23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyət göstərir. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb.
İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə “NAZ-Lifan” markası ilə istehsal olunan avtomobillər ilk vaxtlar baqaj hissəsi salonda olan (xetçbek) “320” və baqaj bölməsi salondan kənarda yerləşən (sedan) “620” modellərindən ibarət idi. Bu avtomobillər ayrı-ayrı hissələrdən yığılıb sınaq meydançasına çıxarılırdı. Burada 2011-ci ildə yeni “NAZ-Lifan X-60” modelinin istehsalı üçün konveyer xəttində müəyyən dəyişikliklər aparılıb, 2012-ci ilin yanvar ayından etibarən isə “NAZ-Lifan X-60” modelinin kütləvi istehsalına başlanılıb. Həmçinin müəssisəyə təcrübə-sınaq məqsədilə 2012-ci ilin sonunda kiçik partiyada 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələri idxal olunub.
Artıq “NAZ-Lifan” markalı 6 nəfərlik mikroavtobusun “LF-6401” modeli, 800 kiloqram yükgötürən furqonlu avtomobilin “LF-5028” modeli və 800 kiloqram yükgötürən bortlu yük avtomobilinin “LF-1022” modeli satışa çıxarılıb. Məqsəd bazarı öyrənmək və gələcəkdə tələbat olarsa, kütləvi istehsala başlamaqdır. Bu istiqamətdə işlər uğurla davam etdirilib, 2013-cü ilin oktyabr ayında “NAZ-Lifan-620” model avtomobillər avtomatik sürət qutusu ilə təchiz edilərək satışa çıxarılıb. 2014-cü ildən isə “NAZ-Lifan” markalı avtomobillərin “330”, “630” və “720” modellərinin kütləvi istehsalına başlanılıb. Hazırda istər texniki göstəriciləri, istərsə də keyfiyyət baxımından daha komfortlu “NAZ-Lifan” markalı avtomobillərin “NAZ-Lifan X-50”, “NAZ-Lifan-820” modellərinin ilk nümunələrinin istehsalına başlanılıb ki, bu avtomobillər də yaxın vaxtlarda alıcılara təqdim olunacaq.

Texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə 6 modeldə “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edilir. Naxçıvan Avtomobil Zavodu Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir.
İstehsal olunan avtomobillər Nəzarət şöbəsindən keçdikdən sonra satışa buraxılır. Zavod fəaliyyətə başlayan zaman ilkin mərhələdə istehsal prosesi xarici mütəxəssislər tərəfindən aparılırdısa, hazırda bu iş yerli mütəxəssislər tərəfindən həyata keçirilir.
Hazırda istehsal olunan maşınların daha münasib qiymətə istehlakçılara təqdim olunması ilə əlaqədar layihələr hazırlanır. Müəssisədə möhürləmə, qaynaq və boyama sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu isə ban hissələrinin sökülü vəziyyətdə gətirilməklə müəssisədə qaynaq olunmasına imkan verəcək. Hesablamalara görə, 1 konteynerə orta hesabla 6 avtomobil banı yerləşirsə, sökülü vəziyyətdə 150-200 avtomobil banı yerləşir ki, bu da daşınma xərcinin azalması deməkdir. İstehsal olunan avtomobillərin milliləşdirilməsi planlaşdırılır. Bunun üçün avtomobil hissələrinin 51 faizinin ölkəmizdə istehsal olunması şərtdir. Bu məqsədlə avtomobilin müəyyən hissələrinin ölkəmizdə, o cümlədən Naxçıvanda istehsal edilməsi nəzərdə tutulur.
Naxçıvan Avtomobil Zavodunda istehsal olunan minik avtomobillərinin satışı işi də yüksək səviyyədə aparılır. Naxçıvan, Bakı və Xaçmaz şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları yaradılıb. Yaxın vaxtlarda isə Gəncə şəhərində satış mərkəzinin, texniki xidmət şöbələrinin və avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının yaradılması nəzərdə tutulub. Bu, həmin bölgədə və ətraf rayonlarda istismar olunan “NAZ-Lifan” markalı minik avtomobillərinə Bakı şəhərinə getmədən yerində texniki xidmət göstərilməsinə əlverişli şərait yaradacaq. Mühərrik və sürət qutusuna 40 min kilometr və ya 2 il zəmanət verilən avtomobillərin satışı nağd və ya sərfəli kredit şərtləri ilə aparılır.
Xaricdə istehsal olunan avtomobillərdən daha ucuz qiymətə satışa çıxarılan “NAZ-Lifan” markalı minik avtomobillərinə tələbat ildən-ilə artır. Bu isə onu göstərir ki, “NAZ-Lifan” markalı minik avtomobilləri maşın bazarında artıq özünəməxsus yerə malikdir. Sevindirici haldır ki, yerli istehsala önəm verilir, Naxçıvanda ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda “NAZ-Lifan”lardan xidməti avtomobillər kimi istifadə olunur. İstər Sovetlər Birliyi dövründə Böyük Vətən müharibəsində və Çernobıl hadisələrinin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslər, istərsə də Azərbaycan Vətən müharibəsi iştirakçıları dövlət vəsaiti hesabına “NAZ-Lifan-320” markalı minik avtomobilləri ilə təmin edilirlər. Hazırda muxtar respublikamızda, Bakı, Sumqayıt, Gəncə, Neftçala, Xaçmaz və Quba şəhərlərində “NAZ-Lifan” markalı minik avtomobilləri ilə taksi xidməti göstərilir.
Muxtar respublikamızda “NAZ-Lifan” markalı minik avtomobilləri ilə taksi xidməti göstərən sürücülərdən Nəbi Həsənov bizimlə söhbətində qeyd etdi ki, Naxçıvan-Culfa istiqamətində gündəlik olaraq sərnişindaşıma xidməti ilə məşğul oluram. Hər hansı bir avtomobilin keyfiyyətini yoxlamaq, ona zəmanət vermək istəyiriksə, həmin avtomobillə taksi xidməti göstərilsin. Onda həmin avtomobilin keyfiyyəti haqqında söz demək olar. Bu mənada, “NAZ-Lifan” sınaqdan çıxmış avtomobillər sırasındadır. Dörd ildir ki, bu avtomobillə taksi xidməti göstərirəm. 800 min kilometrdən artıq məsafə qət etmişəm. Heç bir problem yaranmayıb. Əvvəllər deyərdilər: xaricdə istehsal olunan avtomobillərin yağını, benzinini tök, sür. İndi bu deyim “NAZ-Lifan” markalı avtomobillərə aiddir. Keyfiyyətinə və rahatlığına söz ola bilməz.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR