Muxtar respublikada 2016-cı ilin yanvar ayında da əhaliyə keyfiyyətli rabitə və poçt xidmətləri göstərilmişdir. Bu dövrdə yaşayış məntəqələrində, xüsusən də kəndlərdə yüksəkkeyfiyyətli rabitə xidmətinin təşkili diqqət mərkəzində saxlanılmış, Babək rayonunun Xəlilli, Şərur rayonunun Yuxarı Yaycı və Axaməd kəndlərində yeni avtomat telefon stansiyaları quraşdırılaraq istifadəyə verilmişdir. Eyni zamanda Şərur rayonunun Cəlilkənd, Qorçulu, Babək rayonunun Şəkərabad kəndlərində və Babək qəsəbəsində mövcud KAREL tipli avtomat telefon stansiyaları yeni nəsil avtomat telefon stansiyaları ilə əvəz olunmuş, muxtar respublikanın yaşayış məntəqələrində 25-i simsiz olmaqla, 206 yeni telefon nömrəsi istismara verilmişdir.
“Evədək optika” layihəsi üzrə görülən işlər yanvar ayında da uğurla davam etdirilmişdir. Ötən ay Ordubad rayonunun Biləv və Gilançay kəndləri arasında 12 min 136 metr, ümumilikdə isə muxtar respublikada 15 kilometrdən artıq fiber-optik kabel xəttinin tikintisi başa çatdırılmış, 16 fərdi mənzilə fiber-optik kabel xətti çəkilmişdir. Genişzolaqlı “Asinxron rəqəmsal xətləri” texnologiyası vasitəsilə yanvar ayı ərzində 321 abunəçi internetlə təmin olunmuşdur. Bundan başqa, ay ərzində “Naxtel”in daha 4 baza stansiyası qurulmuş və 4-cü nəsil baza stansiyalarının sayı 85-ə çatdırılmışdır. Həmçinin “Naxtel”in Billing sistemi üçün əsas və ehtiyat server avadanlıqları alınıb gətirilmiş, “Orakl” şirkətinin mütəxəssisləri tərəfindən montaj işləri başa çatdırılmışdır. Hazırda 1-ci mərhələ üçün nəzərdə tutulan proqram təminatının yüklənməsi işləri davam etdirilir.
Muxtar respublikada müasir poçt xidmətinin təşkili diqqət mərkəzində saxlanılır. Ötən ay Xəlilli və Yurdçu kəndlərində yeni poçt bölmələri istifadəyə verilmiş, “Naxçıvanpoçt”un kompüter şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulması prosesi başa çatdırılmışdır. Bu da sistemə qoşulmuş bank-maliyyə və digər qurumların ödənişlərinin poçt məntəqələrində yığılmasına imkan verir. Ay ərzində muxtar respublikadakı poçt bölmələrində 549 min 258 manat elektrik enerjisindən, 1 milyon 509 min 984 manat təbii qazdan, 62 min 68 manat isə sudan istifadə haqqı yığılmışdır.
Bu gün yeni texnologiyaların imkanlarından istifadə dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin həcmini artırır. Yanvar ayında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq hüquqlarının mühafizəsi üzrə elektron məlumat bankı hazırlanaraq serverə yerləşdirilmişdir. Dövlət orqanlarında vətəndaşlardan daxil olan ərizə və şikayətlərə nəzarət-keçid müddətində baxılmasının təmin edilməsi üçün nəzarət sistemi istismara verilmişdir.
Yeni texnologiyalar sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması bu gün qarşıda duran əsas vəzifədir. Yanvar ayında Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində kompüter kursları üzrə təhsil almaq üçün 35 dinləyicidən ibarət 3 ümumi və 15 fərdi qrup yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti