Muxtar respublikada su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır, ardıcıl meliorasiya və irriqasiya tədbirləri görülür. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əməkdaşları 2016-cı ildə də bu işləri uğurla davam etdirirlər.
Yanvar ayında suvarmanın səmərəli və mütəşəkkil aparılması məqsədilə 1,75 kilometr təzyiqli boru xətti təmir olunmuş, 14,88 kilometr kanal, 29,6 kilometr ara arxlar və 1,3 kilometr kollektor lildən təmizlənmiş, 1 kilometr məsafədə yeni suvarma xətti çəkilmişdir. Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərini əhatə edən 107 hektarlıq qapalı suvarma şəbəkəsində 600 metr məsafədə boru xətti çəkilmişdir. Şərur rayonunun Ələkli kəndinə birbaşa suvarma suyunun verilməsi üçün Arpaçay sol sahil kanalından yeni boru xəttinin tikintisinə başlanılmış və 760 metr boru xəttinin tikintisi başa çatmışdır. Bu dövrdə Araz çayı ətrafındakı torpaqların yuyulmasının qarşısını almaq məqsədilə 300 metr sahilbərkitmə işi görülmüşdür.
Muxtar respublikada subartezian quyularının sayının artırılması yaşayış məntəqələrinin su təminatını, suvarma işlərini xeyli yaxşılaşdırmışdır. Bu sahədə işlər bu ilin ilk ayında da davam etdirilmiş, Kəngərli rayonunun Qabıllı kəndində yeni subartezian quyusu qazılmış, Babək rayonunun Yuxarı Uzunoba kəndində subartezian quyusu bərpa edilmiş, mövcud quyularda təmir-bərpa işləri görülmüşdür. Bəhs olunan dövrdə 46 subartezian quyusu təmir olunmuşdur. Həmçinin suvarma mövsümünü mütəşəkkil şəkildə keçirmək məqsədilə 80 nasos stansiyasında təmir işləri aparılmış, 2 elektrik mühərriki və 1 nasos yenisi ilə əvəz olunmuşdur. Bu dövrdə kəhrizlərin təmir-bərpası da diqqət mərkəzində saxlanılmış, 5 kəhrizdə təmir işləri davam etdirilmişdir.
Muxtar respublikanın bütün yaşayış məntəqələrində dayanıqlı və keyfiyyətli içməli su təminatı yaradılır, yeni kanalizasiya sistemləri qurulur. Yanvar ayında da bu istiqamətdə işlər davam etdirilmiş, 2,43 kilometr su xətti təmir olunmuş, 625 metr yeni su xətti və 100 metr kaptaj tikilmiş, Naxçıvan şəhərinin Tumbul kəndində 2300 metr kanalizasiya xətti çəkilmişdir. Həmçinin “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilmişdir. Ötən aydan başlayaraq Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərində də su və kanalizasiya şəbəkəsinin çəkilişlərinə başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı
Komitəsinin mətbuat xidməti