Heyvandarlıqda damazlıq işinin və qaramalın cins tərkibinin yaxşılaşdırılması, baytarlıq xidmətinin düzgün təşkili və süni mayalandırma tədbirləri vacib amildir. Son illər ölkəmizdə bu məsələ diqqət mərkəzində saxlanılır. “Heyvanların cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiyanın verilməsi də bu sahədə görülən işlərin davamıdır.
Muxtar respublikada da qaramalın cins tərkibinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülür. Son illər xarici ölkələrdən 1937 baş damazlıq cins mal-qara gətirilərək lizinq yolu ilə satışı həyata keçirilmişdir. Təkcə 2015-ci ildə süni mayalanma yolu ilə muxtar respublikada 3 min 411 baş buzov doğulmuşdur. Dövlət başçısının “Heyvanların cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Sərəncamı muxtar respublikada bu sahəyə olan marağı daha da artırmışdır.
Muxtar respublikada süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 yanvar tarixli qərarı ilə təsdiq edilmiş qaydaya uyğun həyata keçirilir. Sərəncamın icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən komissiya yaradılmışdır. Yaxın vaxtlarda subsidiyanın ödənilməsinə başlanılacaqdır.
“Şərq qapısı”