23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” muxtar respublikamızın sosial-iqtisadi inkişafında mühüm rolu olan dövlət sənədidir. Bundan əvvəlki dövrlərdə uğurla icra olunmuş regional inkişaf istiqamətli müxtəlif proqramların məntiqi davamı kimi burada da mövcud təbii və istehsal ehtiyatlarından, əmək resurslarından səmərəli istifadə etməklə iqtisadi inkişafı sürətləndirmək və miqyasını genişləndirmək məqsədi qarşıya qoyulmuşdur. 

Dövlət proqramı çoxşaxəli olub, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Muxtar respublikamızda real sektorun inkişaf etdirilməsi, daha çox yeni iş yerləri yaradılması, sənayedə və aqrar sahədə yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, tikinti-quruculuq və abadlıq işlərinin coğrafiyasının genişləndirilməsi və keyfiyyətinin artırılması, ixracyönümlü hazır məhsul istehsalına diqqətin artırılması, ekoloji tarazlığın qorunması kimi çox sayda istiqamətlər üzrə bu pro­qramda qarşıya ciddi vəzifələr qoyulmuşdur. Muxtar respublikamızın sosial-iqtisadi və mədəni həyatındakı rolunu və yerinə yetirilməsinə olan ictimai marağı nəzərə alıb adıçəkilən dövlət proqramının icrası vəziyyəti ilə bağlı koordinator qurum olan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə müraciət etdik. 

Nazirlikdən aldığımız məlumatda bildirilir ki, dövlət proqramının qəbulundan ötən dövr ərzində muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə geniş tikinti-quraşdırma, abadlaşdırma işləri aparılmışdır. Bu dövrdə əsas kapitala 1 milyard 875 milyon 825 min manat həcmdə investisiya yönəldilmiş, nəticədə, muxtar respublikada 584 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 43 elm və təhsil müəssisəsi, 66 mədəniyyət müəssisəsi, 28 səhiyyə müəssisəsi, 56 rabitə müəssisəsi, 4 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri və təbii fəlakətdən zərər çəkmiş ailələr üçün 13 fərdi ev və digər bu kimi sosial infrastruktur obyektləri istifadəyə verilmişdir.
Muxtar respublikada müasir texnologiyalara əsaslanan iri sənaye müəssisələri və kompleksləri yaradılır, sənayeləşdirmə prosesi sürətlə davam etdirilir. Dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində Naxçıvanda müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, 110 yeni istehsal və xidmət müəssisələri yaradılmışdır. Sahibkarlığa Kömək Fondunun vəsaitləri hesabına 43 investisiya layihəsinin maliyyələşdirilməsinə, bütövlükdə, 17 milyon 319 min 200 manat həcmində kreditlər verilmişdir. Bütün bunlar səmərəli məşğulluğun təmin olunmasına öz töhfəsini vermiş, yüksək əməkhaqqı göstəricilərinə malik 6713 yeni iş yeri açılmışdır.
Muxtar respublikada aqrar sektorun inkişafında soyuducu anbarların rolu böyükdür. İstehsal olunan məhsulların satışı zamanı mövsümi problemlərin həlli və əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatı məqsədilə son 2 il ərzində ümumi tutumu 1903 ton olan 5 müxtəliftutumlu soyuducu və digər ərzaq məhsullarının saxlanılması üçün anbar istifadəyə verilmişdir. Bundan əlavə, əhalinin mövsümi tərəvəz məhsulları ilə təminatının yaxşılaşdırılması üçün istixana komplekslərinin genişləndirilməsi məqsədilə 12 istixana təsərrüfatının yaradılmasına 923 min 700 manat, 16 heyvandarlıq təsərrüfatının yaradılmasına 30 milyon 376 min 200 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə ümumi tutumu 30 min ton olan “Bərəkət” toxumçuluq təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
Aqrar sahədə digər mühüm məsələ məhsul istehsalçılarının müasir texnika və mineral gübrələrlə vaxtında təchiz edilməsidir. Bu məqsədlə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazalarının balansına kifayət qədər kənd təsərrüfatı texnikaları verilmişdir. 2014-2015-ci illərdə “Naxçıvan Aqrolizinq” ASC tərəfindən 447 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq gətirilmiş və məhsul istehsalçılarına verilmişdir. Həmçinin məhsul istehsalçıları 9 min 892 ton mineral gübrə ilə təmin olunmuşlar.
Aqrar sahənin inkişafı məqsədilə 2014-2015-ci illər ərzində meliorasiya və suvarma sistemlərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilmiş, nasos stansiyaları tikilmiş, su kanalları çəkilmiş, yeni torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir.
Muxtar respublikada ərzaq təhlükəsizliyinin və istehsal olunan məhsulların xarici bazarlara sərbəst çıxışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında ərzaq məhsullarının keyfiyyətinə nəzarət mühüm yer tutur. Bu məqsədlə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyası Avropa Birliyi ölkələri tərəfindən beynəlxalq akkreditasiyadan keçirilmiş və cəmiyyət tərəfindən verilmiş keyfiyyət sertifikatları ilə ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılmasına şərait yaranmışdır.
Muxtar respublikada istehsal olunan məhsulların ixracının artırılması məqsədilə ixrac şirkətlərinin yaradılması və fəaliyyətinin dəstəklənməsi istiqamətində “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və yerli məhsulların Bakı şəhərində satışı tədbirləri həyata keçirilmişdir. İxracatla məşğul olmaq istəyən naxçıvanlı sahibkarların biznes əlaqələrinin genişləndirilməsi məqsədilə 2014-2015-ci illər ərzində ölkə daxilində və xaricdə keçirilən 48 biznes-forum, sərgi və konfransda 233 sahibkarlıq subyektinin iştirakı təmin edilmişdir. Muxtar respublikada xarici ticarət əməliyyatlarının aparılmasında gömrük infrastrukturunun təkmilləşdirilməsi istiqamətində “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni inzibati bina və anbar kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasında böyük uğur qazanmış “Kənd mərkəzləri” layihəsi əhalinin tələbat və ehtiyaclarının ödənilməsinə, ümumi inkişafa böyük təkan verir, vaxt itkisinin qarşısını alır. Artıq muxtar respublikada kənd tipli yaşayış məntəqələrinin üçdəbirində nümunəvi kənd mərkəzləri salınmışdır. Kənd mərkəzləri müasir kəndin inkişafının mühüm amilinə çevrilir və son 2 il ərzində 24 qəsəbə və kənd mərkəzi istifadəyə verilmişdir.
Müasir iqtisadiyyatda rabitə və nəqliyyatın mühüm rolu vardır. Muxtar respublikamızda bu sahələrə göstərilən diqqətin nəticəsidir ki, ötən dövr ərzində 3-cü nəsil kommunikasiya sistemləri quraşdırılaraq əhalinin istifadəsinə verilmiş, 429,4 kilometr uzunluğunda fiber-optik kabel xətləri çəkilmiş, yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 83 faizində isə simsiz internet xidməti yaradılmışdır. Muxtar respublikada istehlakçıların istifadəsinə veriləcək 4-cü nəsil şəbəkə sisteminin yaradılması başa çatdırılmaqdadır. 2014-2015-ci illərdə yaşayış məntəqələrində rəqəmsal televiziya yayımının təmin edilməsi məqsədilə 6 güclü və 43 azgüclü televiziya vericisi quraşdırılmış, 12 televiziya kanalının rəqəmsal formatda yayımı təmin edilmişdir. Bundan əlavə, muxtar respublika ərazisində IP televiziyanın yayımı təşkil edilərək sakinlərə Yeni Nəsil Telekommunikasiya Sistemi üzərindən televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradılmışdır.
Son 2 ildə əhaliyə göstərilən poçt xidmətinin keyfiyyətinin daha da yüksək səviyyədə təşkil edilməsi üçün “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq muxtar respublikada 132 poçt şöbə və bölməsi avtomatlaşdırılmış, 177 ədəd POS-terminal quraşdırılmış, bununla da POS-terminalların sayı 1 yanvar 2016-cı il tarixə 1044-ə çatdırılmışdır.
Ötən 2 il ərzində muxtar respublikada 135,4 kilometr magistral və yerli əhəmiyyətli yollar çəkilmiş, 5 körpü tikilmişdir.
İqtisadi və sosial inkişafın daha bir mühüm amili davamlı enerji təminatıdır. Bu baxımdan elektro­energetika sahəsində də aparılan genişmiqyaslı işlər diqqəti cəlb edir. Belə ki, ötən 2 il ərzində 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Hazır­da Ordubad rayonunda 36 meqavat gücündə su elektrik stansiyasının inşası davam etdirilir. Muxtar respublikanın təbii qazla tam təmin edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq 1 yanvar 2016-cı il tarixə 83 min 633 əhali abonenti təbii qazla təmin olunmuşdur.
Muxtar respublikada həyata keçirilən ekoloji siyasət istiqamətində 2014-2015-ci illər ərzində keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində 1078 hektar sahədə meşəsalma və meşəbərpa işləri görülmüş, 887 mindən çox ağac və gül kolu əkilmişdir. Hazırda muxtar respublikadakı yaşıllıqlar ümumi ərazinin 12 faizdən çoxunu təşkil edir.
Əhalinin maddi rifah halının yaxşılaşması fərdi yaşayış evlərinə olan tələbatda özünü göstərir. Belə ki, ötən 2 il ərzində muxtar respublikada əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 7 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması və 9 yaşayış binasının əsaslı təmiri başa çatdırılmışdır. Əhalinin şəxsi vəsaiti ilə tikilən mənzillərin sahəsi isə 736,7 min kvadratmetr olmuşdur.
Qarşıdakı dövrdə Naxçıvan Muxtar Respublikasında geniş inkişaf hədəfləri müəyyənləşdirilmişdir. Bu istiqamətdə 2014-2018-ci illəri əhatə edən sosial-iqtisadi inkişafa dair üçüncü dövlət proqramına əsasən, Naxçıvan Muxtar Respublikasında sənayeləşmənin daha da genişləndirilməsi, üzümçülük plantasiyalarının salınması, gülçülük təsərrüfatlarının yaradılması, baramaçılığın bərpa edilməsi, balıqçılığın daha da inkişaf etdirilməsi, aqrofermaların genişləndirilməsi, yeni istehsal və sosial infrastruktur obyektlərinin tikintisinin davam etdirilməsi nəzərdə tutulmuşdur. Bütün bunlar hərtərəfli inkişaf edən Naxçıvanın müasir tələbidir.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR