23 Dekabr 2024, Bazar ertəsi

Daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Pambıq” Uşaq Bezi Fabrikidir. Özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnib. Xammal və hazır məhsulların ağırtonnajlı yük avtomobilləri ilə daşınması üçün daha əlverişli yerdə – Naxçıvan dairəvi avtomobil yolunun kənarında müəssisə üçün ayrılmış əraziyə elektrik, qaz, su və kanalizasiya xətləri çəkilib. Təcrübəli mütəxəssislərin cəlb olunduğu obyektdə inşaat işləri vaxtında və keyfiyyətlə aparılıb, 2 istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün ayrı-ayrı bölmələr yaradılıb.

Layihəyə uyğun olaraq, tibbi spirtin qablaşdırılması və uşaq bezi istehsalı sahələrində İran İslam və Çin Xalq respublikalarından alınmış, istehsal gücü saatda 1000 ədəd şərti butulka tibbi spirt, dəqiqədə 350 ədəd uşaq bezi olan və kompüterlə idarəetmə mərkəzi ilə təmin edilən müasir texnoloji avadanlıqlar quraşdırılıb, istehsal prosesi avtomatlaşdırılıb. Müəssisədə istehsal prosesi konveyer üsulu ilə təşkil olunub, keyfiyyətli məhsul istehsalı üçün əlverişli şərait yaradılıb. Həmçinin müəssisədə mərkəzləşdirilmiş nəzarət sistemi qurulub ki, bu da istehsal prosesi zamanı yaranan nasazlıqların vaxtında aradan qaldırılmasına imkan verir.
Türkiyə, Almaniya, Koreya, İran və Pakistan respublikalarında fəaliyyət göstərən bu sahə üzrə qabaqcıl təcrübəyə malik ayrı-ayrı şirkətlərdən xammal idxalına başlanılıb. Müəssisənin yaradılması və müasir texnoloji avadanlıqların alınıb quraşdırılmasına, ümumilikdə, 1 milyon 820 min manat vəsait sərf olunub ki, bunun da 700 min manatı Sahibkarlığa Kömək Fondundan, 1 milyon 120 min manatı isə müəssisənin daxili imkanları hesabına ödənilib.
İllik istehsal gücü 2 milyon 496 min ədəd şərti butulka tibbi spirt və 52 milyon 416 min ədəd uşaq bezi olan bu müəssisə muxtar respublikamızda yeganə müəssisədir. İlkin hesablamalara görə, muxtar respublikamızın tibbi spirtə olan illik tələbatı 360 min ədəd şərti butulka, uşaq bezinə olan tələbatı isə 22 milyon ədəddir. Göründüyü kimi, yeni müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatını tamamilə ödəyir, ixrac imkanları yaradır.
Müəssisədə istehsal edilən uşaq bezi və tibbi spirtin yerli məhsul olaraq tanıdılması və daxili bazarın tələbatının öyrənilməsi məqsədilə tədbirlər həyata keçirilib. Tibbi spirt 100 qramlıq şüşə taralarda, uşaq bezi isə 6 ölçüdə olmaqla müxtəliftutumlu, nəfis tərtibatla bəzədilmiş paketlərdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydə alınmış “Pambıq” əmtəə nişanı ilə satışa çıxarılır. Əvvəllər eyniadlı məhsullar muxtar respublikamıza xarici ölkələrdən idxal olunub əlavə daşınma xərci çəkilirdisə, bu müəssisənin fəaliyyətə başlaması ilə həmin problemlər aradan qaldırılıb, istehlakçıların daha münasib qiymətə keyfiyyətli yerli məhsullarla təmin olunmasına əlverişli şərait yaradılıb.
Yeni istehsal müəssisəsinin yaradılması daxili bazarı keyfiyyətli yerli məhsullarla təmin etməklə yanaşı, əhalinin məşğulluğunda da mühüm rol oynayıb. Onu da qeyd edək ki, müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması da diqqət mərkəzində saxlanılıb. Bu da imkan verir ki, istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilsin.
Ayrı-ayrı əczaxanalarda satışa çıxarılan bu yerli məhsullara olan münasibəti öyrəndik. Həkim-terapevt Vəliqulu Həsənov dedi: – Əvvəllər xaricdən idxal olunan tibbi spirtin və körpələrin istifadə etdiyi uşaq bezinin hansı şəraitdə istehsal edildiyini və bu məhsulların keyfiyyətinə necə nəzarət olunduğunu bilmir, istehlakçıların hər hansı bir dəri xəstəliyinə tutulacağından narahatçılıq keçirirdik. Amma Naxçıvan şəhərində tibbi spirtin qablaşdırılması və Uşaq Bezi Fabrikinin fəaliyyətə başlaması ilə bu narahatçılığa son qoyuldu.
Naxçıvan şəhər sakini Nərminə Babayeva: – Körpə uşaqlarım var. Naxçıvanda istehsal edilən uşaq bezinin daimi alıcısıyam. Xaricdə istehsal olunan eyniadlı məhsullardan həm ucuz, həm də keyfiyyətlidir. Bu yerli məhsullar ailə büdcəmizə qənaət etməyə imkan verir.
Naxçıvan şəhər sakini Mahirə Rzayeva: – Yerli istehsala önəm veririk. Çünki həmin məhsulların keyfiyyətinə ciddi nəzarət olunduğuna inanırıq.

Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR