23 Dekabr 2024, Bazar ertəsi

Tarixən dalğalı iqtisadi inkişaf problemi dünyada həmişə özünü göstərmiş və bu, ölkələrin iqtisadiyyatına müxtəlif dərəcədə təsir etmişdir. Buna görə də qlobal rəqabətə qoşulan ölkələrin iqtisadiyyatının şaxələndirilməsi və onun ayrıca bir sahədən asılılığının aradan qaldırılması həmişə milli iqtisadiyyatın inkişafının əsas problemlərindən hesab olunur. Bu baxımdan müasir şəraitdə biliklərə əsaslanan informasiya iqtisadiyyatının qurulması və daha çox hazır məhsul istehsalı üzrə ixtisaslaşan iqtisadi model yaradılması qarşımızda duran əsas vəzifələrdəndir. 

Hazırda cəmiyyətimizin müxtəlif sahələrində – iqtisadiyyatda, sosial və humanitar sahələrdə informasiyanın artan rolu açıq-aydın görünməkdədir. Buna görə də müasir iqtisadi idarəetmənin tələblərindən biri idarəetmənin sadələşdirilməsi üçün informasiyanın gücündən tam istifadə olunması, onun səmərəliliyinin artırılmasıdır.
Bu gün qlobal dünyanın ən mühüm tələblərindən biri informa­siya cəmiyyətinə uyğunlaşmaqdır. Hazır­da ölkəmizin bu sahədəki nailiyyətləri müasir sivil cəmiyyət quruculuğunun ən yaxşı nümunələrindən biridir. Müstəqilliyin qazanılmasından keçən qısa müddət ərzində xalqımız öz tarixi-mənəvi köklərinə bağlı qalmaqla dünyanın əsas iqtisadi gücləri ilə qarşılıqlı əməkdaşlıqda və dünya mədəniyyətinə inteqrasiyada böyük nailiyyətlər əldə etmişdir. Bu gün, demək olar ki, hər bir azərbaycanlı dünyada gedən iqtisadi, mədəni və demokratik proseslər haqqında kifayət qədər məlumatlıdır. Elm, təhsil və idarəçilikdə əldə olunmuş nailiyyətlərimiz milli sərvətimizin bir parçası kimi xalqımızın ümummilli lideri Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin qüdrətinin artmasına öz töhfəsini verməkdədir. Məhz bu qüdrətin təcəssümüdür ki, bu gün Azərbaycan ondan daha zəngin ölkələrlə müqayisədə dünyanı bürümüş qlobal iqtisadi böhrandan ən az zərər görən bir ölkədir.

Biliklərə əsaslanan iqtisadiyyatda resurslara qənaət mühüm yer tutur. Daha doğrusu, tükənməyən insan biliyinin tükənə bilən maddi sərvətləri əvəz etməsi iqtisadi inkişafın əsas yollarından biridir. Son günlər dünyadakı iqtisadi böhranla əlaqədar tez-tez yada saldığımız qənaət anlayışı isə, əslində, tarixi inkişaf boyu həmişə insanı düşündürən əsas problemlərdən olmuş, iqtisadiyyatı qurmağın, səmərəliliyə nail olunmağın üsullarından biri hesab edilmişdir. Odur ki, uğurlu idarəetmə üçün nəyə və necə qənaət olunması məsələsi hələ kəskin olaraq gündəmə gəlmə­mişdən əvvəl onun haqqında düşünmək ən doğru seçim kimi həmişə özünü göstərmişdir.
Şübhəsiz, bir çoxları resurslara qənaət dedikdə həmişə özünü qıt şəkildə göstərən yanacaq-enerji ehtiyatlarına, yaxud strateji taxıl-ərzaq məhsullarına və ya sadəcə, pul-maliyyə resurslarına qənaətdən bəhs edirlər. Məsələn, çox tez-tez tullantı kimi atılan torbalarla dolu çörəyi, yaxud az qala səhər saat 10-a qədər yanılı qalan küçə işıqlarını və ya unudularaq gecə səhərə qədər yanılı qalan inzibatı idarələrin pəncərələrindən gələn işıqları görəndə, bunlar axı kiminsə əməyidir deyə təəssüflənir, bunları edənləri qınayırıq. Ümumiyyətlə, qənaət müasir mədəni insanın bir həyat tərzi, onun cəmiyyətə hörməti, ətraf mühitə diqqəti, gələcək nəsillərə sevgisidir. Xülasə, öz fərdi tələbatından artıq maddi nemət mənimsəyib onu havaya sovuranlar müqəddəs “Qurani-Kərim”də necə qınanırsa, cəmiyyət də onlara eyni şəkildə bədməsrəf kimi qiymət verir. Lakin bilik iqtisadiyyatında ən dəyərli resurslardan biri məhz vaxt olduğundan, müasir tələbkar vətəndaşın, işgüzar insanın vaxtının boş yerə itirilərək onun dəyərdən salınması daha zərərli iqtisadi nəticələr verir ki, bu da, son nəticədə, digər maddi nemətlərin də qıtlığını yaradır. Çünki insana lazım olan bütün nemətlər elə insanın özü tərəfindən yaradılır.
Müasir dövrdə həm idarəetmədə, həm də istehsalın təşkilində havayı vaxt itkisinin aradan qaldırılmasında elektron xidmətlərdən istifadə bu sahədə yeni fəaliyyət üslubunun formalaşdırılmasına imkan yaradır. Bu tələbat inkişafın elə bir mərhələsində başlayır ki, bu zaman insanlar təkcə qloballaşmanın yaratdığı iqtisadi, sosial, mədəni tələbatların ödənilməsi üçün deyil, eyni zamanda yaşadığı ölkənin əksər idarəetmə institutları ilə yaranan qarşılıqlı məsələlərin, öz gündəlik həyatlarının və ya fərdi sahibkarlıq qayğılarının həlli zamanı həmin imkanlardan istifadə edə bilmə zərurəti duyurlar. Şübhəsiz, burada informasiya-kommunikasiya texnologiyalarının özünün çox sürətli inkişafı və onların müxtəlif sahələrdə tətbiqi imkanlarının genişlənməsi də mühüm rol oynayır. Dövrün tələbinə uyğunlaşmaq, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzini formalaşdırmaq baxımından bunlar məqsədəuyğun islahatlar hesab olunurlar. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsinə və nəticə etibarilə, ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunmasına xidmət edir.
Hazırda Naxçıvan Muxtar Respublikasında müxtəlif idarəetmə qurumlarının çox sayda elektron xidmətləri təklif olunmaqdadır. Muxtar respublikamızda “Elektron hökumət” layihəsi infrastrukturu üzrə görülən işlərin həcmi, bütün yaşayış məntəqələrində internetə çıxışın təmin olunması, dövlət idarələrinin, təhsil müəssisələrinin yeni nəsil kompüter avadanlıqları ilə təchiz edilməsi, əhalinin kütləvi şəkildə elektron xidmətlərdən istifadə etməsinə yönəlmiş maarifləndirici tədbirlər bu işlərin həyata keçirilməsi üçün çox mühüm əhəmiyyət daşıyır. Bu gün muxtar respublika sakinləri bank hesabının açılmasını, müxtəlif fəaliyyət növləri üçün lisenziyanın alınmasını, xidmət haqlarının onlayn ödənilməsini, əmtəə nişanının qeydiyyatdan keçirilməsini, pensiyaçılara məlumatların verilməsini və digər çox sayda xidmətləri asanlıqla internet vasitəsilə reallaşdıra bilirlər. Nəticədə, vətəndaşların və eləcə də dövlət qurumlarında çalışan məmurların vaxtına qənaət olunması, əməliyyatları daha operativ, daha az xərclə reallaşdırmaq imkanı yaranmışdır. Bu isə modern cəmiyyət quruculuğunun, çevik və şəffaf idarəetmənin təmin edilməsinə öz müsbət təsirini göstərir.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR