“Xalaoğlu” Kəndli Fermer Təsərrüfatında keçirdiyimiz bir gün
(Oçerk)
Əhalisinin 70 faizi kəndlərdə yaşayan muxtar respublikamızda insanların əsas məşğuliyyəti olan əkinçiliyin və heyvandarlığın inkişafına hərtərəfli şərait yaradılıb. Yaradılan şəraitdən, göstərilən dövlət qayğısından bəhrələnməklə təsərrüfatını daha da genişləndirən, ətrafına on-on beş nəfər kəndlisini toplayıb, onlara iş yeri açan fermer təsərrüfatlarının sayı ilbəil artır. Daxili bazarı keyfiyyətli yerli ərzaq məhsulları ilə təmin edən geniş təsərrüfat sahiblərindən, sadə zəhmət adamlarından biri haqqında oçerk yazmaq üçün bir balaca araşdırma apardım. Tanıdığım sahibkarlardan, iş adamlarından soraqlaşdım. Rafiq Əliyevlə görüşməyi məsləhət gördülər.
Bir neçə dəfə zəngləşib görüşmək üçün vaxt təyin etsək də, gah onun, gah da mənim digər işlərimizlə əlaqədar olaraq görüşə bilmirdik. Axır ki, Rafiq Əliyev özü münasib vaxt təyin etdi, – bazar günü görüşək, sizin istirahət gününüz olsa da, üzrlü hesab edin, bizim iş vaxtımızdır. Elə ünvanı da özü nişan verdi. Naxçıvan-Culfa magistralının kənarında yerləşən Modul Elektrik Stansiyasını keçib, sağ qol üstə gəlin. Nehrəm kəndinin girişində, aptekin yanında kimdən soruşsanız, fermanı göstərəcəklər, – dedi. Razılaşdığımız kimi bazar günü getdik Nehrəmə.
Aptekin yanında dayanan cavanlardan, – Rafiq Əliyevin ferması hansı tərəfdədir, – deyə soruşduq.
– Hansı Rafiqin? – deyə təəccüblə üzümə baxdılar. Bu vaxt yanımızdan ötən ağsaqqal nabələd olduğumuzu görüb, – qonaqlar nə istəyir? – deyib cavanlara baxdı. Rafiqi soruşurlar, fermer Rafiqi. Ağsaqqal bir az fikirləşib, hə, Cəfəralı həkimin oğlu “Qara”nı deyirlər. Odur özü gəlir, – deyib yaxınlaşan “Hyundai” markalı maşını göstərdi. Əl edib saxlatdılar. Qonaqların var, – deyib bizi göstərdilər. Hal-əhval tutduq.
– Bilirdim çətinlik çəkəcəksiniz. Ona görə özüm gəldim qarşılamağa.
– Yəqin Günəşin altında daha çox işləyirsiniz. Kimdən soruşduq, sizi Rafiq Əliyev kimi tanımadılar. Sizi “Qara” deyə çağırdılar.
Güldü.
– Bilirsiniz, Nehrəm böyük kənddir. Burada 16 mindən çox əhali yaşayır. Yüzdən çox Rafiqi, Məhəmmədi, Həsəni, Hüseyni var. Ona görə də hər kəsin adının qabağına hansı sualı qoyub, işinə, peşəsinə, görünüşünə uyğun bir ad əlavə olunur. Bu, böyük kəndlərdə yazılmamış qanundur. Elə biri mən. Anadangəlmə qaraşın olduğum üçün adımı “Qara” deyə çağırırlar.
Yaxınlıqdakı binaları göstərib, bu da bizim ferma, – dedi. Fermanı gəzdik. Binalarda mal-qaranın, davarların, buzov və quzuların saxlanılması, bəslənilməsi üçün ayrı-ayrılıqda bölmələr yaradılıb.
Qış üçün yaxşı yem də tədarük etmisiniz...
– Öz əkin sahələrimizdən tədarük etmişik. Şükür, ötən il də yaxşı oldu. 25 hektar sahədə taxıl, 15 hektar sahədə yonca, 2 hektar sahədə isə qarğıdalı əkmişdik. Hektardan 30 sentner taxıl götürüb, elə bir yerdən kilosu 30 qəpikdən təhvil verdik. Pulumuzu da nağd ödədilər. Otu, samanı da kiplədib kifayət qədər qaba yem ehtiyatı yaratmışıq. Qarğıdalını da üyüdüb yığmışıq anbara. Düzdür, bu, yetməz. Qalan ehtiyacı da Naxçıvan şəhərində istehsal olunan qarışıq qüvvəli yem hesabına ödəyirik. İzafı xərcə yol vermirik. Hər il olduğu kimi, bu il də payızda istər iribuynuzlu, istərsə də xırdabuynuzlu ətlik heyvanları “Bərəkət Ət Məhsulları Kompleksi”nə təhvil verdik. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşuq. Kəndli “Naxçıvan Aqrolizinq” vasitəsi ilə güzəştli qiymətlərlə müasir kənd təsərrüfatı texnikaları və mineral gübrələrlə təmin edilir. Suvarma suyuna olan tələbat da vaxtlı-vaxtında ödənilir. Torpaqlar əkilib- becərilir. Sahələrdə yetişdirilən məhsulların alıcısı da, necə deyərlər, başının üstündədir. Torpağın sahibinə çevrilən kəndlinin torpağın əkilib-becərilməsi, yetişdirilən məhsulun vaxtında toplanılması və satışı ilə bağlı heç bir problemi yoxdur. Bu, bizi çox sevindirir, həvəsləndirir, təsərrüfatı daha da genişləndirməyə sövq edir.
Sonra yaxınlıqdakı tikilini göstərib, – bu da yeni istehsal sexidir. Bu il istifadəyə verdik, – deyib sexə də baxmağı məsləhət gördü.
Türkiyə istehsalı olan texnoloji avadanlıqlarla təmin edilmiş sexdə texnoloji proseslərə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Burada istehsal olunan qatıq, ayran, kərə yağı 200-250, 300 qramlıq, 0,5 və 1 kiloqramlıq, nəfis tərtibatla bəzədilmiş taralarda “Xalaoğlu” əmtəə nişanı ilə satışa çıxarılır.
– Alıcı probleminiz yoxdur?
– Şükür, daimi müştərilərimiz var. Məhsullarımız fermer təsərrüfatı üçün aldığımız “Hyundai” markalı soyuducu kamera ilə təmin olunmuş yük avtomobilləri ilə sifarişə uyğun olaraq ayrı-ayrı ticarət obyektlərinə vaxtında çatdırılır.
İstehsal sexindən çıxıb söhbətləşə-söhbətləşə fermada yerləşən ofisə oxşar ikimərtəbəli binaya yaxınlaşdıq. Birinci mərtəbədə işçilərin, ikinci mərtəbədə isə onun otağı yerləşir.
Çay süfrəsi arxasında söhbətimizi davam etdiririk. Düzü, nədənsə yaşı ilə gördüyü işlər, yaratdığı fermer təsərrüfatı arasında çox böyük fərq olduğunu düşündüm.
– Fermer təsərrüfatınız atadan qalma miras üzərində qurulub, yoxsa Sahibkarlığa Kömək Fondundan verilən kreditlə?
– Yox, heç biri ilə. Atam tanınmış stomatoloq olub. Şəhərdə işləyirdi. Təsərrüfatla heç bir əlaqəsi olmayıb. Elə məni də diş texniki görmək istəyirdi. Bu sənəti də az-çox öyrətmişdi. Yaxşı da gün-güzəranımız var idi. 90-cı illərdə, onsuz da ağır olan zamanda ailəmizə daha bir ağır zərbə dəydi. Atam dünyasını dəyişdi. Ailədə iki qardaş, bir bacı idik. Böyüyü də mən idim. O vaxt 10 yaşım var idi. Ağır xəstəlikdən əziyyət çəkən anamın yanına düşüb onu müalicə etdirmək üçün xəstəxanaları dolaşdıq, atadan qalan nə var idisə xərclədik. Müalicəsi mümkün olmadı. Atamdan üç il sonra anam da dünyasını dəyişdi.
Söhbətə fasilə verdi, sonra da stolun üstündəki əl dəsmalını götürüb gözlərini sildi. Bir azdan titrək səslə söhbətinə davam etdi.
– Ata qayğısı, ana nəvazişindən məhrum üç körpə qaldıq evdə, içi eşiyindən fərqi olmayan buz kimi evdə. Üç çörək almaq üçün şəhərə gedir, səhərdən axşamadək dəmiryol vağzalının yaxınlığında yerləşən çörək zavodunun qarşısında uzun-uzadı növbədə dayanır, aldığım çörəyi də marşrut avtobusu işləmədiyindən piyada gələrək çatdırırdım evə. Evdə də çox zaman zülmət olurdu. Fasilə ilə verilən elektrik enerjisindən qızdırıcı kimi istifadə etdiyimizdən transformatorlar sıradan çıxır, günlərlə işıqsız qalırdıq. Təbii qaz da ki, ümumiyyətlə, yox idi.
O dövrdə ölkədə ağız deyəni qulaq eşitmirdi. Başının üstündə böyük portreti göstərərək, – Millət Atasının Naxçıvana dönməsi xalqı düçar olduğu bəlalardan xilas etdi. Torpaq sahibinə – kəndliyə verildi. Mən də bizim ailəyə çatan pay torpaqlarını əkir, qazandığım qəpik-quruşla bir-iki quzu və buzov alıb saxlayırdım. Dolanışıq üçün başqa adamların da torpaqlarını əkib-suvarırdım. Bax beləcə, indiki fermer təsərrüfatını yaratdıq. Bayaqdan kənarda oturub söhbətimizə qulaq asan, bəzən də qəhərlənən, işçi paltarında olan oğlana baxaraq, – Cəfəralı, başımız qarışdı söhbətə, çaylarımız soyudu. Bunları təzələyin, – dedi. Sonra da işçi zənn etdiyimiz cavan oğlanı göstərərək, – oğlumdur, atamın adını daşıyır. Türkiyədə “Giresun” Universitetində oxuyur. Gələcəyin iqtisadçısıdır. Tətilə gəlib. Dedim qoy fəhlə paltarı geyib təsərrüfatla məşğul olsun. Biz bu gün varıq, sabah yox. Axı gələcəyin təsərrüfat başçısı olacaq.
İşgüzar, vətənpərvər gəncliyə inanan, gələcəyə nikbin baxan və zəhmətlə yoğrulmuş bir ömür yaşayan Rafiq Əliyevə uğurlar arzulayıb ondan ayrıldıq.
Üz tutduq şəhərə. Elə son illər tikilib istifadəyə verilən bir-birindən yaraşıqlı fərdi yaşayış evlərini, müasir memarlıq üslubu ilə gözoxşayan inzibati və sosial obyektlərin yaratdığı ecazkar mənzərəni, yenicə istifadəyə verilən dairəvi avtomobil yolunu və yol kənarlarında sıralanan elektrik dirəklərindən asılmış sayrışan ulduzları xatırladan elektrik lampalarından süzülüb gələn müstəqillik işığında müasirləşən, yeniləşən Nehrəm kəndini seyr edə-edə.
Yazı çapa hazırlanarkən öyrəndik ki, Rafiq Əliyevə 2015-ci ilin yekunlarına görə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirliklərinin və Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqənin qalibi kimi diplom və plaket təqdim edilib.
Biz də redaksiya heyəti adından göstərilən dövlət qayğısından bəhrələnməklə fəaliyyətini ildən-ilə genişləndirən sahibkara uğurlar arzulayırıq.
Kərəm Həsənov