Bu ilin yanvar ayı ərzində yerli hava xəttindən 15 min 387 sərnişin istifadə etmiş, 232 min 37 kiloqram baqaj, 41 min 725 kiloqram yük və 2289,27 kiloqram poçt daşınması həyata keçirilmişdir. Beynəlxalq hava xətti ilə isə Naxçıvan-Moskva reysi üzrə 136 sərnişin, 2 min 373 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi üzrə 364 sərnişin və 5 min kiloqram baqaj daşınmışdır.
Hava limanında daim təhlükəsizlik işlərinin görülməsi və texnikaların işinə nəzarət olunması uçuşların vaxtında və təhlükəsiz təşkilini təmin etmişdir. Ay ərzində hava gəmilərinə uçuşqabağı və sonra texniki baxış keçirilmiş, uçuş-enmə zolağı və dayanacaqlar mütəmadi yoxlanılmış, perronda və dönmə yollarında təmir işləri aparılmış, işıq-siqnal sisteminə və bütün növ xidməti avtomobillərə texniki baxış keçirilmiş, lazımi hissələr dəyişdirilmişdir.
Aerovağzal binasında xidmətin günün tələbləri səviyyəsində təşkili diqqətdə saxlanılmış, “Şərq Terminalı”nda yeni qeydiyyat avadanlıqları quraşdırılmış, hava limanının 8 əməkdaşı Milli Aviasiya Akademiyasında teleskopik trapın idarə olunması üzrə keçirilən nəzəri-praktiki kurslarda iştirak etmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanının bütün ərazisində yanğın əleyhinə mütəmadi tədbirlər görülür, aviasiya təhlükəsizliyi təmin olunur. Bu məqsədlə yanğınsöndürmə avtomobillərinin və nəzarət-müşahidə kameralarının istismara yararlılığı diqqət mərkəzində saxlanılır, taktiki məşğələlər keçirilir. Bu tədbirlərin davamı olaraq yanvarın 29-da növbəti iclas keçirilmiş, işçilərə yanğına qarşı və aviasiya təhlükəsizliyi tədbirləri ilə bağlı müvafiq təlimatlar verilmişdir. Yaradılan şəraitin nəticəsidir ki, hava limanında yanvar ayında aviasiya təhlükəsizliyi işi günün tələblərinə uyğun qurulmuş, sərnişinlər, baqaj və yüklər təlimata uyğun yoxlanılmış, xidmət nümunəvi təşkil olunmuşdur.
Naxçıvan Beynəlxalq Hava Limanının
mətbuat xidməti