23 Dekabr 2024, Bazar ertəsi

Son illər Naxçıvan Muxtar Respublikasında yaradılan əlverişli biznes mühitindən bəhrələnərək daxili bazarın tələbatına uyğun yüksəkkeyfiyyətli məhsullar istehsal edən emal və sənaye müəssisələrinin sayı artmaqdadır. 2015-ci il ərzində Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına sənaye və kənd təsərrüfatı yönümlü 41 istehsal və 6 xidmət sahəsi olmaqla, ümumilikdə, 47 müəssisənin yaradılması istiqamətində işlər başa çatdırılıb.

Yeni yaradılmış istehsal müəssisələri tərəfindən silikon yorğan-döşək və yataq dəsti, alçıpan örtüklər, gips, əhəng, məsaməli beton məmulatları, süd məhsulları, unlu-qənnadı məmulatları, çörək, yarma istehsalı həyata keçirilir. Ötən il istifadəyə verilən yeni istehsal sahələri sırasında istixana, çiyələkyetişdirmə, heyvandarlıq və balıqçılıq təsərrüfatları da vardır.

Yeni istehsal sahələrinin yaradılması daxili bazarı yüksəkkeyfiyyətli yerli məhsullarla təmin etməklə bərabər, əhalinin məşğulluğunda da mühüm rol oynayır. Belə ki, 45 istehsal və xidmət sahəsində 344 yeni iş yeri açılıb.
Sahibkarlığa Kömək Fondunun krediti və digər mənbələr hesabına kompot, mürəbbə, turşu, bərk pendir, qarışıq qüvvəli yem istehsalının, toxumçuluq, heyvandarlıq, quşçuluq, zinət əşyaları, medal və döş nişanları, elektrik açarları və müxtəlif növ xidmət sahələri olmaqla, 9 müxtəlif təyinatlı istehsal müəssisəsi, 5 müxtəlif növ xidmət sahəsi, ümumilikdə, 14 müəssisənin yaradılması istiqamətində işlər davam etdirilməkdədir.
2015-ci il ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 25 müxtəlif təyinatlı layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 11 milyon 289 min 200 manat maliyyə dəstəyi göstərilib.
Qeyd edək ki, müxtəlif sahələr üzrə yeni istehsal müəssisələrinin yaradılması daxili bazarda yerli istehsalın çəkisini xeyli artırıb. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada fəaliyyəti bərpa edilmiş və ya yenidən qurulmuş istehsal müəssisələrində 119 növdə, 513 çeşiddə ərzaq, 242 növdə, 603 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 361 növdə, 1116 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan 107 növdə ərzaq, 236 növdə qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu, idxaldan asılılığın ciddi şəkildə azaldılmasına, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödənilməsinə şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR