Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən vətəndaşlara göstərilən səyyar xidmət muxtar respublikada daşınmaz əmlak bazarının aktivləşməsinə, daşınmaz əmlakın iqtisadi proseslərə cəlb olunmasına böyük təkan olmaqla, komitənin fəaliyyət istiqamətləri üzrə səmərəliliyin artırılmasında da mühüm rola malikdir. Səyyar xidmətin təşkili həm də yerlərdə vətəndaşların müraciətlərinin operativ şəkildə cavablandırılmasına, vaxta qənaət edilməsinə, şəhər və ya rayon mərkəzlərinə getmədən müraciətlərin yerində və qısa zamanda həll edilməsinə imkan yaradır.
Bu barədə məlumat qəzetimizə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən daxil olub. Məlumatda bildirilir ki, 2015-ci il ərzində komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublikanın ucqar kənd yaşayış məntəqələrində əhaliyə səyyar xidmət göstərilməsi təmin olunub. Ordubad rayonunun 17 yaşayış məntəqəsindən 411, Culfa rayonunun 20 yaşayış məntəqəsindən 398, Şərur rayonunun 17 yaşayış məntəqəsindən 309, Babək rayonunun 14 yaşayış məntəqəsindən 128, Şahbuz rayonunun 8 yaşayış məntəqəsindən 107, Kəngərli rayonunun 7 yaşayış məntəqəsindən 125, Sədərək rayonunun 2 yaşayış məntəqəsindən 24 müraciət olmaqla, ümumilikdə, ötən il ərzində səyyar xidmət qrupu tərəfindən 85 yaşayış məntəqəsində 1502 vətəndaşın müraciətinə baxılıb.
Səyyar xidmət zamanı yaşadıqları ərazidə vətəndaşların ərizələri qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib, elektron sistemə daxil edilərək texniki sənədlər hazırlanıb. Vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədləri – torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr, dövlət aktları, qeydiyyat vəsiqələri daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilib.
2016-cı ildən etibarən vətəndaşlara səyyar qaydada göstərilən xidmətlərin sayı artırılıb, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınması, daşınmaz əmlakın texniki pasportunun hazırlanması, torpaq sahəsinin plan-ölçüsünün hazırlanması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaklara məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi üçün sənədlərin qəbuluna başlanılıb.
Xatırladaq ki, səyyar xidmət zamanı ahıl, sağlamlıq imkanları məhdud insanlara onların yaşadıqları ünvanlarda xidmət göstərilir.
Səbuhi Həsənov