22 Dekabr 2024, Bazar

Hər dəfə torpaqdan söhbət düşəndə xalq arasında zərb-məsəl kimi işlədilən bir ifadə yadıma düşür: “Pis torpaq yoxdur, pis əkinçi var”. Torpağı bəhərə gətirmək üçün gərək onu əzizləyəsən, uşaq kimi nazını çəkəsən. Çörəyə and içirik, onu müqəddəs bilirik, təkcə ona görə yox ki, o, bərəkətdir, həm də ona görə ki, çörək torpaqdan çıxır, minbir əziyyətlə başa gəlir. Ömründə bir daşa külüng vurmayan adamın torpaqdan bəhər ummağa gərək üzü olmasın.

Bir vaxtlar Naxçıvan kəndlərində yaşayanlar arasında torpaqdan küsüb başqa yerlərə üz tutanlar az olmayıb. Çünki kolxozun aylıq məvacibi 30-40 manatı keçmirdi. Bu səbəbdən də narazılıq artırdı.
Ömrünün qırx ilini əkinçilikdə keçirən Tofiq kişinin ürəkağrısı ilə dediyi sözlər hələ də xatirimdən silinməyib: “İldə bir kolxoz sədri dəyişilsə də, vəziyyət eynilə qalır, yoxsulluq davam edirdi. Ot üçün, un üçün ona-buna ağız açırdıq. Tütünün xeyrindən çox, əzab-əziyyəti qalırdı bizə. Maldarlıqdan heç danışmağa dəyməzdi. İnək vardı bir keçi qədər süd vermirdi. Məktəbi, uşaq bağçası, rabitəsi, rahat yolu olmayan kənddə kim qalıb işləyərdi? Üstəlik, nə qazı vardı, nə suyu. Hesabında qəpik-quruşu olan təsərrüfat böyük bir kəndin əhalisini necə dolandıra bilərdi?”

Bəlkə də, nə o rəhmətlik əkinçinin dediklərini, nə də olub-keçənləri, umu-küsünü yada salmağa ehtiyac vardı. Ancaq indiyə qiymət vermək üçün bəzən keçmişi vərəqləmək lazım gəlir. Belə olanda ağ qaradan, yaxşı pisdən tez seçilir. Yoxsa, kəndi yoxsulluğun pəncəsindən qurtaran, kəndlini torpağın əsl sahibinə çevirən islahatların uğurlu bəhrələrinə qiymət verməkdə çətinlik çəkərdik.
Deyirlər, torpaq həyat qaynağı, ruzi təknəsidir. O, insan arzularının ümid çeşməsidir. Onu nə yaratmaq, nə də istehsal etmək olar.
Torpaq xalqın milli sərvəti, elin var-dövlətidir. Təəssüf ki, sovetlər dönəmində bu müqəddəs toxunulmaz əmanət 1969-cu ilə qədər öz həqiqi sahibindən uzaq salınıb. Təsərrüfatsızlıq üzündən külli miqdarda torpaq dövriyyədən çıxarılıb.
Çox şükürlər olsun ki, Azərbaycan yenidən öz müstəqilliyinə qovuşduqdan sonra xalqımızın ümummilli lideri Heydər Əliyev ötən əsrin 70-80-ci illərində başladığı aqrar islahatları davam etdirdi, öz təbib əlləri ilə “xəstə torpaqlarımızın yaralarına məlhəm qoydu”, bu milli sərvəti onun əsl sahibinə – kəndliyə qaytardı...
İndi o vaxtdan neçə illər ötüb. Tarix üçün bir o qədər də böyük olmayan iyirmi-iyirmi bir il bundan əvvəl Naxçıvanda inqilaba bərabər hadisə baş verdi. Bu “inqilab” sayəsində Naxçıvan Azərbaycan miqyasında aqrar islahatların ilk qaranquşuna çevrildi.
Bəli, ölkə miqyasında aqrar islahatlara ilk dəfə məhz bu qədim diyarda – Naxçıvanda start verilib. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 6 aprel 1992-ci il tarixli sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” Qərar qəbul edilib. Qərarda zərərlə işləyən təsərrüfatların ləğv olunması, onların bazası əsasında şəxsi təsərrüfatların yaradılması nəzərdə tutulub. Həmin qərarın icrasına ilk dəfə Culfa rayonunun Gal və Şurud kəndlərindən başlanaraq uğurla başa çatdırılıb.
Bir sözlə, Naxçıvanda həyata keçirilən torpaq islahatı özünün şəffaflığına görə sonradan bütün ölkə miqyasında keçirilən torpaq islahatına bir örnək, nümunə olub. Çünki bütün narazılıqların, umu-küsülərin, püşk atmada “bəxti gətirməyənlərin” söz-söhbəti sonda bir ünvanda nöqtələnib: torpağın əsl sahibi olacaq kəndlinin öz ünvanında...
Aydın təsəvvür yaransın deyə, bir-iki statistik rəqəmə müraciət edək. İslahatlar zamanı muxtar respublikanın kənd yerlərində yaşayan 240 min nəfərdən çox adama torpaq payı verilib. 56 min 372 hektar torpaq həmin insanlar arasında bölüşdürülüb. 205 kənddə mövcud olan kolxoz və sovxoz ləğv edilib. Həmin təsərrüfatların əmlakı da, torpaq sahələri də kənd adamları arasında bölüşdürülüb. Ümumilikdə, 70 min 758 ailə torpaq sahibi olub. Orta hesabla hər ailə 0,8 hektar torpaq payı alıb. Adambaşına düşən torpaq isə orta hesabla 2300 kvadratmetrdən çox olub.
Bir sözlə, aqrar islahatlar, ilk növbədə, kəndə yeni ab-hava gətirib, kəndli torpağın əsl sahibinə çevrilib, onun psixologiyasında sahibkarlıq hissi formalaşıb.
Bu gün torpaq kəndlinin “çörək ağacı”na çevrilib. Təbii ki, bu “çörək ağacı”nın sahibləri, ərzaq təhlükəsizliyinin təminatçıları – kənd adamları bu gün də güzəştli şərtlərlə kreditlər verilməklə, müxtəlif yardımlar göstərilməklə dövlət qayğısı ilə əhatələniblər. Belə ki, ölkə başçısı cənab İlham Əliyevin məlum qərarına əsasən, məhsul istehsalçılarına istifadə etdikləri motor və sürtgü yağlarına görə subsidiyaların verilməsi, onların məhsuldar toxum, gübrə və damazlıq heyvanlarla təmin olunmaları, eləcə də buğda əkənlərə hər hektar üçün 40 manat səpində, 40 manat da yığımda vəsait verilməsi kəndlinin torpağa bağlılıq hissini daha da artırıb.
Təbii ki, müasir dövrdə kəndlini, torpaq adamını müasir texnikasız təsəvvür etmək çox çətindir. Nahaq yerə deməyiblər ki, texnika əkinçinin sağ əlidir. Hələ keçən əsrin ortalarında ölməz şairimiz Səməd Vurğun cavan bir əkinçinin dili ilə belə demişdir:

             Ay əmi, o maşın tez gəlsə əgər,
             Nə qədər sevinər bizim bu çöllər.
             İş görüb, tər tökər bir yandan o da,
             Vaxtımız çox qalar elmə, savada.

Bu gün o cavan əkinçinin arzuları reallığa çevrilib. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin və onun bazalarının yaradılması torpaq mülkiyyətçilərinə çox böyük töhfədir. Elə bu hesaba da indi çöllərdən, zəmilərdən sınıq-salxaq traktorların, kombaynların əl-ayağı yığışdırılıb. Əvəzində Yaponiyadan, Rusiyadan alınıb gətirilmiş müasir texnikalar sahələrə ayaq açıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi muxtar respublikaya “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 194-ü 2012-ci ildə olmaqla, 879 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası gətirilib. Naxçıvan kəndlisi yatsaydı, yuxusunda da görməzdi ki, kartofu maşınla əkəcək, texnika ilə becərəcək, maşınla yığacaq...
Naxçıvanın iqlim şəraiti, əhalinin əsas hissəsinin kənddə yaşaması, kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. Zəngin əkinçilik ənənələrinə malik olan Naxçıvanda bu gün torpaqlardan təkcə ekstensiv deyil, intensiv üsullarla istifadə məsələsi ön plana çəkilib. Görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, təkcə ötən il muxtar respublikada 101 min tondan çox taxıl istehsal olunub.
Əlbəttə, taxılın, çörəyin bol olması kəndlinin əzəli arzusudur, dövlətin iqtisadi qüdrəti deməkdir. Təsadüfi deyil ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri çıxışlarının birində demişdir: “Azərbaycan zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Bu sərvətlərin ən əhəmiyyətlisi və daimi olanı isə torpaqdır. Ondan isə səmərəli istifadə olunmalıdır”. Yazının əvvəlində vurğulamışdım ki, torpaq həyat qaynağı, insan arzularının ümid çeşməsidir. Onu nə yaratmaq, nə də istehsal etmək olar. Bu məlum həqiqətin bütün incəliklərinə böyük vətəndaş yanğısı ilə yanaşan Ali Məclisin Sədri torpaqların rayonlaşdırılması məsələsini gündəmə gətirib. Məhz muxtar dövlətin rəhbərinin tapşırığından sonra bu sahədə mühüm tədbirlər həyata keçirilib, Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri əvvəlcə Sədərək rayonunun, daha sonra isə digər bölgələrin torpaq xəritələrini hazırlayıblar. Bəs bu xəritə kəndliyə nə vəd edir? Ən əsası bu xəritədə torpaq sahələrinin aqrokimyəvi vəziyyəti müəyyənləşdirilib. Yəni bu gün hər bir kəndli bilir ki, pay torpaqlarının tərkibi necədir. O, həmin torpaqda nə əksə, daha çox məhsul götürə bilər. Bir sözlə, indi Naxçıvan kəndlisi öz şəxsi təsərrüfatını həmin xəritə əsasında yaradır. Qürur və iftixar hissi keçiriləsi haldır ki, bu gün Naxçıvanın hansı dükan-bazarına yolumuzu salsaq, orada öz yurdumuzda, öz torpağımızda yetişdirilən dadlı, ətirli yerli nemətlərin bərəkət “dənizinə” düşəcəyik.
Torpaq haqqındakı qeydlərimi ixtiyar bir qocadan eşitdiyim bu sözlərlə bitirmək istəyirəm: “Torpaq qızıl quşdur; əlindən buraxsan, uçub gedəcək”. Bəli, iyirmi ilə yaxındır ki, Naxçıvan kəndlisi “torpaq” adlı bu qızıl quşdan, necə deyərlər, ikiəlli yapışıb, ayaqlarını torpağa daha möhkəm dirəyib. Beyninə, şüuruna əbədilik həkk edib ki, torpaq onun “çörək ağacı”, firavan həyatı, işıqlı sabahıdır. Torpaq həm də Vətəndir. Bu fani dünyada hər ikisindən uca, hər ikisindən müqəddəs varlıq yoxdur.

Aydın TARVERDİYEV
Azərbaycan Respublikasının əməkdar jurnalisti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR