Muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər daxili bazarın keyfiyyətli yerli ərzaq məhsulları ilə təminatında mühüm rol oynayan ətlik-südlük mal-qara və ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının yaradılmasına və mövcud təsərrüfatların genişləndirilməsinə əlverişli şərait yaradıb. Ətlik və südlük maldarlığın inkişafı istiqamətində 40 mindən yuxarı toxum preparatları gətirilib, yerli cins mal-qarada süni mayalanma aparılıb.
Ümumilikdə, 2008-2015-ci illər ərzində muxtar respublikada 43 min 132 baş mal-qara mayalandırılıb və 28 min 760 baş sağlam bala alınıb. Bundan başqa, “Bərəkət” Məhdud Məsuliyyətli Cəmiyyətinin damazlıq təsərrüfatında yetişdirilən 67 baş damazlıq düyə təsərrüfatlara satılıb. Heyvanların cins tərkibinin yaxşılaşdırılması tədbirlərinin davamı olaraq 2015-ci ildə muxtar respublikaya 249, bütövlükdə isə 1937 baş damazlıq cins mal-qara gətirilərək lizinq yolu ilə satışı həyata keçirilib. Bu dövrdə muxtar respublikada yeni yaradılan və genişləndirilən heyvandarlıq təsərrüfatlarının sayı 275-ə çatdırılıb.
Muxtar respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının damazlıq quşa olan tələbatını ödəmək məqsədilə “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1 milyon 145 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib, aylıq istehsal gücü 386 min ədəd yumurta və 400 min baş cücə istehsalı sahələri yaradılıb. Ümumilikdə, ötən dövr ərzində muxtar respublikada 54 quşçuluq təsərrüfatı yaradılıb, 5 quşçuluq təsərrüfatının fəaliyyəti genişləndirilib.
Muxtar respublikada ət, süd və digər ərzaq məhsulları istehsal edən müəssisələrin modernləşdirilməsi və bu sahədə yeni müəssisələrin yaradılması istiqamətində ötən dövr ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən 804 investisiya layihəsinin maliyyələşdirilməsinə 42 milyon manata yaxın dövlət maliyyə dəstəyi göstərilib.
Həyata keçirilən tədbirlər nəticəsində qaramalın sayı 2008-ci ilə nisbətən 14 faiz artaraq 109 min 436 başa, qoyun və keçilərin sayı 14,9 faiz artaraq 662 min 842 başa çatıb, quşların sayı isə 67,8 faiz artaraq 1 milyon 153 min 345 olub.
Ümumilikdə, aqrar sahədə aparılan tədbirlər məhsul istehsalının artımına müsbət təsir göstərib, 2015-ci ildə 2008-ci ilə nisbətən ət istehsalı diri çəkidə 8658 ton artaraq 25 min 296,6 tona, süd istehsalı 8201,3 ton artaraq 80 min 243,6 tona, yumurta istehsalı 20 milyon 48 min 500 ədəd artaraq 73 milyon 486 min ədədə, yun istehsalı 114,9 ton artaraq 1009,6 tona çatdırılıb.
“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən yaradılan, heyvandarlıq və quşçuluğun inkişafında mühüm rol oynayan qarışıq qüvvəli yem istehsalı müəssisəsinin fəaliyyətə başlaması heyvandarlıq və quşçuluq təsərrüfatlarının inkişafında mühüm rol oynayıb.
Qarışıq qüvvəli yem istehsalı sahəsində Almaniya və Türkiyədən alınan, istehsal gücü saatda 3 ton olan müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 10 ton olan 4 ədəd bunker quraşdırılıb. Burada müxtəlif çeşiddə ətlik-südlük mal-qara və ətlik-yumurtalıq quş yemləri istehsalına başlanılıb. Lakin müəssisədə istehsal edilən qarışıq qüvvəli yem muxtar respublikamızda bu məhsula olan illik tələbatın 40 faizini ödəyirdi. Həmin məhsula olan tələbatın 100 faiz yerli istehsal hesabına ödənilməsi üçün dövlət maliyyə dəstəyi ilə qısa zaman ərzində yeni müəssisə yaradılıb. İstehsal gücü saatda 10 ton olan müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 20 ton xammal olan 9 bunker quraşdırılıb. Beləliklə, heyvandarlıq və quşçuluq təsərrüfatlarının səmərəli fəaliyyətinə şərait yaradılıb, bu sahədə məhsul istehsalı artımına nail olunub. Muxtar respublikada fəaliyyət göstərən heyvandarlıq və quşçuluq təsərrüfatlarının yeni müəssisədə istehsal edilən qüvvəli yemlə təmin olunması əlavə xərclərin qarşısını alıb.
Onu da qeyd edək ki, muxtar respublikada ətlik-südlük heyvandarlıq və ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının illik qüvvəli yemə olan tələbatı 70 min tona yaxındır. Bunun 50 min tonu ətlik-südlük heyvandarlıq, 20 min tonu isə ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının payına düşür. Bu müəssisənin istifadəyə verilməsi ilə qüvvəli yemə olan tələbat 100 faiz ödənilib, idxaldan asılılıq tamamilə aradan qaldırılıb. Hazırda müəssisənin xammala olan tələbatının bir qismi yerli istehsal hesabına ödənilir. Gələcəkdə xammala olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi təmin olunacaqdır.
İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə keyfiyyətli məhsul istehsalı həyata keçirilir. Qarışıq yem istehsalı sahəsində xammal kimi taxıl emalı müəssisəsində istehsal zamanı əldə olunan yarımfabrikatlardan da istifadə olunur. Ayrı-ayrı mərhələlərdən keçməklə hazırlanan 4 çeşiddə məhsul 50 kiloqramlıq kisələrdə “Bərəkət” əmtəə nişanı ilə satışa çıxarılır.
Müəssisədə 25 nəfər daimi işlə təmin olunub, işçilərə normal iş şəraiti yaradılıb.
Heyvandarlıq və quşçuluq təsərrüfatlarının yaradılması və ildən-ilə genişləndirilməsi qarışıq yemə olan tələbatın daha da artmasına səbəb olub. Şərur rayonunda gündəlik istehsal gücü 10 ton olan qarışıq yem və Culfa rayonunda gündəlik istehsal gücü 500 kiloqram olan yem istehsalı sahələri fəaliyyətə başlayıb. Hazırda “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən gündəlik istehsal gücü 10 ton olan qarışıq yem istehsalı sahəsinin yaradılması davam etdirilir.
Kərəm Həsənov