Muxtar respublika sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Bu sırada əhalinin etibarlı elektrik enerjisi və mavi yanacaqla təmin olunması xüsusi qeyd edilməlidir.
Həyata keçirilən məqsədyönlü tədbirlər hesabına bir neçə ildir ki, bu məsələ öz həllini yüksək səviyyədə tapıb. Bu məqsədlə həyata keçirilən tədbirlər cari ildə də davam etdirilir. Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılmasına başlanılması naxçıvanlılar tərəfindən onlara göstərilən daha bir qayğı kimi dəyərləndirilir. Qeyd edək ki, bu sayğacların əsas xüsusiyyəti abonentlərin elektrik enerjisi və təbii qazla təminatını öncədən ödəniş etməklə həyata keçirməkdən ibarətdir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən aldığımız məlumata görə, ötən ilin iyul ayından ilkin olaraq Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, Əziz Əliyev, “Təbriz”, Atatürk, “İstiqlal” küçələrində, “Çənlibel”, “Qoçüstü” məhəllələrində, Əliabad qəsəbəsində və digər ünvanlarda yerləşən təmir edilmiş ictimai yaşayış binaları yeni sayğaclarla təchiz olunub. Bu günədək 9300 sayğac quraşdırılıb.
Əhali qrupu üzrə təbii qaz istehlakçılarının mavi yanacaqdan müasir standartlara cavab verən texnologiyalar vasitəsilə istifadəsi məqsədilə Naxçıvan şəhərində ön ödənişli smartkarttipli qaz sayğaclarının quraşdırılması da davam etdirilir. “Naxçıvanqaz” İstehsalat Birliyindən aldığımız məlumata görə, bu günədək Naxçıvan şəhərində 8002 ədəd sayğac quraşdırılıb. Sayğacların kənar müdaxilələrdən mühafizəsi üçün qutular alınıb. Sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilib.
Muxtar MƏMMƏDOV