Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının fəaliyyətinə hərtərəfli şəraitin yaradılması, yeni texnologiyaların tətbiqi vətəndaşlara göstərilən xidmətin səviyyəsini yüksəltmişdir. 2016-cı ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə işlər mütəşəkkilliklə davam etdirilmiş, operativliyin artırılması diqqət mərkəzində saxlanılmışdır. Bu dövrdə daşınmaz əmlakın hüquqi ekspertizası və reyestrinin aparılması sahəsində görülən işlərin nəticəsi olaraq muxtar respublika üzrə 459 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. Şərur rayonunun Axaməd və Qarxun, Şahbuz rayonunun Sələsüz, Kəngərli rayonunun Yurdçu, Ordubad rayonunun Qoşadizə, Culfa rayonunun Boyəhməd, Babək rayonunun Güznüt və Zeynəddin kəndlərində vətəndaşlara səyyar xidmət göstərilmiş, 114 müraciətə baxılmışdır. Bundan başqa, muxtar respublikada ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yaranmış 73 yeni daşınmaz əmlak obyektinə ünvanlar verilmiş və ünvan xəritələrində qeydiyyatı aparılmışdır.
Muxtar respublika üzrə ümumi və suvarılan torpaqlardan istifadə vəziyyətinə dair torpaq balansı tərtib edilmiş, Culfa və Şahbuz rayonlarında torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələrinin iştirakı ilə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların təyinatı üzrə istifadə edilməsinə və mühafizəsinə dair maarifləndirici tədbirlər keçirilmişdir. Bu dövrdə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 27 noyabr tarixli Qərarına uyğun olaraq mövcud elektron xidmətlərin reqlamentləri üzərində müvafiq düzəlişlər aparılaraq internet saytında yerləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi muxtar respublikada torpaqlardan təyinatı üzrə səmərəli istifadə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi, vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması istiqamətində işləri bundan sonra da davam etdirəcəkdir.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti