22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində muxtar respublikada meliorasiya təsərrüfatı təşkilatının yaradılmasının 80 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdən əvvəl komitənin və onun tabeliyində olan strukturların əməkdaşları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmiş, Heydər Əliyev Muzeyinə baxmışlar.

            Komitədə davam etdirilən tədbiri komitənin sədri Əsgər Əsgərov açaraq məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikamızda 1932-ci ildə Su Təsərrüfatı İdarəsi yaradılmış, bu təşkilat regionda əkinçiliyin inkişafına köməyini əsirgəməmişdir. Lakin kontinental iqlimə malik olan muxtar respublikada o zaman meliorasiya və irriqasiya işləri tələb olunan səviyyədə deyildi. Ötən əsrin 70-80-ci illərində muxtar respublikada meliorasiya və irriqasiya işlərinə diqqət artırılmış, Araz çayı üzərində nasos stansiyalarının tikintisinə başlanılmış, 15 kilometr magistral kanal inşa edilmişdir. Kanal üzərində Tumbul, Böyükdüz, Xok, Əliabad nasos stansiyaları tikilmişdir ki, bu kanal və nasoslarla 10 min hektarlarla torpaq sahələrinə suvarma suyu verilməsinə başlanılmışdır. Sonrakı illərdə bu quruculuq tədbirləri davam etdirilmiş, tutumu 12,7 milyon kubmetr olan Sirab və tutumu 17,4 milyon kubmetr olan Bənəniyar Su anbarları tikilmişdir. Sirab Su Anbarının tikilməsi hesabına Babək rayonunda 2800 hektar, Bənəniyar Su Anbarının hesabına Culfa rayonunda 4200, Babək rayonunda isə 600 hektar torpaq sahəsinin suvarma suyuna olan tələbatı xeyli yaxşılaşdırılmışdır.

            Bildirilmişdir ki, 1982-ci ildən tikintisinə başlanılan indiki Heydər Əliyev Su Anbarında 1988-1990-cı illərdə işlər məlum səbəblərə görə dayandırılmış, 2002-ci ilin avqust ayında ulu öndərimiz Heydər Əliyev Su Anbarının tikintisi ilə əlaqədar  mütəxəssislərlə müşavirə keçirmiş, su anbarının tikintisinin davam etdirilməsi və qısa zamanda başa çatdırılması üçün tapşırıq vermişdir. Yaradılan şərait hesabına tikinti tezliklə başa çatdırılmış, yüz milyon kubmetr tutumu olan su anbarının hesabına 16 min 830 hektar torpaq sahəsinə suvarma suyunun verilməsi təmin olunmuşdur ki, bunun da 6 min 400 hektarı əkin dövriyyəsinə yeni qatılan torpaqlar idi.

            Vurğulanmışdır ki, ötən əsrin 90-cı illərinin hadisələrindən meliorasiya və irriqasiya sisteminə də xeyli zərər dəymişdir. Bu zərəri aradan qaldırmaq, meliorasiya təsərrüfatından muxtar respublikada əkinçiliyin inkişafında səmərəli istifadə etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi yaradılmış, komitənin maddi-texniki bazası gücləndirilmiş, həmin quruma çoxlu sayda texnika, maşın və mexanizmlər alınıb verilmişdir. Həyata keçiri­lən tədbirlər hesabına 2005-ci ildə 12 kənddə 5 min 716 hektar sahədə meliorasiya işləri aparılmışdır.

            Ötən dövrdə su nasoslarının sayı və gücü xeyli artırılmışdır. Hazırda komitədə 47-si yeni tikilən, 36-sı yenidən qurulan nasoslar olmaqla, 101 ədəd işlək nasos vardır. Bunların vasitəsilə 20 min 550 hektar torpaq sahəsi suvarılır. Həm suvarma, həm də içməli su mənbəyi kimi istifadə olunan 749 ədəd işlək subartezian quyusu və 328 ədəd kəhriz əhalinin istifadəsindədir.

            Komitə sədri bildirmişdir ki, 2007-ci ildə texniki baxış keçirildikdən sonra Arpaçay Su Anbarında Ali Məclis Sədrinin tapşırığı əsasında yenidənqurma işlərinə başlanılmış, anbarın istismar müddəti 50 il də uzadılmışdır. İstifadədə olan digər su nasos stansiyaları, sub­artezian quyuları və göllərdə yenidənqurma işləri, Araz çayının müxtəlif ərazilərində sahilbərkitmə işləri aparılmışdır.

            Qeyd olunmuşdur ki, muxtar respublikamızda tarixi sərvətlərimiz olan kərhizlərin bərpası, onlara texniki xidmətin göstərilməsi üçün komitənin tərkibində Kəhrizlər İdarəsi yaradılmışdır. Bu, ölkədə ilk belə qurumdur. İdarə tərəfindən muxtar respublikada mövcud olan 380 kəhrizin sxematik plan xəritələri hazır­lanaraq pasportlaşdırılmış və balansa götürülmüşdür. 2011-2012-ci illər ərzində 47 kəhrizdə təmir işləri aparılmışdır.

            Vurğulanmışdır ki, komitə həm də əhalinin keyfiyyətli içməli su təminatı üçün Avropa standartlarına cavab verən layihələr həyata keçirir. Bu sahədə Naxçıvan şəhərində görülməsi nəzərdə tutulmuş işlərin 60 faizi yerinə yetirilmiş, 2013-cü ildə bu iş tamamilə başa çatdırılacaqdır. Həmin tədbirin icrasına rayonlarda da başlanılmışdır.

            Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və onun tabeliyində olan təşkilatların hərtərəfli qayğı ilə əhatə olunduğunu vurğulayan komitə sədri demişdir ki, qurum üçün yeni inzibati bina, qarajlar, anbarlar tikilmiş, xeyli sayda ehtiyat hissələri, avadanlıqlar, nasoslar, elektrik mühərrikləri tədarük edilmişdir. Komitənin əməkdaşları yüksək dövlət mükafatlarına layiq        görülmüşlər.

            Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış etmişdir. 

            Qeyd olunmuşdur ki, sosial-iqtisadi göstəricilərə görə tarixən aqrar-sənaye ölkəsi kimi formalaşan Azərbaycan Respublikasında, onun ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı iqtisadi fəaliyyətin əsas aparıcı sahələrindən biri olmuşdur. Ona görə də regionda meliorasiya və irriqasiya sistemi ən zəruri sahələrdən birinə çevrilmişdir. Bu sistemin inkişaf mərhələsi ötən əsrin 60-cı illərinin sonundan başlanılmışdır. 1969-1982-ci illərdə ulu    öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi qayğının nəticəsi olaraq əhalinin rahatlığına xidmət edən meliorativ tədbirlər geniş vüsət almış, suvarma sistemləri, kollektor-drenaj şəbəkəsi, nasos stansiyaları və çoxsaylı su anbarlarının tikintisi diqqətdə saxlanılmışdır. Həyata keçirilən bu tədbirlər hesabına böyük həcmdə torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir.

            Bildirilmişdir ki, meliorasiya və su təsərrüfatının növbəti inkişaf mərhələsi də 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli lideri­mizin adı ilə bağlıdır. Görkəmli dövlət xadiminin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə sovet dövründən yarımçıq qalmış obyektlərin tikintisi davam etdirilmiş, müasir meliorasiya və su təsərrüfatı kompleksləri yaradılmışdır. Ölkəmizdə bu sahənin inkişafına ümummilli lider tərəfindən göstərilən diqqət və qayğı hazırda onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Ölkə başçısının bu sahəyə qayğısı sayəsində bir sıra layihələrin icrası başa çatdırılmış, bir neçə layihənin isə həyata keçiril­məsinə start verilmişdir. 

            Qeyd olunmuşdur ki, muxtar respublikada da bu istiqamətdə həyata keçirilən tədbirlər geniş vüsət almışdır. Son illər görülən işlər xüsusilə diqqəti cəlb edir. Belə ki, Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı və Dünya Bankı arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən, muxtar respublikada içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılmışdır. Muxtar respublika rəhbərinin meliorasiya və su təsərrüfatı sahəsinin inkişafına göstərdiyi diqqət və qayğı bu tədbirin də vaxtında və keyfiyyətlə icrasına zəmin yaratmışdır.

            Tədbirdə komitənin Layihə ekspertiza şöbəsinin müdiri Vəli Salmanov, Su ehtiyatlarından və sudan pullu istifadə şöbəsinin müdiri Səttar Nəsirov, komitənin aparıcı məsləhətçi-hüquqşünası Sabir Rzayev çıxış etmişlər. Yubiley münasibətilə komitə əməkdaşlarından bir qrupuna pul mükafatları verilmişdir.

 

- M.MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR