Qədim tarixə, zəngin mədəniyyətə malik olan Naxçıvan ərazisi tarixi-memarlıq abidələri ilə zəngindir. Bu günə qədər öz möhtəşəmliyini qorumuş abidələrin gələcək nəsillərə çatdırılmasını təmin etmək üçün həyata keçirilən təmir-bərpa işləri cari ildə də davam etdirilir. Belə abidələrdən biri də Naxçıvan şəhərinin cənub-şərqində müdafiə divarları ilə möhkəmləndirilmiş qalatipli istehkam kompleksi olan qaladır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” 2011-ci il 7 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, Naxçıvan şəhər mədəniyyətinin günümüzə qədər gəlib çatan mühüm tarixi abidələrindən olan qalada əsaslı bərpa və yenidənqurma işlərinə başlanılıb. İlk mərhələdə Naxçıvan Muxtar Respublikası Elmi-Bərpa İstehsalat İdarəsinin bərpaçı ustaları abidəni əvvəlki görkəminə qaytarmağa çalışıblar. Ümumi ərazisi 12 min kvadratmetrdən artıq olan qalanın 600 metr uzunluğunda divarları, bürclər yenidən qurulub.
Yuxarıda adıçəkilən Tədbirlər Planına uyğun olaraq, abidənin ərazisində muzeyin yaradılması da nəzərdə tutulmuşdu. Hazırda “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları muzeyin inşası ilə məşğuldurlar. Muzey binasında hörgü işləri, demək olar ki, yekunlaşdırılıb, günbəzşəkilli dam örtüyünün qurulmasına başlanılıb. Qalanın bərpasında “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları da səylə çalışırlar. Bu təşkilatlar tərəfindən qalanın çiy kərpiclə hörülmüş divarları suvanır, daş lövhələrlə üzlənir, qala divarlarının ətrafında abadlıq işləri aparılır. Bərpaçıların bu gün əldə etdikləri nəticə belə deməyə əsas verir ki, qalada təmir-bərpa işləri başa çatdırıldıqdan sonra bu abidə öz möhtəşəmliyi və əzəməti ilə görənləri özünə heyran qoyacaq.
Məlumat üçün bildirək ki, “Köhnəqala” adı ilə tanınan bu abidə Naxçıvan şəhərinin cənub-şərqində müdafiə divarları ilə möhkəmləndirilmiş qalatipli orta əsr istehkam kompleksidir. Ötən əsrin əllinci illərində ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı bir çox maddimədəniyyət nümunələri aşkar olunub. Onlar, əsasən, saxsı qab nümunələri və daş gürzlərdən ibarət olub. Mütəxəssislərin fikrincə, bu cür daş gürzlərindən Tunc dövründə Naxçıvandakı duz mədənlərində istifadə edilib.
Xəbərlər şöbəsi