23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli xammaldan səmərəli istifadə olunmaqla, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələr yaradılır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Dövlət maliyyə dəstəyi ilə müəssisədə 2003-cü ildə çörək, 2004-cü ildə makaron və peçenye, 2005-ci ildə isə süd məhsulları istehsalı sahələri yaradılıb. Bu istehsal sahələrində Almaniya, Türkiyə və İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Müəssisənin fəaliyyətinin genişləndirilməsi, istehsal gücünün artırılması, yeni istehsal sahələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb edilməsi məqsədilə 2011-ci ildə Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar alınıb, Şərq şirniyyatları istehsalı sahəsi yaradılıb.

Ötən il də bu istiqamətdə işlər davam etdirilib, Şərq şirniyyatları istehsalı sahəsində Türkiyənin “Uyğurlar Makina”, İtaliyanın “Braluks” şirkətlərinin istehsalı olan, kompüterlə idarəetmə mərkəzi ilə təmin edilmiş avadanlıqlar alınıb quraşdırılıb, alıcı zövqünü oxşayan yeni çeşiddə, müasir dizaynda məhsul istehsalına başlanılıb.
Fermer və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən xammal şəklində alınan süd məhsullarının vaxtında tədarük olunması da diqqət mərkəzində saxlanılır, xüsusi maşınlarla müəssisəyə daşınıb laborator analizdən keçirildikdən sonra istehsala buraxılır. Almaniyanın “GEA”, Türkiyənin “Choromel”, “Lipovak” şirkətlərindən müasir texnoloji avadanlıqlar alınıb quraşdırılıb, gündəlik istehsal gücü 15 ton olan süd məhsulları istehsalı sahəsində yüksəkkeyfiyyətli məhsul istehsalı üçün əlverişli şərait yaradılıb. Tədarük edilən, insan orqanizmi üçün vacib elementlərlə zəngin olan 100 faiz təbii süddən kərə yağı, pendir, qatıq və ayran istehsal olunan bu müəssisədə istehsal prosesi daha da təkmilləşdirilib, daxili bazarın tələbatına uyğun olaraq yeni növlərdə süd məhsulları bazara çıxarılıb. Cari ildə də bu istiqamətdə işlər davam etdirilib, xamaya olan tələbatı 100 faiz idxal hesabına ödənilən muxtar respublikamızda xama istehsalına başlanılıb, idxaldan asılılıq tamamilə aradan qaldırılıb. Xama nəfis tərtibatla bəzədilmiş 100, 200, 300, ayran 200, kərə yağı 250, 400 qramlıq, 1 və 4 kiloqramlıq, pendir isə 0,5, 1 kiloqramlıq plastik və 17 kiloqramlıq dəmir taralarda muxtar respublikamızda fəaliyyət göstərən topdansatış və pərakəndəsatış ticarət obyektlərində “Bərəkət” əmtəə nişanı ilə satışa çıxarılır.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR