Muxtar respublikada iqtisadi və sosial sahələrdə əldə edilmiş uğurlar 2015-ci ildə də qorunub saxlanılmışdır.
2015-ci ilin ən mühüm hadisələrindən biri ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə Prezidenti Naxçıvan Beynəlxalq Hava Limanında aparılan yenidənqurma işləri ilə tanış olmuş, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Günəş Elektrik Stansiyasının, Sənaye Kompleksinin, Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkəsinin, Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun, Nehrəm kənd 2 saylı tam orta və Naxçıvan şəhər 2 saylı uşaq musiqi məktəblərinin açılışında iştirak etmişdir. Muxtar respublikada aparılan irimiqyaslı quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı demişdir: “Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan rəhbərliyi çox uğurla, səmərəli işləyir. Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir”.
Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 7 milyon manat vəsait ayrılmışdır.
2015-ci ildə sosial-iqtisadi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 1,7 faiz artaraq 2 milyard 467 milyon 422 min 400 manat təşkil etmişdir. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalının həcmi 2,1 faiz artaraq 5581,1 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 28,7 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 61,8 faiz təşkil etmişdir.
2014-cü ilə nisbətən 2015-ci ildə sənaye məhsulunun həcmi 2 faiz, əsas kapitala yönəldilən investisiyalar 2,9 faiz, kənd təsərrüfatının ümumi məhsulu 12,2 faiz, nəqliyyat sektorunda yük daşınması 2,1 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 1,8 faiz, pərakəndə əmtəə dövriyyəsi 5,9 faiz, əhaliyə göstərilən pullu xidmətlər 3,4 faiz, ixracın həcmi 1,4 faiz, əhalinin gəlirləri 1,6 faiz artmışdır.
Makroiqtisadi göstəricilər
*) müqayisəli qiymətlər üzrə
**) yanvar-noyabr ayları
Sənaye
Muxtar respublikada müasir sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, məhsul istehsalının dinamik artımı qorunub saxlanılmışdır.
2015-ci ildə muxtar respublikada 916 milyon 817 min 900 manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da ötən ildəki müvafiq göstəricini 2 faiz üstələyir.
Sənaye məhsulu istehsalının 95,8 faizi malların, 4,2 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 41 milyon 792 min 500 manatlıq, qeyri-dövlət sektorunda isə 875 milyon 25 min 400 manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 95,4 faizi özəl sektorun payına düşmüşdür.
Sənaye məhsulu istehsalının dinamikası,
min manat
2015-ci ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 63 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 24 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir.
Sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən 2015-ci ildə təsərrüfat subyektlərinə 14 milyon 318 min 400 manat həcmində kreditin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 2,5 dəfə çoxdur.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş, 2015-ci ildə 316 milyon 797 min 300 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.
Hərbi quruculuq
Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilmişdir.
2015-ci ildə Naxçıvan şəhərində qərargah binasının, zabit-gizir ailələri üçün iki xidməti yaşayış binasının, iki əsgər yataqxanasının, iki anbarın, texniki nəzarət məntəqəsinin tikintisi başa çatdırılmış, mərkəzi hərbi xəstəxananın, əsgər yataqxanasının, əsgər yeməkxanasının, anqarın tikintisi davam etdirilmişdir.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında yeni infrastruktur obyektlərinin inşası davam etdirilmişdir.
Kəngərli rayonunda su anbarının, Ordubad rayonunda əsgəri yaşayış kompleksinin tikintisi, avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, Şərur rayonunda “N” hərbi hissəsi üçün infrastruktur obyektlərinin tikintisi davam etdirilmişdir.
2015-ci ildə Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissə və bölmələrinə 10 ədəd yeni “NAZ-Lifan” markalı xidməti avtomobil, 20 ədəd “Kamaz” markalı yük maşını, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasına 2 ədəd yeni “Hyundai” markalı avtobus, 1 ədəd “Ford Cargo” markalı avtomobil, 1 ədəd tibbi yardım maşını və 5 ədəd motosiklet verilmiş, maddi-texniki baza daha da möhkəmləndirilmişdir.
Tikinti-quruculuq və su təchizatı tədbirləri
Muxtar respublikada infrastruktur quruculuğu tədbirləri istiqamətində 2015-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 951 milyon 196 min 500 manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki müvafiq göstəricidən 2,9 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 834 milyon 503 min manatı və ya 87,7 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2015-ci ildə muxtar respublikada 288 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 104 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər 2015-ci ildə də davam etdirilmiş, 1 qəsəbə, 15 kənd mərkəzi istifadəyə verilmiş, 7 kənd mərkəzinin inşası davam etdirilmişdir.
2015-ci ildə yaşayış məntəqələrində kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması məqsədilə 5 ədəd kommunal təyinatlı avtomobil alınmışdır.
Muxtar respublikada 3 yaşayış binasının tikintisi, 7 yaşayış binasının yenidən qurulması, 1 yaşayış binasının əsaslı təmiri başa çatdırılmış, 2 yaşayış binasının tikintisi davam etdirilmişdir. Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksinin də tikintisi davam etdirilmişdir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2015-ci ildə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 370 min 878 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2014-cü ildəki müvafiq göstəricidən 1,4 faiz çoxdur.
2015-ci ildə Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkəsi istifadəyə verilmişdir. Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kəndlərinin içməli su və kanalizasiya şəbəkəsində işlər tamamlanaraq evlərə su verilmiş, Şərur, Babək, Ordubad, Kəngərli və Sədərək rayonlarında içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir.
Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri
Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi üzrə həyata keçirilən tədbirlər “Kənd təsərrüfatı ili” elan edilmiş 2015-ci ildə də diqqətdə saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş 2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair və 2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası dinamik inkişafa təkan vermiş, məhsul istehsalının həcmi əhəmiyyətli dərəcədə artırılmışdır. Belə ki, 2015-ci ildə bitkiçilik məhsulları istehsalının həcmi 2008-ci ilə nisbətən 2,7 dəfə artaraq 256 milyon 82 min manata, heyvandarlıq məhsulları istehsalının həcmi isə 2,5 dəfə artaraq 146 milyon 909 min manata çatmışdır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılmaqdadır. Həyata keçirilən tədbirlərə uyğun olaraq, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 180 ədədi 2015-ci ildə olmaqla, cəmi 1685 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq muxtar respublikaya gətirilmişdir. 2015-ci ildə 187 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq güzəştli şərtlərlə lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir.
Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcmi 25 faiz artırılaraq 50 manata çatdırılmışdır. 2015-ci ildə məhsul istehsalçıları 6024,7 ton mineral gübrə ilə təmin olunmuşlar.
2015-ci ilin məhsulu üçün muxtar respublikada 61 min 414 hektar sahədə əkin aparılmışdır ki, bu da 2014-cü ilin məhsulu üçün əkilmiş sahədən 585 hektar çoxdur.
Cəmi əkin sahəsi, hektar
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müvafiq işlər görülmüş, Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleksin inşası davam etdirilmişdir. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılmış və 2015-ci ilin məhsulu üçün 36237 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 30166 hektarı payızlıq, 6071 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 487,3 hektar artmışdır. Taxıl zəmilərinin 26746 hektarında buğda, 9491 hektarında isə arpa əkilmişdir. 2015-ci ildə taxıl zəmilərindən 106 min 282 ton məhsul toplanmışdır ki, bu da 2014-cü illə müqayisədə 3,1 faiz çoxdur.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmışdır. 2015-ci ildə 2967 hektar sahədə kartof əkini aparılmış və 45042,5 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 8,8 faiz üstələyir.
Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 2015-ci ildə 7 istixana təsərrüfatı, tutumu 480 ton olan 2 soyuducu anbar yaradılmışdır.
2014-cü ilə nisbətən 2015-ci ildə dənli və dənli-paxlalılar (qarğıdalısız) istehsalı 3 faiz artaraq 112871 tona, dən üçün qarğıdalı istehsalı 6 faiz artaraq 4480,8 tona, dən üçün günəbaxan istehsalı 4,1 faiz artaraq 690,2 tona, tərəvəz istehsalı 22,9 faiz artaraq 82016,3 tona, ərzaq üçün bostan məhsulları istehsalı 10,7 faiz artaraq 38002,7 tona, meyvə istehsalı 41,2 faiz artaraq 51110,5 tona və üzüm istehsalı 6,7 faiz artaraq 15354,3 tona çatmışdır.
Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı da diqqətdə saxlanılmış, 4 heyvandarlıq təsərrüfatı yaradılmış, 5 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır.
2015-ci ildə heyvandarlıq təsərrüfatlarında süni mayalandırma işi daha da genişləndirilmiş və 5247 baş mal-qara süni yolla mayalandırılmışdır. Əvvəlki ildə mayalandırılmış mal-qaralar da daxil olmaqla, 2015-ci ildə 3411 baş sağlam bala alınmışdır. Muxtar respublikaya 2015-ci ildə 249, ümumilikdə isə 1937 baş damazlıq cins mal-qara gətirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamı ilə süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat həcmində subsidiyanın müəyyən olunması bu sahənin inkişafına təkan vermişdir.
1 yanvar 2016-cı il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 109 min 436 baş, qoyun və keçilərin sayı 662 min 842 baş olmuşdur ki, bu da 1 yanvar 2015-ci il tarixə olan göstəricilərə müvafiq olaraq 1,7 və 2,6 faiz artım deməkdir.
Daxili bazarda tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində 1 balıqçılıq təsərrüfatı fəaliyyətə başlamış, Naxçıvan “Balıqçılıq Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikanın su hövzələri üçün müxtəlif balıq sortlarının yetişdirilməsinə şərait yaradılmışdır. Bundan əlavə, 1 quşçuluq təsərrüfatının yaradılması davam etdirilmişdir.
Muxtar respublikada arıçılığın inkişafı da diqqətdə saxlanılmış, 1 arıçılıq təsərrüfatı yaradılmış, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. 1 yanvar 2016-cı il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında arı ailələrinin sayı 70 min 396 ailə olmuşdur ki, bu da 1 yanvar 2015-ci illə müqayisədə 1,4 faiz çoxdur. Bal istehsalı 2014-cü ilə nisbətən 3,9 dəfə artaraq 1396 ton təşkil etmişdir.
2015-ci ildə muxtar respublikada bir il öncəyə nisbətdə ət istehsalı diri çəkidə 27,2 faiz artaraq 25296,6 tona, yumurta istehsalı 4,6 faiz artaraq 73 milyon 486 min ədədə, süd istehsalı 1,7 faiz artaraq 80243,6 tona çatdırılmışdır.
Kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə 2015-ci ildə 20 milyon 860 min 500 manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki göstəricidən 16,1 faiz çoxdur.
2015-ci ildə 2014-cü ilə nisbətən 12,2 faiz çox, yəni 402 milyon 991 min 800 manat həcmində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir.
Kənd təsərrüfatının ümumi məhsulu,
min manat
Kənd təsərrüfatı sahəsinin dinamik inkişafı ixracın da həcminə müsbət təsir göstərmiş və 2015-ci ildə muxtar respublikadan 97 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur.
Meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi diqqət mərkəzində saxlanılmış, Kəngərli rayonunda yeni nasos stansiyası və suvarma şəbəkəsi istifadəyə verilmişdir.
Babək rayonunun Nehrəm kəndinin 1170 hektar, Culfa rayonunun Bənəniyar kəndinin 1050 hektar, ümumilikdə, 2220 hektar torpaq sahəsində müasir suvarma sistemi qurulmuşdur.
Ordubad rayonunun Yuxarı Əylis və Aşağı Əylis kəndləri suvarma suyu ilə təmin edilmiş, Aza-Dəstə kanalının tikintisi, Dəstə kəndinə Aza çayından suvarma boru xəttinin, Şərur rayonunun Püsyan kəndində suvarma boru xəttinin çəkilişi başa çatdırılmışdır.
Babək rayonunun Xal-xal və Cəhri kəndlərində drenaj, Babək qəsəbəsində drenaj və suvarma xətlərinin çəkilişi, Culfa rayonunda “Yaycı” gölünün sugətirici kanalında və “Bam” kanalında bərpa işləri, Gal kəndində suvarma su xəttinin təmiri başa çatdırılmışdır.
Şərur rayonunda Xanlıqlar və Püsyan kəndləri arasındakı suvarma kanalının yenidən qurulması başa çatdırılmışdır.
Araz çayında sahilbərkitmə işlərinin, Babək rayonunda “Qahab” selovunda və Naxçıvançayda istiqamətləndirici bəndlərin tikintisi davam etdirilmişdir.
Şərur rayonunda Arpaçayda, Culfa rayonunda Əlincəçayda və Babək rayonunun Vayxır kəndi ərazisində istiqamətləndirici bəndlərin tikintisi davam etdirilmişdir.
Babək rayonunda Uzunoba Su Anbarına sugətirici kanalın təmiri, Sədərək rayonunda kollektor və drenajların bərpası davam etdirilmişdir.
Muxtar respublikada 7 subartezian quyusunun tikintisi, 11 subartezian quyusunun bərpası, 11 kəhrizin təmiri başa çatdırılmış, 6 kəhrizin təmiri davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon manat vəsait ayrılmışdır.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması davam etdirilmiş, ilin əvvəlindən 541 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 446 mindən çox ağac və gül kolu əkilmişdir.
Nəqliyyat, informasiya və rabitə, energetika
Muxtar respublikada müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində tədbirlər davam etdirilməkdədir.
2015-ci ildə Qıvraq-Püsyan-Xanlıqlar avtomobil yolunun, Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması başa çatdırılmışdır.
Culfa rayonunda Kırna-Gal və Dizə-Gal avtomobil yollarının yenidən qurulması, Gal-Şurud avtomobil yolunun təmiri başa çatdırılmışdır.
Naxçıvan şəhərinin Qaraçuq kəndində avtomobil yolunun tikintisi, Şərur rayonunun Axaməd, Kürçülü və Yuxarı Yaycı, Babək rayonunun Xal-xal, Ordubad rayonunun Tivi və Gilançay, Culfa rayonunun Bənəniyar, Saltaq, Qızılca və Gülüstan, Kəngərli rayonunun Yurdçu, Şahbuz rayonunun Gömür kəndlərində avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərində Nizami, İ.Səfərli küçələrində və “5-ci” məhəllədə avtomobil yolları, Şərur rayonunda Cəlilkənddə və Püsyan kəndində, Kəngərli rayonunun Qıvraq qəsəbəsində daxili avtomobil yolları yenidən qurulmuşdur.
Şərur rayonunun Tənənəm kəndində avtomobil yolunda istinad divarının və Culfa rayonunda Əlincə qalasına gedən avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Ümumilikdə, 2015-ci ildə muxtar respublikada 62,4 kilometrlik avtomobil yolu yenidən qurulmuşdur.
Naxçıvan şəhərində yerüstü piyada keçidinin tikintisi başa çatdırılmış, 400 yerlik avtomobil parkının tikintisi, Şərur rayonunun Oğlanqala, Babək rayonunun Xəlilli, Şahbuz rayonunun Daylaqlı kəndlərində avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Naxçıvan şəhərində 7 ədəd yeni avtobus marşruta buraxılmış, yeni taksi xidməti fəaliyyətə başlamışdır. Ordubad rayonunun ucqar kəndlərinə bir istiqamət üzrə yeni marşrut açılmış, qonşu ölkələrlə sərnişindaşıma xidmətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Bundan əlavə, 2015-ci ildə beynəlxalq sərnişindaşımalarının həyata keçirilməsi məqsədilə 2 ədəd “MAN Neoplan” markalı iritutumlu avtobus alınmışdır.
Ordubad dəmir yolu sərnişin vağzalı binasının və Ordubad yol sahəsinin inzibati binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanında “Şərq Terminalı” yenidən qurulmuş, terminalda keçid körpüsü, teleskopik trap, lift, eskalator və yeni baqaj konveyeri quraşdırılmış, hava limanının sərnişin dövriyyəsi saatda 400-450 nəfərə çatdırılmışdır. “Qərb Terminalı”nın yenidən qurulması davam etdirilmiş, Şərur və Ordubad şəhərlərində aviakassa binaları istifadəyə verilmişdir.
2015-ci ildə muxtar respublikada nəqliyyat sektorunda 2014-cü illə müqayisədə yük daşınması 2,1 faiz, sərnişin daşınması 1,3 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 48 milyon 600 min 900 manat gəlir əldə edilmişdir ki, bu da 2014-cü ildəki göstəricidən 2,2 faiz çoxdur.
Muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. 2015-ci ildə Babək rayonunda rabitə evi istifadəyə verilmişdir. Burada yeni nəsil rabitə və poçt avadanlıqları quraşdırılmış, dövri mətbuatın satışı, teleqram, məktub, pul baratları və bağlamaların qəbulu və göndərişi, rabitə, elektrik enerjisi, təbii qaz və sudan istifadə haqlarının yığılması, mobil cihazların qeydiyyatı və digər bank-maliyyə xidmətlərinin göstərilməsi üçün şərait yaradılmışdır.
Muxtar respublikada poçt sisteminin təkmilləşdirilməsi məqsədilə 2015-ci ildə 12 poçt şöbə və bölməsi avtomatlaşdırılmış, ümumilikdə, 132 poçt bölməsində kommunal xidmət haqlarının yığılmasına başlanılmış, digər xidmət növlərinin təşkili üzrə işlər davam etdirilmişdir.
Naxçıvan şəhərində, Şərur rayonunun Kürçülü, Kürkənd, Yuxarı Yaycı və Axaməd, Babək rayonunun Xal-xal, Culfa rayonunun Gal, Şurud və Qızılca, Ordubad rayonunun Gilançay, Şahbuz rayonunun Gömür kəndlərində və Babək qəsəbəsində yeni poçt bölmələri yaradılmış, poçt bölmələri kompüter, şəbəkə avadanlıqları və xidməti lövhələrlə təchiz olunmuşdur. Naxçıvan şəhərinin Qaraçuq kəndində poçt bölməsi yeni binaya köçürülmüş, Culfa rayonunun Bənəniyar kəndində poçt bölməsi təmir edilərək lazımi avadanlıqlarla təchiz olunmuşdur.
Şərur rayonunun Kürkənd, Cəlilkənd və Kürçülü, Culfa rayonunun Camaldın, Gal, Qızılca və Şurud kəndlərinin hər birində 384 nömrə tutumlu avtomat telefon stansiyası istifadəyə verilmişdir. Ordubad rayonunun Gilançay kəndində 384 nömrə tutumlu avtomat telefon stansiyası quraşdırılaraq Dəstə-Vənənd-Gilançay arası optik arabağlantı ilə təmin edilmişdir. Bundan əlavə, Bist-Ələhi-Nəsirvaz-Xurs avtomat telefon stansiyalararası arabağlantı fiber-optik xətt üzərinə köçürülmüşdür.
Babək qəsəbəsində ikinci avtomat telefon stansiyası istifadəyə verilmiş, Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Oğlanqala, Ordubad rayonunun Tivi, Kəngərli rayonunun Yurdçu kəndlərindəki avtomat telefon stansiyaları yeni binalara köçürülmüşdür.
2015-ci ildə muxtar respublika ərazisində rəqəmli radio yayımı təmin edilmiş, Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası istiqamətində 28 fərdi mənzilə və 6 çoxmənzilli yaşayış binasına optik kabel xətti çəkilmişdir. Ümumilikdə, 2015-ci ildə 187,4 kilometr məsafədə fiber-optik kabel xətti çəkilmişdir.
Muxtar respublikada elektron imzanın tətbiqi və “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 4-cü nəsil LTE şəbəkə sisteminin yaradılması üzrə işlər davam etdirilmişdir.
2015-ci ildə muxtar respublikada 3147 ədəd yeni telefon şəbəkəyə qoşulmuş, 1 yanvar 2016-cı il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 72-yə çatmışdır. Bu dövr ərzində hər yüz nəfərə düşən mobil telefonların sayı isə 104 ədəd təşkil etmişdir.
2015-ci ildə muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2014-cü ildəki müvafiq göstəricini 1,8 faiz üstələyərək 46 milyon 908 min 400 manat olmuşdur. Ümumi xidmətlərin 84,1 faizi mobil rabitə xidmətinin payına düşmüşdür ki, bu da 2014-cü illə müqayisədə 2,1 faiz çoxdur.
Elektroenergetika sektorunda davamlı olaraq yeni güclərin yaradılması, infrastrukturun müasir standartlar səviyyəsində yenilənməsi istiqamətində tədbirlər 2015-ci ildə də davam etdirilmişdir.
Muxtar respublikada alternativ enerji mənbələrinin yaradılması istiqamətində Babək rayonunun Xal-xal kəndi ərazisində gücü 20 mVt olan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Bundan əlavə, Ordubad rayonunda gücü 36 mVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir. Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Elektrik enerjisi ilə problem yoxdur. Hesab edirəm, gün gələcək ki, Naxçıvan bütün enerji tələbatını bərpa olunan enerji növləri hesabına təmin edəcək”.
Kəngərli rayonunda 35 meqavolt-amper gücündə 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyasında tikinti-quraşdırma, Babək rayonunda 1260 kilovolt-amper gücündə 35/10 kilovoltluq “Nehrəm” yarımstansiyasında yenidənqurma və 90 meqavolt-amper gücündə “Araz” yarımstansiyasında avadanlıqların yenilənməsi işləri başa çatdırılmışdır.
Muxtar respublikada 85 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilmiş, 44 ədəd müxtəlif güclü transformator yarımstansiyası quraşdırılmışdır.
1 yanvar 2016-cı il tarixə muxtar respublikada 83 min 633 əhali abonenti mavi yanacaqla təmin olunmuşdur.
2015-ci ildə Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılması davam etdirilmişdir.
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin ərazisində yanacaqdoldurma məntəqəsinin tikintisi başa çatdırılmışdır.
Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri
və məşğulluq məsələləri
Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.
2015-ci ildə muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 38 milyon 586 min 600 manat təşkil etmişdir. Bu kreditlərdən 27 milyon 212 min 100 manatı fərdi sahibkarlığın inkişafına, 11 milyon 374 min 500 manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunmuşdur. Ümumilikdə, ötən dövr ərzində muxtar respublikada bank və kredit təşkilatları tərəfindən 70 milyon 221 min 500 manat həcmində kreditlərin verilməsi təmin edilmişdir ki, bu da 2014-cü illə müqayisədə 28,9 faiz çoxdur.
2015-ci ildə muxtar respublikada 20 hüquqi və 2580 fiziki şəxs qeydiyyata alınmışdır.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 361 növdə məhsul istehsal olunur. Bu məhsulların 119 növü ərzaq, 242 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
2015-ci ildə muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətən 1,6 faiz artaraq 1 milyard 804 milyon 178 min 600 manata, onun hər bir nəfərə düşən həcmi isə 0,5 faizlik artımla 4080,9 manata çatmışdır. 2015-ci ilin yanvar-noyabr aylarında orta aylıq əməkhaqqının məbləği 395,6 manat təşkil etmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 1,8 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə geniş imkanlar yaratmışdır.
2015-ci ildə muxtar respublikada 2908 yeni iş yeri yaradılmışdır ki, bunun da 2837-si və ya 97,6 faizi daimi iş yerləridir.
İstehlak bazarı
Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2015-ci ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 472 milyon 816 min manat həcmində istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da 2014-cü illə müqayisədə 4,9 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Babək rayonunun Babək qəsəbəsində, Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Kürçülü, Kürkənd, Püsyan, Yuxarı Yaycı və Axaməd, Ordubad rayonunun Tivi və Gilançay, Culfa rayonunun Gal, Bənəniyar, Şurud və Qızılca, Şahbuz rayonunun Gömür kəndlərində xidmət mərkəzlərinin tikintisi, Şərur rayonundakı Cəlilkənddə və Babək rayonunun Xal-xal kəndində xidmət mərkəzlərinin yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərinin Bulqan, Şərur rayonunun Oğlanqala, Babək rayonunun Yarımca və Xəlilli, Culfa rayonunun Saltaq, Kəngərli rayonunun Yurdçu kəndlərində xidmət mərkəzlərinin tikintisi, Şahbuz rayonunun Daylaqlı kəndində xidmət mərkəzinin yenidən qurulması davam etdirilmişdir.
Xarici ticarət, bank işi və sığorta fəaliyyəti
Muxtar respublika iqtisadiyyatının şaxələndirilməsi və dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmışdır.
2015-ci ildə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 512 milyon 354 min 500 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 414 milyon 420 min 600 ABŞ dollarını ixrac, 97 milyon 933 min 900 ABŞ dollarını idxal təşkil etmiş və 316 milyon 486 min 700 ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. 2014-cü illə müqayisədə ixracın həcmi 1,4 faiz artmış, idxalın həcmi isə 10 faiz azalmışdır.
Muxtar respublikada ümumi inkişafa uyğun olaraq bank sektorunun da fəaliyyəti diqqətdə saxlanılmışdır.
Əhalinin nağdsız ödəniş vasitələrindən istifadə imkanlarının yaxşılaşdırılması məqsədilə 2015-ci ildə 177 POS-terminal quraşdırılmış və bu göstərici 1 yanvar 2016-cı il tarixə 1044-ə çatmışdır. POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərmişdir.
1 yanvar 2016-cı il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 53438-ə çatmışdır ki, bunun da 48898-i və ya 91,5 faizi aktiv hesablardır. 2015-ci ildə açılmış 15211 bank hesabının hamısı aktiv hesablar olmuşdur.
Səmərəli sığorta sisteminin formalaşdırılması istiqamətində tədbirlər davam etdirilməkdədir. 2015-ci ildə sığorta növləri üzrə daxilolmalar 6 milyon 75 min 800 manat olmaqla bir il öncəki göstəricini 102 min 200 manat və ya 1,7 faiz üstələmişdir.
Elm, təhsil, səhiyyə, sosial təminat,
mədəniyyət və turizm
Muxtar respublikada elmin inkişafı üzrə aparılan tədbirlər 2015-ci ildə də davam etdirilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Distant Təhsil Mərkəzinin açılışı olmuş, elm sahəsində fəaliyyət göstərənlərdən 2 nəfər elmlər doktoru, 6 nəfər fəlsəfə doktoru alimlik dərəcəsini müdafiə etmişdir.
Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu yaradılmışdır. Mərkəzdə universitetin professor-müəllim və tələbə kontingenti haqqında məlumatlar, idarəetmə ilə bağlı sənədləşmə işləri, müəllimlərin elektron imzaları yeni qurulmuş sistemə köçürülmüş, tədris planları və mühazirələrin elektron bazası yaradılmışdır.
“Universitet” televiziyasında videodərslərin hazırlanması və distant tədrisin tətbiqi məqsədilə avadanlıqlar qurulmuş, virtual studiya yaradılmış, “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun Naxçıvan şəhərində rəqəmsal formatda yayımı təmin edilmişdir.
“Naxçıvan” Universitetində müasir tədris şəraitinin yaradılması və tədrisin daha da keyfiyyətli aparılması məqsədilə yeni universitet şəhərciyi istifadəyə verilmişdir. Universitet şəhərciyinə rektorluq binası, 2 tədris korpusu, kitabxana, sosial xidmət mərkəzi, yataqxana, idman və konfrans zalları daxildir.
Muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı üzrə ixtisaslı kadrların yetişdirilməsi əsas şərtdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı bu sahəyə kompleks şəkildə yanaşmanı təmin etmiş, ixtisaslı kadrların hazırlanmasına geniş imkanlar yaratmışdır.
Musiqiçi kadrların hazırlanmasında mühüm rol oynayan Naxçıvan Musiqi Kollecinin 2015-ci ildə 40 illik yubileyi qeyd olunmuş, kollecin binasında yenidənqurma işləri aparılmış, maddi-texniki bazası gücləndirilmişdir. Naxçıvan Dövlət Texniki Kollecinin, Ordubad şəhərində Texniki-Peşə və Sürücülük Məktəbinin binalarının yenidən qurulması davam etdirilmişdir.
Muxtar respublikada təhsilin səviyyəsinin daha da yüksəldilməsi, texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi yaradılmış, təhsil ocağında inşaat işləri davam etdirilmişdir.
Ordubad şəhərində 810 şagird yerlik 3 saylı, Şərur rayonunun Axaməd kəndində 192, Babək rayonunun Babək qəsəbəsində 360, Xal-xal kəndində 192, Ordubad rayonunun Gilançay kəndində 96, Culfa rayonunun Gal kəndində 96, Qızılca kəndində 120 şagird yerlik tam orta məktəb binalarının tikintisi, Babək rayonunun Nehrəm kəndində 990 şagird yerlik 2 saylı, Şərur rayonunda Kürkənddə 198, Kürçülü kəndində 234, Ordubad rayonunun Tivi kəndində 216 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması, Şərur rayonunda Cəlilkənddə 270 və Yuxarı Yaycı kəndində 144 şagird yerlik tam orta məktəb binalarının əsaslı təmiri başa çatdırılmışdır.
Babək rayonunun Xəlilli, Culfa rayonunun Saltaq, Şahbuz rayonunun Daylaqlı kəndlərində məktəb binalarının və Şərur şəhərində 2 saylı məktəb binasının tikintisi, Şərur rayonunun Oğlanqala, Babək rayonunun Yarımca, Kəngərli rayonunun Yurdçu kəndlərində məktəb binalarının yenidən qurulması davam etdirilmişdir.
Şahbuz şəhərində 242 yerlik uşaq bağçası, Naxçıvan şəhərində 2 saylı və Sədərək rayonunda uşaq musiqi məktəbi binalarının tikintisi başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, həmçinin təhsil hüquqlarının təmin olunması da daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının daha bir ifadəsidir.
Hazırda muxtar respublikanın bütün təhsil müəssisələrində ən müasir kompüter avadanlıqlarından istifadə olunur. Muxtar respublikanın ümumtəhsil məktəblərində 3801 dəst kompüter quraşdırılmış, hər 12 şagird bir dəst kompüterlə təmin olunmuşdur. Təhsil müəssisələrində istifadədə olan kompüterlərin 3253-ü və ya 85,6 faizi internetə qoşulmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərində tədrisin daha keyfiyyətli aparılması məqsədilə 600-dən çox elektron lövhə quraşdırılmışdır.
Həyata keçirilən tədbirlər təhsildə keyfiyyət göstəricilərinin artmasına səbəb olmuşdur. Belə ki, muxtar respublikada 2015-ci ildə qəbul imtahanlarında iştirak edən məzunlardan 1582 nəfəri ali məktəblərin, 577 nəfəri isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. 2015-ci ildə 1137 nəfər, yaxud qəbul olanların 72 faizi Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçmişlər. Ali məktəblərə qəbul olan məzunların 313 nəfəri 500-700 arası bal toplamışdır. Bir məzun ən yüksək nəticə göstərmiş, yüksək nəticə ilə tələbə adını qazananlardan 8-i Prezident təqaüdünə layiq görülmüşdür.
Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 203 nəfəri ölkəmizin müxtəlif ali hərbi məktəblərinə, ümumtəhsil məktəblərini bitirmiş məzunlardan isə 36 nəfəri ali hərbi və xüsusi təyinatlı məktəblərə qəbul olunmuşdur.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin tikintisi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının yenidən qurulması başa çatdırılmışdır.
Babək rayonunun Babək qəsəbəsində, Şərur rayonunun Kürkənd, Kürçülü, Yuxarı Yaycı və Axaməd, Babək rayonunun Xal-xal, Ordubad rayonunun Gilançay, Culfa rayonunun Gal və Qızılca kəndlərində feldşer-mama məntəqələrinin, Ordubad rayonunun Tivi kəndində həkim ambulatoriyası binasının tikintisi, Şərur rayonunda Cəlilkənddə həkim ambulatoriyası binasının yenidən qurulması başa çatdırılmışdır.
Babək rayonunun Yarımca, Culfa rayonunun Xanəgah kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Şərur rayonunun Oğlanqala və Culfa rayonunun Saltaq kəndlərində həkim ambulatoriyası binalarının yenidən qurulması davam etdirilmişdir.
Sosial layihələr çərçivəsində 2015-ci ildə yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 556 cərrahi əməliyyat, o cümlədən 114 nəfər xəstədə açıq ürək, 97 nəfər xəstədə göz və 345 nəfər xəstədə digər müxtəlif əməliyyatlar aparılmış, 22 xəstənin ürək damarlarına stend qoyulmuşdur.
2015-ci ildə muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 3 milyon 269 min manatdan artıq ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
Bu dövr ərzində 494 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 299 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 361 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 207 nəfər sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 349 nəfərə protez-ortopedik xidməti göstərilmiş, 390 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuşdur.
Sağlamlıq imkanları məhdud 18 nəfər Türkiyə Respublikasına müalicəyə göndərilmiş, 42 nəfərin ölkə daxilində müalicəsinə, 69 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir.
2015-ci ildə sosial qayğıya ehtiyacı olan 16 nəfər minik avtomobilləri ilə, 10 nəfər isə mənzillərlə təmin edilmişdir. Bilik Günü münasibətilə sağlamlıq imkanları məhdud 261 uşaq məktəbli geyimi və ləvazimatları ilə təmin edilmiş, sağlamlıq imkanları məhdud 52 uşağın, ümumilikdə, 87 nəfərin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilmişdir.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, muxtar respublika əhalisinin sayı 1 dekabr 2015-ci il tarixə bir il öncəyə nisbətdə 4 min 625 nəfər artaraq 444 min nəfərə çatmışdır.
Muxtar respublikada informasiya və kommunikasiya texnologiyalarının inkişafı dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsinə də şərait yaratmışdır. 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində təşkil edilmiş səyyari xidmət vasitəsilə yerlərdə vətəndaşlara mülkiyyət haqqında sənədlərin, ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi və digər xidmətlər göstərilmişdir.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. 2015-ci ildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 114 milyon 467 min manatdan çox vəsait yönəldilmişdir.
Aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2015-ci ildə pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 54 faizi məcburi dövlət sosial sığortahaqqı kimi muxtar respublikada toplanmışdır. Bu göstərici 2014-cü ildə 52 faiz təşkil etmişdir. 2015-ci ildə Dövlət Sosial Müdafiə Fondunun cəmi daxilolmaları 2014-cü illə müqayisədə 4,6 faiz artmışdır.
Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilmiş, bu sahədə infrastrukturun yenilənməsi istiqamətində 2015-ci ildə Kəngərli Rayon Uşaq-Gənclər Şahmat Məktəbi binasının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində Atıcılıq və əyləncə mərkəzi yaradılmış, Şərur rayonunun Yuxarı Aralıq kəndində stadion yenidən qurulmuşdur.
Muxtar respublikada milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi diqqətdə saxlanılmış, Naxçıvan şəhərində xalq yaradıcılığı sərgisi keçirilmiş, Azərbaycan xalqının tarixi keçmişini şifahi xalq ədəbiyyatı əsasında əks etdirən “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi muxtar respublikada geniş şəkildə qeyd edilmişdir.
Şərur rayonunun Cəlilkəndində Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin tikintisi, mədəniyyət evinin yenidən qurulması, tarixi Buzxana abidəsinin bərpası, məscidin təmiri başa çatdırılmışdır.
Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyinin tikintisi, Naxçıvan şəhərində Möminə Xatın türbəsinin, Culfa rayonunda Əlincəqala tarixi abidəsinin bərpası başa çatdırılmış, Gülüstan türbəsinin bərpası davam etdirilmişdir.
Şahbuz şəhərində Bayraq Meydanının, Naxçıvan şəhərində Əziz Əliyev küçəsində parkın tikintisi başa çatdırılmışdır.
Şərur rayonunda Kürkənddə məscidin tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində məscidin tikintisi davam etdirilmişdir.
Naxçıvan şəhərində Şərq hamamının tikintisi başa çatdırılmış, Şərur rayonunun Xanlıqlar kəndində İmamzadə tarixi abidəsinin bərpası davam etdirilmişdir.
2015-ci ildə muxtar respublikada kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların fəaliyyətinin səmərəli təşkili istiqamətində də müvafiq işlər görülmüş, milli mətbuatın 140 illik yubileyi münasibətilə tədbirlər keçirilmişdir.
Son illər muxtar respublikada infrastruktur quruculuğu üzrə aparılan məqsədyönlü tədbirlər, o cümlədən yeni turizm obyektlərinin istifadəyə verilməsi turizmin inkişafına yeni imkanlar açmışdır. 2015-ci ildə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 390 minə yaxın turist gəlmişdir ki, bu da 2014-cü ildəki göstəricidən 3,1 faiz çoxdur.
Hüquq-mühafizə orqanları ilə iş
Muxtar respublikada hüquq-mühafizə orqanlarında çalışanların iş şəraitinin daha da yaxşılaşdırılması, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi tədbirləri davam etdirilməkdədir.
2015-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasının, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin tikintisi başa çatdırılmış, Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Avtomobillərin Müayinə Mərkəzinin və Ordubad Rayon Avtomobillərin Müayinə Mərkəzinin tikintisi başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yeməkxanasının tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabitləri üçün yataqxana binasının tikintisi davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni yanğınsöndürən avtomobillər və səfərbərlik ehtiyatları verilmişdir.
2015-ci ildə muxtar respublikanın inkişafına, tərəqqisinə töhfəsini verənlərin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 111 nəfər Azərbaycan Respublikasının müxtəlif orden, medal və fəxri adları ilə təltif edilmiş, 6 nəfərə ali hərbi rütbə, 1 nəfərə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu verilmiş, 1 nəfər Prezident təqaüdünə, 8 nəfər isə Prezident mükafatına layiq görülmüşdür. Həmçinin 31 nəfərə Naxçıvan Muxtar Respublikasının fəxri adları verilmiş, 2 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 56 nəfər “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunmuş, 2 nəfər Naxçıvan Muxtar Respublika mükafatına, 2 nəfər gənc istedad isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.
Aparılan təhlillər göstərir ki, muxtar respublikada həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ümumi inkişaf təmin edilmiş, yeni istehsal və xidmət sahələri yaradılmış, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi