Fevralın 12-də Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yaradılmasından 16 il ötür.
Bazar iqtisadiyyatının inkişaf etdirilməsində vergi orqanlarının rolunu yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu sahədə ardıcıl tədbirlər həyata keçirilmişdir. Çevik vergi siyasətinin aparılması ulu öndərimizin müəyyənləşdirdiyi iqtisadi strategiyanın tərkib hissəsi idi. Buna görə də ümummilli liderimizin 2000-ci il 11 fevral tarixli Fərmanına əsasən, Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilər və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və vergitutma sahəsində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı – Azərbaycan Respublikası Vergilər Nazirliyi yaradıldı. Yeni struktur tezliklə sistemli, operativ, koordinasiya və güclü təşkilati-idarəetmə mexanizmi kimi müsbət keyfiyyətləri özündə birləşdirdi. Həmin dövrdə ölkəmizdə vergi münasibətlərinin tənzimlənməsi sahəsində sistemsizlik və boşluqların aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi qarşıda duran ən vacib vəzifələrdən idi. Buna görə də 2001-ci il yanvarın 1-də Azərbaycan Respublikasının Vergi Məcəlləsi qəbul edildi.
Ümummilli liderimizin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə, o cümlədən vergi siyasəti sahəsində də uğurla davam etdirilir. Ötən dövrdə ölkəmizdə güclü vergi inzibatçılığı formalaşdırılmış, geniş təhlil bazasına malik informasiya sistemləri qurulmuşdur. Vergi xidmətində Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin işə salınması vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergi sistemində elektron sənəd dövriyyəsinin tətbiqinə, məlumatların işlənməsi sürətinin dəfələrlə artmasına, operativ vergi nəzarətinin qurulmasına və digər qurumlarla inteqrasiyaya yol açmışdır.
Ölkəmizin vergi sistemində bu gün də mühüm islahatlar həyata keçirilir. Ötən dövrdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafına paralel olaraq Vergi Məcəlləsinə də müvafiq dəyişikliklər edilmiş, sahibkarların vergi yükü azaldılmış, vergi dərəcələrinin optimal həddədək aşağı salınması təmin olunmuşdur. Hazırda mənfəət vergisinin dərəcəsi 20 faiz, əlavə dəyər vergisinin dərəcəsi 18 faiz, fiziki şəxslərin gəlir vergisinin maksimal dərəcəsi 25 faiz, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən tutulan gəlir vergisinin dərəcəsi 20 faiz təşkil edir ki, bu da bir çox ölkələrlə müqayisədə xeyli aşağıdır. Həmçinin kənd təsərrüfatı üzrə sahibkarlar 2001-ci il 1 yanvar tarixindən torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilib və bu güzəştin müddəti məcəllədə olan son dəyişikliklərə əsasən 2019-cu ilə qədər uzadılıb. Məktəbəqədər təhsil-tərbiyə müəssisələri, ödənişli təhsil də əlavə dəyər vergisindən azad olunub.
Ölkəmizin vergi sistemində aparılan islahatlar muxtar respublikamızda da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 12 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi yaradılmış, nazirliyin Əsasnaməsi təsdiq edilmişdir. Fəaliyyət göstərdiyi 16 il ərzində nazirliyin maddi-texniki bazası xeyli gücləndirilmiş, nazirlik və onun rayon şöbələri, Naxçıvan Şəhər Vergilər İdarəsi üçün müasir standartlara cavab verən binalar tikilərək istifadəyə verilmiş, əməkdaşlar üçün hərtərəfli iş şəraiti yaradılmışdır. Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində vergi daxilolmaları üzrə proqnoz tapşırıqlar hər il artıqlaması ilə icra olunmuşdur.
Muxtar respublikada sahibkarlığa dövlət dəstəyi nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqlar iş adamlarının fəaliyyəti üçün daha geniş imkanlar açmışdır. 2008-ci il yanvarın 1-dən etibarən biznesə başlama prosedurlarının daha da sadələşdirilməsi, sahibkarlıq subyektlərinin “bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyatının cəmi 2 günə aparılması, bu sahənin inkişafına göstərilən dövlət qayğısı sahibkarlıq subyektlərinin sayının sürətlə artmasına səbəb olmuşdur. Belə ki, 2008-2015-ci illər ərzində muxtar respublika üzrə 209 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına, 13 min 90 fiziki şəxs isə sahibkarlıq uçotuna alınmışdır. Orta və iri sahibkarlıq obyektlərinin işə salınması, sahibkarların işinə qanunsuz müdaxilələrin aradan qaldırılması, bank və kredit təşkilatları tərəfindən onlara verilən kreditlərin həcminin ildən-ilə artırılması, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində özəl sektordan vergi daxilolmalarının ümumi vergi daxilolmalarında xüsusi çəkisi 64,5 faizə yüksəlmişdir. Bu da bir il əvvəlki göstəricidən 3,8 faiz artıqdır.
Muxtar respublikada vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin genişləndirilməsi diqqət mərkəzində saxlanılır. Belə ki, vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsini təmin etmək məqsədi ilə 2010-cu il mart ayının 1-dən etibarən “onlayn kargüzarlıq” sisteminin tətbiqinə başlanılmışdır. Bu sistem sayəsində vətəndaşlar vergi orqanına göndərdikləri sənədin vergi orqanı daxilində hərəkətini “onlayn” rejimdə izləyə bilirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına uyğun olaraq vergi orqanlarında elektron xidmətlərin tətbiqinə başlanılmışdır.
Dünyanın inkişaf etmiş ölkələrində istifadə olunan yeni metodların tətbiqi vergi sisteminin daha etibarlı fəaliyyətinə və vergi ödəyicilərinin rahatlığına təminat verir. Bu mənada, “Elektron bəyannamə” sistemi vergi orqanları ilə vergi ödəyiciləri arasında əlaqələrin tam şəffaf prinsiplər üzərində qurulmasına şərait yaratmışdır. Hazırda muxtar respublikada vergi ödəyiciləri tərəfindən bütün bəyannamələr elektron formada təqdim olunur. Həmin bəyannamələr operativ olaraq kameral vergi yoxlamalarından keçirilir və qanunauyğun tədbirlər görülür. 2015-ci ildə vergi ödəyiciləri tərəfindən təqdim olunmuş 23 min 836 vergi bəyannaməsi vergi orqanlarında kameral və analoji qaydada yoxlanılmış, 368 bəyannamədə vergilərin düzgün hesablanmaması aşkar edilmiş, 24 min 579 manat məbləğində vergi yenidən hesablanaraq büdcəyə ödənilmişdir.
Bu gün muxtar respublikanın vergi sistemində güclü kadr potensialı da formalaşdırılır, vergi orqanlarına xidmətə layiqli namizədlərin seçilməsi müsabiqə yolu ilə aparılır. Bu sahədə görülən işlərin nəticəsidir ki, son illər ərzində 58 nəfər müsabiqə yolu ilə vergi orqanlarında xidmətə qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov vergi orqanları əməkdaşlarının qarşısında mühüm vəzifələr qoyaraq demişdir: “Azərbaycanda özəl bölməyə göstərilən diqqət və qayğı, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, onların qarşılıqlı fəaliyyətinin hüquqi baza üzərində tənzimlənməsi nəticəsində ölkəmiz inkişaf edir. Ona görə də vergi orqanlarında çalışanlar hüquqi bazanın mənimsənilməsinə ciddi fikir verməli, sahibkarlarla iş prinsiplərini operativ nəzarət formasında həyata keçirməlidirlər”.
Vergilər Nazirliyinin kollektivi qarşıya qoyulan tapşırıqların icrasını bundan sonra da layiqincə yerinə yetirəcək, muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfəsini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin
mətbuat xidməti