23 Dekabr 2024, Bazar ertəsi

Sağlam iqtisadiyyatın cəmiyyətin hərtərəfli inkişafı üçün əsas şərt olduğu, hər bir insanın yaxşı yaşaması naminə onun daha da möhkəmləndirilməsinin əhəmiyyəti hər kəsə məlumdur. Xüsusən dünyada qlobal rəqabətin kəskinləşdiyi bir dövrdə hər bir ölkədə bütün diqqətlər, ilk növbədə, iqtisadiyyatın inkişafına yönəldilərək sosial-mədəni inkişafdan tutmuş müdafiə məsələlərinədək bütün sahələrə iqtisadi zəmanət yaradılır.
Müstəqil Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası da muxtariyyət illərində iqtisadi inkişafı ilə nəyə qadir olduğunu bir daha sübut edərək yeni bir mərhələyə qədəm qoymuşdur. Şərqlə Qərbin astanasında mühüm mövqe tutan Naxçıvanın 92 il ərzində keçdiyi bu inkişaf yolu bir çox cəhətlərinə görə çoxəsrlik bir dövrə sığan zənginliyə sahibdir.

Bu dövr ərzində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında, təbii ehtiyatlarından istifadə, sənaye, kənd təsərrüfatı, ticarət, əhali məşğulluğu, insanların həyat səviyyəsi kimi məsələlərin həllində bir çox dəyişiklik olmuş, keçilmiş dövrün tələbinə görə kifayət qədər mürəkkəb proseslər baş vermişdir. Belə ki, tarixən özünün duzu, ipəyi, meyvələri ilə yaxşı tanınmış Naxçıvanın iqtisadi potensialı sovet hakimiyyətinin ilk illərində malik olduğu əsl potensialdan çox aşağı idi. O dövrdə ucqarların hərtərəfli inkişafı, əhalinin məşğulluğu, sosial rifah halının yüksəldilməsi kimi məsələlərin həlli çox ləng aparılırdı. Nəticədə, Naxçıvanda 1969-cu ilədək cəmi 40 adda məhsul istehsalına nail olunmuş, burada da mineral ehtiyatların hasilatı və yeyinti sənayesi üstün olmuş, iqtisadiyyat aqrar çərçivədə məhdudlaşmışdı. İndi 92 illik muxtariyyətin həmin dövrünə nəzər saldıqda Naxçıvanın zəngin təbii iqlim və mineral ehtiyatlarından istifadə olunmadığı, onun bir muxtar qurum kimi güclü iqtisadiyyata sahib olması əvəzinə həmsərhəd olduğu qonşu respublikadan asılı olmasına daha çox diqqət edildiyi görünür.
Təkcə Naxçıvan Muxtar Respublikasının deyil, bütövlükdə, Azərbaycan Respublikasının tarixinə dönüş ili kimi yazılmış 1969-cu ildən sonrakı dövr, bu mənada, Naxçıvan Muxtar Respublikasının da hərtərəfli inkişafında dərin izlərlə yadda qalmışdır. Bu dövrdən başlayaraq öz xalqına, millətinə xidmət etməyi ən böyük xoşbəxtlik sayan xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi altında bütün Azərbaycan kimi, Naxçıvanın da inkişaf dövrü başlanmışdır. 1969-1987-ci illərdə gedən sürətli inkişaf prosesləri nəticəsində Naxçıvanda ilk dəfə olaraq regionda yaradılmış irihəcmli istehsal müəssisələri hesabına rahat iş yerləri açılmışdır. Belə ki, 1985-ci ilədək Naxçıvanda müxtəlif sahə­lər üzrə 21 iri sənaye müəssisəsi istifadəyə verilmişdir. Bu dövrdə muxtar respublikada istehsal olunan məhsullar respublikanın və keçmiş ittifaqın müxtəlif yerlərinə göndərilir, torpaqlar əkin dövriyyəsinə cəlb olunur, Naxçıvan üçün ənənəvi olan bağçılıq, meyvəçilik istiqamətində mühüm işlər aparılırdı.
Milli mübarizə tariximizə qızıl hərflərlə yazılmış 1990-1993-cü illərdə Naxçıvanın muxtariyyəti daha böyük əhəmiyyət qazanmışdır. Bu dövr xalqımızın öz liderinin ətrafında yenidən daha sıx birləşməsi dövrü kimi xarakterizə edilir. Bu, elə bir zaman idi ki, hər tərəfdən blokadaya alınmış Naxçıvan Muxtar Respublikasının taleyi möcüzələrə qalmışdı. Xarici aləmlə nəqliyyat, kommunikasiya, ticarət imkanları hər tərəfdən bağlanmış, enerji və ərzaq ehtiyatları məhdud bir regionun iqtisadiyyatının da çökməsi burada yaşayan insanlar üçün ən ağır imtahan idi. Ancaq yorulmaq bilmədən Yeni Azərbaycanın gələcək layihəsi üzərində düşünən dahi rəhbər Heydər Əliyev bu dövrdə Naxçıvanda, öz xalqının yanında idi. Artıq Naxçıvanda hamının əl-ələ verib dağılmış iqtisadiyyatı yenidən bərpa etməyə iradə və gücü var idi. Beləliklə, 1990-1993-cü illərdə Naxçıvanda qonşu dost ölkələrlə əlaqələrin yaradılması, ərzaq, enerji təminatı məsələlərinin həlli, ölkənin paytaxtı ilə hava yolu əlaqəsinin genişləndirilməsi, aqrar islahatlara başlanılması muxtar respublikanın etibarlı müdafiəsi qədər həyati əhəmiyyətli işlər olmuşdur.
Naxçıvanın muxtariyyət tarixində mühüm yer tutan son 20 il ölkəmizdə makroiqtisadi sabitliyə nail olunması ilə bərabər başlanan və cəmiyyətin bütün sahələrini əhatə edən genişmiqyaslı inkişaf mərhələsidir. Bu dövrdə blokadanın ağır nəticələrinin aradan qaldırılması ilə muxtar respublikada əhalinin həyat səviyyəsi yüksəldilmişdir. Özlüyündə bunlar heç də asan məsələ deyildi. Əli işdən soyumuş insanları yenidən öz sahəsinə qaytara bilmək böyük zəhmət tələb edirdi. Bu dövrdə Naxçıvanın hər yerində, şəhər, kənd demədən möhtəşəm quruculuq işləri həyata keçirilmişdir. Təkcə yol, körpü, binalar tikilməmiş, həm də insanların düşüncəsinə yeni quruculuq ab-havası gətirilmiş, bu, onlara yeni həyat tərzi qazandırmışdır.
Naxçıvanı müasir inkişafa qovuşduran bu dövrün statistikası çox zəngindir. Belə ki, muxtar respublikada ümumi inkişafı əks etdirən ümumi daxili məhsul istehsalı 1995-ci illə müqayisədə 56 dəfədən çox artaraq 2 milyard 467 milyon manatı üstələmişdir. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 42 dəfədən çox artaraq 5581 manatı ötmüşdür. Bu dövrdə muxtar respublikada sənayenin inkişafı üçün əsaslı tədbirlər həyata keçirilərək avtomobil istehsalına qədər yol keçilmiş, elektroenergetika sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Belə ki, əgər 1995-ci ildə muxtar respublikada 56 sənaye müəssisəsi və cəmi 1 elektrik enerjisi istehsal edən müəssisə olmuşdursa, hazırda bu göstəricilər müvafiq olaraq 441-ə və 8-ə çatmışdır. Beləliklə, son 20 ildə Naxçıvan aqrar regiondan sənaye regionu olmaq yolunda mühüm məsafə qət etmişdir. Çox deyil, cəmi 15-20 il əvvəl tamamən idxaldan asılı vəziyyətdə olmuş muxtar respublikada istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş, ötən il 414 milyon 420 min ABŞ dollarından artıq həcmdə məhsul ixracına nail olunmuşdur.
Hazırda muxtar respublikada özəl bölmənin payı 87,3 faiz təşkil edir. Yerli istehsal sahələrinin inkişafı nəticəsində 2015-ci ildə muxtar respublikada 361 növdə məhsul istehsal olunaraq 343 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. 2015-ci ilin məhsulu üçün muxtar respublikada 61 min 414 hektar sahədə əkin işləri aparılmışdır ki, bu da 1995-ci ilin məhsulu üçün əkilmiş sahədən 2,4 dəfə çoxdur. Ötən il Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən 1995-ci ildəki müvafiq göstəricidən 268 dəfədən çox, yəni 70 milyon 221 min manat həcmində kreditlər verilmişdir.
Azərbaycan Respublikasının tərkibində muxtar dövlət kimi öz inkişafının ən yüksək mərhələsinə çatmış Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında əldə olunmuş bu nailiyyətlər burada ictimai həyatın bütün sahələrində özünü göstərir.
İnkişaf zamanın tələbi, görülən işin, çəkilən zəhmətin nəticəsidir. Zaman keçdikcə görülən bu işlər də öz bəhrəsini vermişdir. İndi Naxçıvan Muxtar Respublikasının şöhrəti onun hüdudlarını, ölkə sərhədlərini çoxdan aşıb. Naxçıvan indi özünü hər yerdə tanıdan inkişaf yolunda addımlayır.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR