22 Dekabr 2024, Bazar

Sərhəd bölgəsi Sədərək rayonunda yaz-tarla işlərinə start verilib. Kənd əməkçiləri ilin məhsul bolluğuna etibarlı bünövrə yaratmaq üçün təsərrüfat işlərini tələb olunan vaxtda və yüksək aqrotexniki qaydalar əsasında görməyə çalışırlar. Dövlət tərəfindən göstərilən qayğı, havaların əkin-səpin üçün əlverişli olması, bütün gərəkli tədbirlərin vaxtında həyata keçirilməsi yüksək nəticələrin qazanılacağına əminlik yaradır.
Elə ötən ili də sədərəklilər uğurlu göstəricilərlə yola salıblar. 6120 ton taxıl, 1701 ton kartof, 4838 ton tərəvəz, 610,4 ton dən qarğıdalı, 39,9 ton günəbaxan, 1295 ton üzüm, 99 ton paxlalı və 2120 ton bostan məhsulları istehsal edilib, bağlardan 619 ton meyvə tədarük olunub.
Rayonda taxılçılığın inkişafına diqqət ilbəil artır. Bunun nəticəsidir ki, məhsul istehsalı əvvəlki illərin göstəricisini üstələyir. Ötən ilin payızında 2013-cü ilin məhsulu üçün 1717 hektar sahədə taxıl əkilib. Bunun 1146 hektarı buğda, 571 hektarı isə arpadır. Sədərəklilər çalışırlar ki, yazlıq taxıl əkinini də optimal müddətdə, aqrotexniki qaydalara əməl etməklə başa çatdırsınlar. Hələlik, 66 hektar sahədə yazlıq arpa əkilib.

Ölkəmizdə, eləcə də muxtar respublikamızda ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirildiyi bir dövrdə Sədərəyin torpaq sahibkarları ikinci çörək sayılan kartofun istehsalına xüsusi diqqət yetirirlər. Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargah əkinçilərin texnika, toxum və gübrə ilə təchizatı məsələlərini daim nəzarətdə saxlayır, ortaya çıxan hər hansı bir problem qərargahın köməkliyi ilə həllini tapır. İndiyədək rayon üzrə 42 hektar sahəyə toxum basdırılıb.
Onu da qeyd edək ki, bu günlərdə taxıl və kartof əkinlərinin gedişi, digər yaz-tarla işlərinə hazırlığın vəziyyəti ətraflı araşdırılaraq rayon İcra Hakimiyyətində geniş müzakirə olunub. Bildirilib ki, yaz-tarla işlərinə hazırlıq qənaətbəxşdir, taxıl və kartof əkinlərinə mütəşəkkil başlanılıb. Sahələrdən bol məhsul gö­türülməsi üçün taxıl, kartof və digər kənd təsərrüfatı bitkiləri əkib-becərənlərə hər cür qayğı və kömək göstərilir.
Bəli, bu gün Sədərək kəndlisi istehsal etdiyi bol məhsulla ərzaq təhlükəsizliyi proqramının reallaşdırılmasının fəal iştirakçısıdır. Torpağın isindiyi, cana gəldiyi bu yaz günlərində rayonun kənd əməkçiləri tükənməz həvəslə çalışır, çəkilən zəhmətin, axıdılan alın tərinin öz bəhrəsini verəcəyinə inanırlar.

 Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR