23 Dekabr 2024, Bazar ertəsi

Müasir dövrdə dünya iqtisadiyyatına inteqrasiyanın mühüm göstəricilərindən biri xarici ticarətdir. Mal və xidmətlərin idxal və ixracı hesabına əhali rifahının təmin olunması dövlətlərin apardığı iqtisadi siyasətdə əsas yerlərdən birini tutur.  Bu həm də dünya üzrə iqtisadi resurslardan səmərəli istifadəyə və istehsalatda ixtisaslaşmaya şərait yaradır. Nəticədə, keyfiyyətli və münasib qiymətə təklif olunan mal və xidmətlər öz alıcısını tapmaqla bərabər, ölkələrin valyuta gəlirlərini də artırır. Bu baxımdan hazırkı dövrdə muxtar respublikamızdan xaricə göndərilən ixracyönümlü mal və xidmətlər ölkəmizin valyuta gəlirlərinə mühüm töhfələr verməkdədir. 

Muxtar respublikamızda son illər ixracyönümlü məhsul istehsalı prioritet məsələlərdən birinə çevrilmişdir. Belə ki, həyata keçirilən iqtisadi siyasətin nəticəsi olaraq muxtar respublikamızda 441 müəssisə tərəfindən istehsal olunan 361 növdə və 1116 çeşiddə məhsul daxili bazarın tələbatlarını ödəməklə yanaşı, idxaldan asılılığın da azaldılmasında mühüm rol oynayır. Qeyd edək ki, hazırda muxtar respublikada 343 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bununla yanaşı, Naxçıvandakı bir çox müəssisə artıq xarici bazarlarda özünəməxsus yer tutmağa başlamışdır. Belə ki, bu gün muxtar respublikada istehsal gücünə görə 51 müəssisə ixrac potensialına malikdir. Həmin müəssisələr tərəfindən 60 növdə məhsulun istehsalı həyata keçirilir. Bu gün muxtar respublikada qida məhsullarının ekspertizası üzrə beynəlxalq akkreditasiyadan keçmiş və İSO 17025-2005 tələblərinə cavab verən laboratoriya fəaliyyət göstərir ki, ixrac əməliyyatlarında tələb olunan bir sıra sertifikatlar məhz buradan təmin olunur.

2015-ci ildə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 512 milyon 354 min 500 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 414 milyon 420 min 600 ABŞ dollarını ixrac, 97 milyon 933 min 900 ABŞ dollarını idxal təşkil etmiş və 316 milyon 486 min 700 ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. 2014-cü illə müqayisədə ixracın həcmi 1,4 faiz artmış, idxalın həcmi isə 10 faiz azalmışdır. İxracın həcmində 316 milyon 797 min 300 ABŞ dolları dəyərində sənaye məhsulları üstünlük təşkil edir. Xarici ticarət dövriyyəsində ixracın üstünlüyü valyuta qazancı deməkdir ki, bu da ölkənin ödəmə balansına və ümumilikdə, iqtisadiyyata müsbət təsir göstərir.
Xarici bazarlara çıxışın təmin edilməsində muxtar respublikada fəaliyyət göstərən şirkətlərə ixrac təşviqlərinin verilməsi, onlara xarici bazarlara çıxış üçün müxtəlif dəstək mexanizmlərinin tətbiqi dairəsi genişlənir. Belə ki, artıq muxtar respublikada “İnvestisiya təşviqi sənədi”nin tətbiqinə başlanmışdır. Bu sənədi əldə etmiş sahibkarların 7 illik müddətə gətirdikləri avadanlıq və qurğuların idxalı üzrə əlavə dəyər vergisi və gömrük rüsumlarından, həmçinin əmlak və torpaq vergisindən azad olunması nəzərdə tutulmuşdur. Kənd təsərrüfatı və emal məhsullarının ixracı zamanı geri ödəmə dəstəklərinin tətbiqi, şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına dövlət maliyyə yardımlarının göstərilməsi imkanları nəzərdən keçirilir. Bununla yanaşı, Naxçıvanda istehsal olunmuş məhsulların xarici bazarlarda reklamı, onların dünyada qəbul olunmuş standartlar səviyyəsində dizaynı və başqa bu kimi məsələlər öz aktuallığını qoruyur. Qeyd edək ki, muxtar respublikamızda bu sahədə beynəlxalq keyfiyyət idarəetmə sistemləri (İSO) tətbiq olunur.
Gündən-günə Naxçıvan Muxtar Respublikasının xarici ticarət əməliyyatlarında ixrac meyilləri artmaqdadır. Muxtar respublikadan yükdaşımalarının artmasına imkan verəcək nəqliyyat imkanlarının yaxşılaşması ixracatın əhəmiyyətli dərəcədə artırılmasına şərait yaradacaqdır. Həmçinin tranzit yükdaşımalarının da muxtar respublika ərazisindən keçməsi burada xarici ticarətin daha da inkişafını təmin edəcəkdir.
Muxtar respublikada istehsal olunan ixracyönümlü ərzaq məhsulları daha çox saf və təbiidirlər. Müasir dünyada təbii məhsullara verilən üstünlük belə məhsulların xarici bazarlara çıxarılma imkanlarını artırır. Bu məqsədlə muxtar respublikada ilk dəfə olaraq məhsul ixracına dəstək məqsədilə “Naxçıvan Məhsulları” MMC təsis edilmişdir. Müəssisənin əsas vəzifəsi məhsulların respublika ərazisində satışının genişləndirilməsi, qablaşdırma, dizayn, markalanma və digər göstəricilərin yaxşılaşdırılması, xarici ölkələrə ixracının təşkil edilməsindən ibarətdir.
Hazırda Naxçıvan Muxtar Respublikasında istehsal edilən çox sayda məhsul ixrac baxımından perspektivli hesab olunur. Məhsul ixracı marketinq və reklam işinin təşkili ilə birbaşa əlaqəlidir. Bu baxımdan sərgilərdə iştirak, reklam kampaniyalarının təşkili, təbliğat işləri xüsusi əhəmiyyət kəsb edir. Son illərdə muxtar respublikadan 1200 nəfərdən çox nümayəndə 62 xarici ölkə sahibkarları ilə keçirilmiş 230-dan çox yerli və beynəlxalq əhəmiyyətli sərgi, biznes-forum və konfranslarda iştirak etmişdir. Təkcə 2015-ci ildə 78 nəfər 21 beynəlxalq əhəmiyyətli tədbirdə iştirak etmiş, muxtar respublikada istehsal olunan 20 növdə ərzaq məhsulları Almaniya Federativ Respublikasında keçirilən “Green Week”, Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Gulfood”, Səudiyyə Ərəbistanı və İran İslam Respublikasında keçirilmiş müxtəlif sərgilərdə nümayiş olunmuşdur.
Naxçıvanın əsas ixrac məhsullarından məşhur mineral sularımızı, təbii duzu, vafli məmulatlarını, çay, emal olunmuş ət və meyvə məhsullarını, qazlı aromatlaşdırılmış içkiləri, spirtli içkiləri, meyvə şirələrini, yüksəkkeyfiyyətli tikinti məhsullarını, o cümlədən Naxçıvan sementini, gips və daş məmulatlarını, xam dəri, plastik və metal məmulatlarını, mebel, metal örtüklər, panel radiatorlar, karbon qazı, uşaq bezləri və digər çox sayda məhsulları misal göstərmək olar. 2015-ci ildə muxtar respublikada istehsal olunan sement, travertin daş məmulatları, meyvə şirələri, vafli məmulatları Gürcüstana, yarımfabrikat dəri, mineral sular Türkiyə, İran və MDB ölkələrinə, NAZ-Lifan avtomobilləri Belarusa ixrac olunub. 2016-cı ildə məhsullarımızın Rusiya və Birləşmiş Ərəb Əmirliklərinə çıxışı istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Son illər muxtar respublikada ixrac potensiallı bölmənin inkişafına təkan verəcək yeni müəssisələrin yaradılması rəqabətə dayanıqlı məhsulların sayını daha da artırmışdır. Babək rayonu ərazisində yeni istifadəyə verilmiş Naxçıvan Günəş Elektrik Stansiyası da muxtar respublikanın ixrac potensialının genişlənməsi baxımından xüsusi əhəmiyyəti olan müəssisələrdəndir. Valyuta gəlirləri baxımından yüksək potensialı olan digər bir sahə isə turizmdir. Belə ki, beynəlxalq turizmin inkişaf etdirilməsi ilə adi mal və məhsul ixracından daha sərfəli olan turizm məhsulunun ixracı imkanı yaranır ki, bu da hazırkı dövrdə ölkəmizdə qeyri-neft sektorunun əsas prioritetləri arasındadır.
Hər bir ölkənin yalnız milli sərhədləri içərisində həyata keçirilən istehsal həmin ölkədəki tələbatla məhdudlaşmaq məcburiyyətindədir. Lakin məhsul ixracına nail olmaq həmin məhsulun istehsalını dəfələrlə artırmaq imkanı yaradır. Bu həm də həmin ölkənin tanıdılması baxımından çox vacibdir.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR