkdə bank-kredit sisteminin fəaliyyətinin daha da genişləndirilməsində, qeyri-nağd ödənişlərin həcminin artırılmasında və təsərrüfat subyektlərində maliyyə şəffaflığının təmin olunmasında mühüm rol oynayacaqdır.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR